10 il sonra Xəzərdə gəmilərin hərəkəti müşkülə çevriləcək

“2050-ci ilə qədər proses davam edəcək, lakin 2050-ci ildən sonra yenidən Xəzərin səviyyəsi qalxacaq”


  Xəzər dənizinin səviyyəsi ildən-ilə azalmağa davam edir.
Mütəxəssislərin fikrincə, azalma bu templə davam edərsə, 10 il sonra Xəzərdə gəmilərin hərəkəti müşkülə çevriləcək.
  Coğrafiya İnstitutunun şöbə müdiri Səid Səfərovun "Xəzər Xəbər"ə açıqlamasına görə, Xəzər dənizi qapalı su hövzəsi olduğu üçün səviyyənin artması və ya azalması, əsasən iqlim dəyişikliyi ilə bağlı olur. Dənizi qidalandıran çayların səviyyəsi də buna birbaşa təsir edir. Şöbə müdiri əlavə edib ki, Kür çayının ölkəmizə daxil olan hissəsindəki səviyyəsi ötən ilə nisbətən 30 faiz çoxdur. Lakin çay Azərbaycana daxil olduqdan sonra sanki buxarlanır.
  Kür çayının səviyyəsinin aşağı olması, eləcə də iqlim dəyişiklikləri Xəzərin səviyyəsinə ciddi təsir edir. S.Səfərov deyir ki, hazırda suyun səviyyəsində 32 sm azalma müşahidə olunur. Azərbaycan ''Xəzər Dəniz Gəmiçiliyi'' QSC-dən isə bildirilib ki, gəmilərin körpülərə maneəsiz yan almasının təmin edilməsi üçün Bakı limanında mütəmadi dib dərinləşdirmə işləri həyata keçirilir.
  Coğrafiya elmlər doktoru, professor Əmir Əliyev isə  “Şərq”ə açıqlamasında deyib ki, Xəzər qapalı su hövzəsi olduğu üçün onun səviyyəsi dənizə daxil olan və gedən sularla əlaqədar dəyişilə bilir: “Gəlir hissəni çay suları, yağıntılar və yeraltı sular təşkil edir. Xaric olunan isə dəniz səthindən buxarlanan və Qaraboğazgöl körfəzinə gedən sulardır. Əgər dənizə daxil olan su çox olarsa, səviyyə qalxır.
  Xəzər dənizində onilliklər ərzində baş verən səviyyə dəyişmələri iqlim dəyişkənliyi, yüz, min illik səviyyə dəyişmələri isə Xəzər hövzəsində baş verən tektonik proseslərlə əlaqədardır. Hazırda gedən enmə prosesi iqlim faktoruna söykənir ki, bu da dənizin su balansı ilə müəyyən edilir. Su balansını təşkil edən elementlərin dəyişmələri Xəzərin səviyyə dəyişmələrini təyin edən əsas amildir.
  Xəzərdən şimalda dənizə su gətirən iki böyük çay - Volqa bütün suların təxminən 80 faizini, Ural isə 5 faizini təşkil edir. Son illərdə Xəzərə gələn çay sularının təxminən 30 faizə qədər azalması və buxarlanmanın artması nəticəsində dənizin səviyyəsi enir. Buna əsas səbəb Xəzərin hövzəsi üzərində atmosfer sirkulyasiyası, siklon və antisiklonlardır”. 
  Son illərdə dənizdə antisiklonik vəziyyət yarandığını vurğulayan professor deyib ki, indi şərqdən daxil olan küləklər quru hava kütləsi yaradır. Bu da buxarlanmanın artmasına şərait yaradır. Əvvəllər isə Atlantik okeanı sahillərindən rütubətli hava kütlələri daxil olurdu. Xəzərin səviyyəsinin 1996-cı ildən bu günə qədər 1.5 metr  aşağı düşdüyünü vurğulamasına rəğmən Ə.Əliyevin proqnozları nikbindir. Onun fikrincə, 2050-ci ilə qədər dənizin səviyyəsi 3 m azalacaq. Lakin 2050-ci ildən sonra yenidən Xəzərin səviyyəsi qalxacaq. Professor bunun aparılan arxeoloji qazıntılar, gəlinən elmi nəticələrə söykəndiyini vurğulayıb: “Azərbaycan ərazisində ən böyük çəkilmələr Abşeron yarımadasının yuxarı hissəsində, Sumqayıt tərəfində müşahidə olunur və davam edəcək. Haradasa 100 m-ə qədər ərazi su altından çıxacaq. Çəkilmənin fəsadları Azərbaycanın cənub ərazilərində Neftçala, Kürçayı, Astaraya qədər olan ərazilərdə də müşahidə ediləcək”.
Bu periodikliyin iqlim dəyişikliyi ilə bağlı olduğunu, əsrlər boyunca yağışlı-quraqlıq iqlimin bir-birini əvəz etdiyini vurğulayan alim hazırda Xəzərin hazırkı səviyyəsinin 1977-ci ildəki ən aşağı səviyyədən 1 metr yüksək olduğunu deyib: “Son 500 ildə dənizin ən minimal səviyyəsi 1977-ci ildə müşahidə olunub.
  1929-cu ildən 1977-ci ilə qədər dəniz səviyyəsi 3 m aşağı düşüb, 1977-ci ildən 1995-ci ilə qədər səviyyə 2,5 m artıb, 1996-cı ildən bu günə qədər 1,5 m aşağı düşüb. Xəzər dənizinin səviyyəsinin dəyişməsi 4 minil müddətində periodikliyə malik olub. Yəni təxminən 200-250 il ərzində səviyyə aşağı düşüb, bir o qədər müddət ərzində də yenidən qalxıb. Gəlinən qənaətə görə, proses 200-250 il davam edəcəksə, dəniz səviyyəsi bugünkündən 3 metrə qədər aşağı düşə bilər. Bu, təxminən 2050-ci illərə qədər baş verəcək. 2050-ci ildən sonra isə Xəzər dənizinin səviyyəsində yenidən artma olacaq ki, bu da periodikliyin qalxma vəziyyətinə uyğun gəlir. Lakin 200-250 illik düşmə dövründə dənizdə qalxmalar da müşahidə oluna bilər ki, bunun təxminən 30 illik dövrdə baş verdiyi müəyyən edilib. Hər 30 ildən bir Xəzərin səviyyəsində 0,5 m-ə qədər qalxma ola bilər. Dənizin səviyyəsinin ən son yüksəlməsi 1995-ci ildə olubsa, təxminən 2032-ci illərdə 0,5 m-ə qədər qalxma mümkündür”.
  Xəzər dənizinin səviyyəsinin enməsinin ciddi bir təhlükə olmadığını vurğulayan professorun sözlərinə görə, Xəzərdəki qalxıb-enmələr sadəcə ətraf ərazilərə, infrastruktura, insanların fəaliyyətinə mənfi təsir göstərir.