İlkin mərhələdə 66 min nəfər yurduna qayıdacaq

Qarabağda 2030-cu ilədək təqribən 150 min iş yeri açılacaq

  Dünən Şamaxıda  “İşğaldan azad olunmuş ərazilərin investisiya cəlbediciliyi” mövzusunda elmi-praktik konfrans keçirilib. Konfrans Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş tədbirlər çərçivəsində Qarabağ iqtisadi rayonunda Prezidentin Səlahiyyətli Nümayəndəsinin ofisi, İqtisadiyyat Nazirliyi və Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə keçirilib.

Konfransda ölkəmizin dövlət qurumlarının, aparıcı elm-təhsil müəssisələrinin mütəxəssisləri iştirak ediblər.
Prezidentin Qarabağ iqtisadi rayonundakı işğaldan azad edilmiş ərazilərdə xüsusi nümayəndəsi Emin Hüseynov “Qarabağ İqtisadi Rayonuna daxil olan ərazilərdə görülən işlər və investisiya imkanları” mövzusunda məruzə ilə çıxış edib. 

  Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki minatəmizləmə ilə bağlı son vəziyyəti dəyərləndirən E.Hüseynov deyib ki, bugünədək Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin 16,4 faizi, o cümlədən Ağdam ərazisinin 27,5 faizi, Füzulinin 24,8 faizi, Tərtərin 16,7 faizi, Xocalının 15,8 faizi və Xocavəndin 5,1 faizi minalardan təmizlənib. 38 726 hektar ərazi, o cümlədən Ağdam ərazisinin 17 597 hektarı, Füzulidə 11 605 ha, Tərtərdə 3 010 ha, Xocalıda 1 511 ha və Xocavənddə 5 004 ha ərazi minalardan təmizlənib. 

  Qarabağ iqtisadi rayonunda 2030-cu ilədək təqribən 150 min iş yerinin açılacağını vurğulayan xüsusi nümayəndənin sözlərinə görə, Ağdam Sənaye Parkında iş yerlərinin gözlənilən sayı 5 min, kənd təsərrüfatı sektorunda 15-17 min, dağ-mədən sənayesində 1,5-2 min, turizm sahəsində 1,5-2 min, KOS sektorunda isə 10-11,5 mindir: “Onu da deyim ki, "Böyük Qayıdış"ın 1-ci mərhələsində 66 min nəfər həmvətənimizin öz evlərinə qayıdacağı gözlənilir. İşğaldan azad olunmuş ərazilərdə bərpa və reabilitasiya prosesini 3 mərhələyə bölmək olar. 1-ci mərhələ 2022-2026-cı illəri, 2-ci 2030-cu ilədək dövrü, 3-cü mərhələ isə 2040-cı ilədək dövrü əhatə edir. 1-ci mərhələdə əsas məqsədlər Füzuli və Ağdamda iki şəhər mərkəzinin və 32 kəndin yenidən qurulmasından, həmçinin Hadrut, Suqovuşan və Tuğda turizmin inkişafından ibarətdir. Artıq Ağdam və Füzuli şəhərlərinin, Suqovuşan və Hadrut qəsəbələrinin baş planları hazırdır. Ağdam və Füzuli şəhərlərinin baş planları Nazirlər Kabineti tərəfindən təsdiq olunub”.

  E.Hüseynovun sözlərinə görə, digər regionlarla da bağlı layihələndirmə işlərinə başlanılıb: “Qarabağ İqtisadi rayonunun digər bölgələrində də bu proses gedir. Rəylər toplanır və artıq ümumi fikir bəllidir”.

  Konfrans zamanı xüsusi nümayəndə qeyd edib ki, Qarabağın ciddi şəkildə çirklənmiş ərazilərində müəyyən dəhlizlər açılmalıdır: "Böyük Qayıdış"a dair I Dövlət Proqramında nəzərdə tutulan 5 mərhələ üzrə işlər paralel görülür. Onlardan biri ümumi və baş planların layihələndirilməsi, ikincisi, minatəmizləmə fəaliyyəti, baza infrastrukturunun yaradılması, sosial-ictimai-iqtisadi infrastrukturun tammiqyaslı yenidən qurulması və nəhayət, böyük qayıdışın təmin olunmasıdır. Göründüyü kimi, ilk növbədə planlaşdırma olmalıdır". Onun sözlərinə görə, təkcə quruculuqla bağlı deyil, hətta minatəmizləmənin də planlaşdırmasının olması vacibdir: "Daha sonra ciddi şəkildə çirklənmiş ərazilərdə müəyyən dəhlizlər açılmalıdır ki, bərpa prosesi baş versin. Bu dəhlizlər açıldıqdan sonra yol, qaz, işıq, su, rabitə kimi baza infrastrukturları təmin olunmalıdır. Daha sonra isə məktəb, xəstəxana, inzibati binalar, yaşayış evləri kimi sosial infrastrukturlar hazır olmalıdır. Və nəhayət, böyük qayıdış baş verməlidir. Bütün bunlar əslində ardıcıl deyil, eyni zamanda baş verir. Yəni hər bir mərhələ üzrə fasiləsiz iş gedir. Hamısında eyni mərhələdə deyil. Daha erkən başlamış ərazilər var və onlar daha da qabaqdadır".

  Hazırda Qarabağ İqtisadi Rayonu ərazisində ümumi uzunluğu 513 km olan 10 avtomobil yolu layihəsinin həyata keçirildiyini vurğulayan E.Hüseynov konfransdakı çıxışı zamanı deyib ki, qeyd edilən regionda  dəmir yolu layihəsi də reallaşdırılır: “Həmçinin 157,5 km uzunluğunda iki dəmiryolu layihəsi də reallaşdırılır. Onlar Bərdə-Ağdam və Horadiz-Ağbənd dəmiryolu layihələridir.

  Zəngilan və Füzulidə hava limanları inşa edilib. Həqiqətən də, möcüzə idi ki, 8 ay ərzində mina ilə çox çirklənmiş ərazilər təmizlənsin və beynəlxalq standartlara uyğun hava limanı inşa olunsun".
  E.Hüseynov Qarabağda enerji və su infrastrukturun bərpası məsələsinə toxunaraq bildirib ki, Suqovuşanda iki su elektrik stansiyası tam bərpa olunub və fəaliyyət göstərir: "Qarabağ İqtisadi Rayonunda 35 və 110 kVt-luq 7 yarımstansiya inşa edilib. Rayon ərazisində 5 su anbarı var ki, onlardan da iki magistral su kanalı çıxır. Hazırda onların hamısının üzərində qrafiki qabaqlamaqla təmir-bərpa işləri gedir".

  Konfrans zamanı “İşğaldan azad edilmiş ərazilərdə məskunlaşacaq məcburi köçkünlərin məşğulluq məsələləri”nə dair məruzə edən Qaçqınların və Məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev isə deyib ki, Şuşadan olan keçmiş məcburi köçkünlərin 95 faizi bərpadan sonra doğma şəhərlərinə qayıdacaqlar. Onlar bununla bağlı öz mövqelərini bildiriblər və qayıdışa hazır olduqlarını söyləyiblər. O deyib ki, işğaldan azad olunan ərazilərin inkişafı və buraya köçəcək insanların təhlükəsizliyi ən vacib məsələlərdəndir.

  R.Rzayev bildirib ki, keçmiş məcburi köçkünlərin öz torpaqlarına qayıdışı üçün bütün zəruri işlər görülür: "Hazırda bizim ən böyük problemimiz minalardır. İnanırıq ki, tez bir zamanda bunun da öhdəsindən birlikdə gələ biləcəyik”.