Bu gün hər daşın altından İrana işləyən adamlar çıxır

Azərbaycanda casus şəbəkəsinin yaradılması 3-5 ilin işi deyil 


  Son dövrlər Azərbaycanın xüsusi xidmət orqanları ölkə daxilində başqa dövlətlərin kəşfiyyat xidmətləri ilə əməkdaşlığa cəlb olunaraq dövlət əleyhinə casusluq fəaliyyəti il məşğul olanların ifşası ilə bağlı ciddi proses başladılıb. Təhlükə təsəvvür etdiyimizdən belə daha ciddiymiş. İran tərəfindən yaradılan casus şəbəkəsi Azərbaycan cəmiyyətində kifayət qədər təhlükə yaradacaq bir səviyyəyə gəlib çıxıb. Onunla bağlı başladılan proses və İran xüsusi xidmət orqanlarının ələ aldığı, agenturaya cəlb etdiyi şəxslərlə İranda təhsil almaq adı altında ora aparılan şəxslərin əksəriyyəti bu ölkənin agentura şəbəkəsinə cəlb olunub. Bundan başqa, İranla bu və digər formada əlaqəli olan şəxsləri də bu prosesə qoşublar. İran tərəfində də belə bir arxayınlıq yaranmışdı ki, artıq onun kəşfiyyat orqanlarına cəlb olunan agentlərin sayı və imkanları kifayət qədər ciddidir. Guya onlar Azərbaycan daxilində istənilən terror hadisəsini, dövlət əleyhinə fəaliyyəti göstərə bilərlər. 

  Bu günlərdə İran xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən daha bir neçə nəfər saxlanılıb. Bir daha aydın olur ki, İran illərdir din pərdəsi altında inanclı şəxsləri cəlb edərək şəbəkə yaradıb və Azərbaycan əleyhinə iş aparır. Dünyəviliyə qarşı yönələn bu təbliğatı aparmaq üçün seçilən şəxslər də əksər vaxtlarda gənclərdir. Bu gənclər müxtəlif yollarla əməkdaşlığa cəlb edilərək, İran təbliğat maşınının qurbanına çevrilir, öz xalqına qarşı məqsədyönlü fəaliyyətə yönləndirilir.

  Milli Məclisin İnsan hüquqları Komitəsinin sədri Zahid Oruc deyib ki, İranın casus şəbəkəsi yalnız iradəsi zəif olan dini inanclı düşərgə və mərasim zallarında deyil, başqa sahələrdə də dərin kök atıblar. Mühüm maliyyə-iqtisadi sferasında da İran xüsusi xidmət orqanlarına bağlı olanlar var. Normal münasibətlər dövründə iranlı iş adamları ölkəmizin iqtisadi, maliyyə və bank sisteminin müxtəlif həlqələrinə nüfuz ediblər. Qonşu ölkədə hakimiyyətin nəzarətində olan, dövriyyəsi milyon dolları keçən biznes şirkətlərinin ölkəmizdə kök salan nümayəndələri ETTEELAT-ın, SEPAH-ın bir parçasıdır.
  Millət vəkili İranın Azərbaycandakı casus şəbəkəsinin tamamilə çökdürülməsinin vacibliyindən də danışıb: "Əgər ölkəmizi casuslardan təmizləməsək, daxili cəbhələr artacaq. Biət edənlərin sayı minlərlə deyil, lakin təcrid olunmasalar, təhlükə böyüyəcək. Çünki casusluğa cəlb olunanlar gec partlayan minalara bənzəyir. İşimiz təkcə azad torpaqları minasızlaşdırmaq deyil. Biz qalib dövlətdən qalib vətəndaşa çevrilməliyik".

  Z.Oruc vurğulayıb ki, Azərbaycanda heç zaman yaşıl bayraqlı dövlət olmayacaq: "Dünyəvilik bizim mövcudluq formamızdır. Müstəqillik qanımıza, canımıza, ruhumuza keçib. Əsrlərlə bu torpaqları ələ keçirən imperiyalar dağılıb, lakin dünya xəritəsində Azərbaycan adlı dövlət yaşayır və qalib gəlir. Ona görə də ölkəmizin İrana qarşı 3-cü ölkələrdən hərbi-siyasi yardım istəyəcəyini gözləməsinlər".

