"Azersky"ın çökməsində İran və Fransa izi...” - Ciddi mətləb!

Osman Gündüz:“Burada mütləq şəkildə peykimizə qarşı  kiberhücum faktoru üzərində də işləmək lazımdır”

“Xüsusən də nəzərə alsaq ki, kosmik resurslara malik olan  Fransa və İranla münasibətlərimiz xeyli gərginləşib, istehsalçı ölkə də Fransa şirkətidir”


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin ("Azərkosmos") istismar etdiyi "Azersky" – Yerin məsafədən müşahidə peyki dizayn edilmiş istismar müddətindən 1 il daha tez, yəni fəaliyyətinin 9-cu ilində missiyasını başa çatdırıb.  Peyklə məlumat mübadiləsi dayanıb. "Azərkosmos" və peykin istehsalçısı əlaqənin bərpa olunması istiqamətində tədbirlər görsə də, bu, mümkün olmayıb.

ABŞ-ın Kosmik Müşahidə Şəbəkəsindən (U.S. Space Surveillance Network) alınan məlumata görə, “Azersky” peyki öz nəzərdə tutulan orbitində uçmağa davam edir. Hazırda peyk ilə məlumat mübadiləsinin dayanmasına mümkün səbəb kimi kiçik ölçülü kosmik tullantı və ya meteorit ilə toqquşma ehtimal olunur. Belə ki, toqquşma nəticəsində peykin enerji təchizatı sıradan çıxmış ola bilər. 

Bildirilib ki, “Azersky” peyki 45 milyon manat məbləğində sığortalanıb və artıq sığorta məbləğinin alınması işlərinə başlanılıb:
“Orbitdə olduğu müddətdə “Azersky” peykindən yarım petabayt həcmində, 80 mindən çox peyk təsviri yüklənib. “Azersky” peykinin kommersiya fəaliyyətinə başladığı tarixdən indiyədək 105 milyon manat gəlir əldə olunub. Həmçinin, müxtəlif dövlət orqan və qurumlarına əlavə olaraq 150 milyon manat dəyərində peyk təsvirləri verilib. Beləliklə, peykdən əldə edilən iqtisadi fayda qoyulmuş investisiyadan 1,5 dəfə çox olub”.

Azersky-da nə baş verib, kiber hücum, yoxsa meteoritlə toqquşma?

Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüzün “Şərq”ə açıqlamasına görə, 2014-cü ildə orbitə qaldırılan peykin istismar müddətinin başa çatmasına bir il qalmışdı və gözlənilirdi ki, onun resursları aktiv fəakiyyət üçün  daha bir-iki il də yetərli olacaq:

“Lakin “Azersky” peykimiz fəaliyyətini vaxtından tez bitirib və istehsalçı şirkət olan Fransanın “Airbus Defence and Space” ilə birgə çalışsalar da  “AzərSky” ilə rabitə qurmaq mümkün olmayıb. Baş verənlər yetərincə düşündürücü və çox ciddi bir hadisədir. “AzerSky” yerin müşahidəsi baxımından, həmçinin açıq desək kəşfiyyat baxımından da  Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edirdi.

Xatırlayıram ki, Prezident məhz bu peykin 44 günlük Vətən müharibəsində xüsusi  əhəmiyyətini vurğulamışdı. Həm də bu peyk ölkəmizə yetərincə valyuta gətirir, təxmini hesablamaq olar ki, yaxın iki ilə daha 20 milyon da xeyir verə bilərdi.
Azərkosmos bu peykən alınan resurslarla ölkəyə xeyli valyuta gətirmişdi. Bunun istismarı  ətrafında Azərbaycanda  nəhəg bir infrastruktur formalaşmışdı.

Azərkosmos ehtimal olaraq müşahidə peykimizin   meteorit və ya hansısa göy cisimləri ilə toqquşma versiyasını irəli sürüb. Əlbəttə, ilk ağlagələn bu ola bilər. Başqa kosmos ölkələrində də bu tip hadisələr olub.

Yeri gəlmişkən, Azərkosmosun kömək üçün müraciət etdiyi Amerikanın kosmik qurumları peykin öz orbitində fırlanmaqda davam etdiyini bildirib . Amma peyklə hansısa əlaqələr qurmaq mümkün olmayıb”.

Ekspertin sözlərinə görə,  burada mütləq şəkildə peykimizə qarşı  kiberhücum faktoru üzərində də işləmək lazımdır:

 “Xüsusən də nəzərə alsaq ki, kosmik resurslara malik olan  Fransa və İranla münasibətlərimiz xeyli gərginləşib, istehsalçı ölkə də Fransa şirkətidir. Eyni zamanda bu resurslara sahib olan Rusiya faktorunu nəzərdən qaçıqmaq olmaz. Ermənistan da yenicə dünya  peyk ailəsinə qoşulub. Eyni zamanda, güman ki Fransa artıq baş verənlərdən anlamamış deyil ki, Azərbaycan növbəti peyk istehsalında bu ölkəni tərəfdaş olaraq nəzərdə tutmur.

Bütün bunlar düşünməyə əsas verir ki, Azərbaycanı istəməyən qüvvələr “AzerSky” peykimizə qarşı kiberhücum da təşkil edə bilərdi. İstənilən halda, səlahiyyətli qurumlar,  kəşfiyyat qurumlarımızın mütləq olaraq kiberhücum  araşdırması məntiqli və doğru olardı. Baş verənlər müharibə labüd olan  Azərbaycanın milli maraqları baxımından olduqca ciddidir, milli təhlükəsizlik məsələsidir”.