“Prezident Azərbaycanın inkişaf strategiyasını xalqa açıqladı”

Prezident İlham Əliyevin ötən gün Şuşadakı çıxışında bir çox məqamlara toxundu. Ali Baş Komandan ölkəmizin inkişaf yolundan bəhs etdi. 

Onun Ulu Öndər Heydər Əliyevin ad günündəki nitqi sanki həm xalqın, həm də Ümummilli Liderin qarşısında hesabat idi.
Ölkə başçısı qeyd edib:

“Qarabağı azad görmək Heydər Əliyevin və bütün dünya azərbaycanlılarının əsas arzusu idi. Biz bu arzunu, Azərbaycan xalqının arzusunu yerinə yetirdik. 2020-ci il 8 noyabr tarixdə əbədi qalacaq. O gün mənə, bax, bu meydandan Şuşanın azadlığı ilə bağlı hərbi raport veriləndən sonra, bu binanın üstünə Bayrağımız qaldırılandan sonra atamın məzarını ziyarət etdim və ürəyimdə dedim ki, “Tapşırıq yerinə yetirildi. 

Məruzə edir Ali Baş Komandan İlham Əliyev!”. Ondan sonra Şəhidlər xiyabanını ziyarət etdim, şəhidlərimizin ruhu qarşısında baş əydim, ürəyimdə dedim ki, qanınız yerdə qalmadı. 

Bu gün Ulu Öndərin əziz xatirəsinə hörmət edərək biz, bax, bu Zəfərə, bu Qələbəyə hər zaman layiq olmalıyıq, hər birimiz, hər bir yerdə. Bu Zəfər, eyni zamanda, hər birimizin üzərinə əlavə məsuliyyət qoyur. Biz bu Zəfərə layiq olmalıyıq. Əminəm ki, belə də olacaq”.

Millət vəkili Asim Mollazadə “Sherg.az”a açıqlamasında bildirib ki, ölkə başçısı Azərbaycanın inkişaf strategiyası ilə bağlı ciddi açıqlamalar verib:

“Prezidentin çıxışını çox yüksək qiymətləndirirəm. Müraciətində Ulu Öndərin işinin davamı və Azərbaycanın inkişaf strategiyasını xalqa açıqladı. Prezident görülən işlərlə bağlı, bu işlərin Azərbaycan dövlətinin güclənməyinə, millətimizin Qarabağa qayıdışı üçün həyata keçirilən islahatlarla bağlı mühüm açıqlamalar verdi. 

Mənə elə gəlir ki, bu, Azərbaycanın inkişaf yoludur, strategiyasıdır. Prezident bu istiqamətdə işləri uğurla davam etdirir”.