Qeyri-sabit hava şəraiti turizmi də məhv edib: FORS-MAJOR HAL

Evdən çıxırsan, başına nə gələ biləcəyini təxmin edə bilmirsən. Ona görə də ən rahat, optimal yol sığortalanmaqdır

 “Bu, həm turizm sektoruna, şirkətlərə aiddir, çünki qonaqları itirməklə ziyana düşürlər, həm də səyahət edənlərə, istirahət etmək məqsədilə səfərə çıxanlara”

Havaların  qeyri-sabit keçməsi bölgələrdə istirahətə can atanların yolunu kəsdi. İsmayıllı, Qəbələ, Masallı, Lənkəran, Goranboyda sel, daşqın fəsadlar törətdi, yollar  keçilməz oldu. İstirahət həvəsiylə yola çıxanlar üçün belə şərait əsl xəyal qırıqlığıdır.  Havanın mövsümə uyğun xarakterli olmamasının turizm sektoruna mənfi təsir etdiyi bildirilir.

  Məsələ ilə bağlı Dövlət Turizm Agentliyinin Media və ictimaiyyətlə əlaqələr sektorunun rəhbəri Gülnar Mustafayeva Trend-ə açıqlamasında bildirib ki, yay aylarında havanın qeyri-sabit keçməsi qabaqcadan planlaşdırılmış turistik səfərlərin təxirə salınmasına və  turizm xidmətlərindən tam və dolğun istifadəyə mane ola bilir. "Bununla belə, bayram günlərində daxili turistik səfərlərdə canlanma müşahidə edilib. Bölgələrdəki qeyri-sabit hava şəraiti ilə bağlı turizm infrastrukturlarına dəymiş zərərlə bağlı hər hansı məlumat daxil olmayıb",- deyə o qeyd edib.

İqtisadçı Fuad İbrahimov “Şərq”ə açıqlamasında həm turizm sektoru, həm də səyahət edənlərin qeyri-sabit hava şəraitindən ziyansız ötüşmələri üçün asan yol olduğunu bildirdi: 

- Qeyri-sabit hava şəraiti fos-major haldır. Belə şəraitdə hər hansı ziyandan qurtulmağın yolu sığortalanmaqdır.  Bu, həm turizm sektoruna, şirkətlərə aiddir, çünki qonaqları itirməklə ziyana düşürlər, həm də səyahət edənlərə, istirahət etmək məqsədilə səfərə çıxanlara. Baxın, insanlarımız kifayət qədər vəsait xərcləyir, hansısa bölgəyə səfər edib təbiət qoynunda dincəlmək üçün pula, necə deyərlər, xəsislik etmir, amma həyatını və xərcləyəcəyi pulları sığortalamağı düşünmür. Halbuki, sığortalanmaq mümkün zərərlərdən xilas olmağın yeganə və asan yoludur. 

Bu da reallıqdır ki, bizdə sığorta sektoru lazımi səviyyədə inkişaf etməyib, insanlarımızın sığorta haqqında məlumatları da səthidir, sığorta ənənəsi kifayət qədər formalaşmayıb. Amma artıq reallıqları qəbul etməliyik. Son illərdə ümumiyyətlə dünyada fos-major hallar artmaqdadır. Bu, həm iqlim şəraiti ilə bağlıdır, həm də siyasi-ictimai durumla. Fos-major hallar dedikdə təkcə qeyri-sabit hava şəraiti, qəfil iqlim dəyişiklikləri nəzərdə tutulmur, həm də baş verə biləcək gözlənilməz qəzalar, xəsarətlər, eləcə də müharibə şəraitinin yatardığı reallıqlar da bura daxildir. Evdən çıxırsan, başına nə gələ biləcəyini təxmin edə bilmirsən. Ona görə də ən rahat, optimal yol sığortalanmaqdır. Özünü də sığortala, pulunu da. Mən dəfələrlə dünya səyahətinə çıxmışam. Kruiz səfərlərim olub. Hər dəfə də sığorta üçün müəyyən məbləğ ayırmışam. Düzdü, bu, elə də kiçik rəqəm olmayıb. Amma bizim əhali turistik səfərlərə xərclədiyi pulun heç yüzdə birini də sığortaya xərcləmək istəmir. Hətta, qeyri-sabit hava şəraitini bir kənara qoysaq, başqa vacib bir işin ortaya çıxmasıyla, tur-səyahətə getmək ləğv oluma bilər. Tur-paketlərdə müəyyən müddət göstərilir, hansı vaxtadək səyahətdən imtina etmək olar. Belə olduqda ödənilmiş vəsait geri qaytarılır. Lakin bəzən geri qaytarmada problemlər yaranır, vaxtında qaytara bilmirsən, deyirlər, gec bildirmisiniz, ödənilən vəsait batır, ya da müəyyən hissəsi geri qaytarılır. Hər cür vəziyyət yarana bilər. Bunları nəzərə alaraq bəri başdan sığortalanmaq ən doğru variantdır.