Ağstafadan Bakıya qaçan atlet:“ “Ginnesin Rekordlar Kitabı"na düşüm...” - FOTO

Ağstafanın Səməd Vurğun qəsəbəsinin sakini, 34 yaşlı atlet Ağa Qəzənfər oğlu Əliyev rayondan Bakı şəhərinə qədər 466 kilometr məsafəni qət etməklə rekorda imza atmağı düşünür. O, bu yürüşünü Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edib.

Dörd gündür ki, yolda olan atlet artıq Bakıya çatmaq üzrədir. 

Ağa yürüşə davam edərkən “Sherg.az”la həm söhbət olub.

Qısa müsahibəmizi təqdim edirik:

- Əvvəla özünüz haqda oxucularımıza məlumat verərdiniz...

 - Ağstafa rayon Səməd Vurğun qəsəbəsinin sakiniyəm. Vurğun qəsəbəsində Dost MMC-də sosial işçi kimi fəaliyyət göstərirəm. 20 ildən çoxdur, atletika ilə məşğulam. Respublika üzrə ikinci yerdəyəm. İdman üzrə nailiyyətim var. Bakı marafonunun iştirakçısıyam. Türkiyədə keçirilən 42 kilometrlik İstanbul marafonunda Azərbaycan üzrə ikinci olmuşam. Türkiyədən də 100-lüyə düşmüşəm. 

- Necə oldu ki, yürüşə başlamaq qərarı verdiniz?

- Heydər Əliyevin 95 illiyində də bu təşəbbüsü etmək istəyirdim, lakin icazə vermədilər. Mən də cənab Prezidentə müraciət etdim, sağ olsun, buna əsasən Atletika Federasiyasına göstəriş verildi. Rəhbərlik Cavid Qurbanovun əmrinə uyğun bu yürüş həyata keçirilir.

- İndi haradasınız?

- Hazırda Hacıqabul yolundayam. Dörd gündür, yoldayam. Planlaşdırmışam ki, yürüşün beşinci günündə Bakıya çatacam. Dediyim kimi olsa, sabah  8-də Bakıya çatacağam. Allah verdiyi gücdür ki, gənclərə bir örnək kimi edirəm. Nə etmək lazımdırsa, bunu gənclikdə həyata keçirməlisən. Əziyyət çəkməlisən.

- Harada gecələyirsiniz, qidalanmanı necə həll edirsiniz?

- Qidalanma, hotel xərcləri dövlət tərəfindən qarşılanır. Təcili Tibbi Yardım maşını, polis də yolboyu mənə nəzarət edir. Nəqliyyatdan istifadə etməmişəm. Federasiya nümayəndələri, Leyla Şıxlinskaya klinikasının əməkdaşları məni müşayiət edirlər. Ağstafadan Bakıya qədər mənimlə irəliləyirlər. Bu vaxta qədər səhhətimdə heç bir problem yaranmayıb.
Məndən olsa, gecə də davam edərdim. Lakin 5 gün vaxt verilib. Özümü yormaq istəmirəm ki, Bakı marafonunda da iştirak edim. Yoxsa bu yolu 3-4 günə qət edə bilərəm. 

-Bu addımınızı ailəniz necə qarşıladı?

-Ailəm çox gözəl qarşıladı. Bilirlər ki, 20 ildir, ömrümü bu idman növünə həsr etmişəm. Gənclərə bir nümunədir.
Ataların bir sözü var:-İgid ölər, adı qalar. Var-dövlət boş şeydir. Hacı Zeynalabdin Tağıyev demiş, adama ad qalacaq. 
Mənə nazirlikdən, federasiyadan bildirildi ki, respublikada belə bir rekord olmayıb.

-Başqa hansı planlarınız var?

-Şəhidlərimizin əziz xatirəsini yad etmək məqsədilə noyabr ayında Ağstafadan Şuşaya piyada getmək istəyirəm. Ağstafadan ora qədər 350 kilometrlik yoldur. Haradasa 3 günə yolu qət etməyi nəzərdə tuturam. Qardaş Türkiyənin 100 illik yubileyi münasibətilə cənab Prezidentimiz icazə versə, ora qədər də getmək istəyirəm. Haradasa Azərbaycandan Türkiyəyə 2200 kilometrdir. Fikirləşirəm ki, Ginnesin Rekordlar Kitabına da Azərbaycandan çox məsafəli qaçış üzrə adımı yazdırım. 

Qaçan olub, 1070 kilometri qət edib. Mən isə 1071 kilometr getsəm, Azərbaycan bayrağını rekordlar kitabına saldıraram.