  Sosioloq Əhməd Qəşəmoğlu isə “Şərq”ə açıqlamasında deyib ki, başqa dövlətlər tərəfindən ələ alınan vətəndaşların sayının bu qədər çox olmasının əsas səbəbi qloballaşma ilə bağlıdır: "Qloballaşma ölkələrin bir-birinə müdaxilə imkanlarını genişləndirib. Həm texnologiyaların yaratdığı imkanlar sayəsində dünyanın istənilən ölkəsində yaşayan əcnəbilərlə əlaqə qurub, onların təsiri altına düşmək olur. Eyni zamanda gediş-gəliş, turizm imkanları da  insanları bir-birinə yaxınlaşdırıb. 
  Digər səbəb isə dünyada gedən siyasi proseslərdir. Geosiyasət artıq elə bir vəziyyətə çatıb ki, hər bir ölkənin  digər ölkəylə bağlı bir marağı var. 
Xüsusən də dünyada güc sahibi olmaq istəyən böyük dövlətlər maraqları olan ölkələrdə özlərinin casus şəbəkəsini formalaşdırmaq istəyir. 
  Azərbaycanda isə təkcə İranın yox, bir çox ölkələrin marağı var. Yuxarıda da qeyd etdiyim kimi, dünyanın hər yerində casuslar fəaliyyət göstərir. Hətta bir-biriylə qardaş olan ölkələrdə belə bu cür şəbəkələr fəaliyyət göstərir. Sadəcə olaraq məqsəd məsələsi var.
Gəlin etiraf edək ki, İranın xüsusi xidmət orqanlarının Azərbaycan ərazisində məzhəbçilik bayrağı altında casus şəbəkəsi yaratması 3-5 ilin işi deyil. İranın islam dinindən öz maraqları üçün qonşu dövlətlərin ərazisində istifadə etməsi də bizim üçün təəccüblü deyil. 
İran illərdir bu şəbəkəni qurub və bunu hüquq-mühafizə və təhlükəsizlik orqanları da daxil bütün qurumlar bilirdi. Sadəcə, İran ötən illər ərzində bu şəbəkələrin xidmətindən istifadə etmədiyi üçün Azərbaycan dövləti  onlara qarşı mübarizəni labüd hesab etmirdi. 
Lakin 44 günlük müharibədən sonra Azərbaycan-İran arasındakı münasibətlərin gərginləşməsi fonunda İran  illərdir gözləmə mövqeyində saxladığı casus şəbəkəsini aktivləşdirməyə başladı. Azərbaycan dövləti də casus şəbəkəsinin ifşa edilməsi və ölkəmizə qarşı təhdidlərin aradan qaldırılması istiqamətində ciddi tədbirlər görür.
  Amma çox təəssüf  ki, illərlə bu sahədəki xəbərdarlıqlarım, çıxışlarımdan nəticə çıxaran olmadı. 30 il əvvəldən profilaktik tədbirlər görməli, milli-mənəvi dəyərlərimizə bağlı gənclər yetişdirməli idik ki, bu gün hər  daşın altından İrana işləyən adam çıxmasın. Halbuki əksəriyyətinin heç İranın Azərbaycana qarşı olan xain planlarından xəbəri yoxdur. Onlar öz aləmlərində İranı islam dininin qoruyucusu kimi gördüklərindən onların maraqlarını müdafiə edirlər.   
İllərdir gündəmə daşıdığımız problemləri aradan qaldırmaq üçün əməli iş görməyin vaxtıdır. Əgər müşahidə etdiyimiz boşluğu vaxtında doldurmazsaq, təhlükəli tendensiya davam edəcək. Təhsil sistemində şagirdlərə normal dini bilgilər vermək mümkündür. 
Orta məktəblərdə ziyalılar, şairlər, ictimaiyyət nümayəndələri ilə görüş keçirilməli, milli-mənəvi dəyərlərimiz, dövlətçilik tariximiz aşılanmalıdır. Öz dəyərlərindən xəbərsiz olan gənclik öz casus şəbəkəsini qurmaq istəyən dövlətlər üçün “göydəndüşmə agentdir”.