Ən təhlükəsiz yol Ağdam-Xankəndi yoludur  - Akif Nağı

Babayan və Paşinyan bu yolun açılmasına çalışır, Vardanyan isə yox

  Qarabağ erməniləri kəskin ərzaq çatışmazlığı şəraitində yaşasalar da, Azərbaycanın Ağdamdan keçərək humanitar yardım göstərilməsinə dair təklifinə etiraz aksiyası ilə cavab veriblər. Müdafiə Nazirliyinin xəbərinə görə, qanunsuz erməni silahlı dəstələrinin Ağdam istiqamətində ordumuzun mövqeləri qarşısında uzunmüddətli fortifikasiya qurğuları quraşdırmaq cəhdinin qarşısı alınıb. Bu məlumat separatçıların Ağdam istiqamətində təxribat hazırlığını təsdiq edir.  “Mülki əhalinin etirazı” adı altında Ağdam marşrutunu bloklamaq məqsədilə barrikadalar qururlar və bununla Xankəndiyə ərzağın Azərbaycan tərəfindən göndərilməsi perspektivinin qarşısını alırlar.
  Ermənistanın “Hraparak” nəşrinin xəbərində isə qeyd olunub ki,  Xankəndidə bütün zəruri ərzaq və digər məhsulların çatdırılması üçün Azərbaycanın humanist təklifini – Ağdamdan tədarükün mümkünlüyünü qəbul etmək istəyənlərin sayı artır. Nəşr qeyd edib ki, Ağdamdan məhsul tədarükünün, başqa sözlə, Azərbaycana inteqrasiyanın erməni icmasının Xankəndi və ətrafında qalıb yaşaması üçün yeganə çıxış yolu olduğunu bildirənlərin önündə separatçı-terrorçu ermənilərin keçmiş “təhlükəsizlik şurası katibi”, əli mülki azərbaycanlıların qanına batan Samvel Babayan və onun “Vahid Vətən” adlı qondarma partiyası dayanır.
  Qeyd edək ki, S.Babayan bir müddət öncə həbs olunsa da, ürəyində yaranan problem səbəbindən xəstəxanaya yerləşdirilmişdi. Daha sonra “məhkəmə” onun azad olunmasına qərar vermişdi və hazırda onun müalicəsi xəstəxanada davam edir.
  Erməni politoloq Qrant-Melik Şahnazaryan isə mövzu ilə bağlı açıqlamasında Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin  Brüsseldə üçtərəfli görüşdən sonra verdiyi bəyanatı xatırladıb: “Burada o, İlham Əliyevin Qarabağa Ağdam vasitəsilə humanitar yardım göndərməyə hazır olmasını alqışlayır. Əslində, bəyanat danışıqlarda iştirak edən tərəflərlə razılaşdırılıb. Daha doğrusu, Paşinyan sadəcə oturub və onların Əliyevin Qarabağa kömək əli uzatmağa hazır olmasını necə alqışlamalarına qulaq asıb”. 
  Müstəqil jurnalist Asəf Quliyev isə “Ağdam yolu ilə humanitar yardım almaq istəyən  ermənilər kimlərdir ?” başlıqlı sosial media paylaşımında bildirib ki, Qarabağ erməniləri arasında iki qütbə bölünmüş qruplar arasında uçurum dərinləşir. Bir qrup Azərbaycanın hər hansı bir yardımını qətiyyətlə rədd edir, digər qrup isə Azərbaycandan humanitar yardım alınmasını məqbul hesab edir: “Hazırda Xankəndidə Ağdam yolu ilə Qarabağ erməıniləri üçün humanitar yardımların gətirilməsini qəbul edən qüvvələr var. Və bu qüvvələrə Samvel Babayan rəhbərlik edir. Lakin Samvel Babayanın əlində heç bir inzibati resurs yoxdur və onun tərəfdarları kifayət qədər zəif təsir bağışlayır. Qeyd edək ki, Samvel Babayan Ermənistanın Baş naziri Nikol Paşinyana bağlı fiqurdur. Beləliklə hazırda Qarabağda mövcud olan hər iki qrup öz siyasi maraqları çərçivəsindən çıxış edir. Samvel Babayan Baş nazir Nikol Paşinyanın Ermənistanın Qərbə tərəf gedən yolunu açmağa çalışır, Kremlin sifarişlərini yerinə yetirən Ruben Vardanyan isə  Rusiyanın bölgədə qalmasını təmin etmək üçün şəraitin uzadılmasına çalışır.
Qarabağ ermənilərinin taleyi isə havadan asılı qalıb”.

  Azad Vətən Partiyasının sədri  Akif Nağı isə “Sherg.az”a açıqlamasında deyib ki,  bu məsələdə Azərbaycanın tələbləri  birmənalı olaraq  nəzərə alınmalıdır:  “Azərbaycan öz ərazisinin bir nöqtəsindən digərinə necə, hansı yolla gedəcəyini özü bilər. Heç bir dövlətin buna etiraz  etmək haqqı yoxdur.  Düzdür, Aİ-nin mövqeyinə görə, Laçın dəhlizi açılmalıdır.  Şarl Mişel qeyd etdi ki, istənilən təklifdən Laçına alternativ kimi yox, əlavə kimi istifadə olunmalıdır.  Ortaq məxrəcə gəlmək üçün  onların da təkliflərini nəzərə almaq olar, amma dediyim kimi, son söz Azərbaycan dövlətinindir.  Əsas məsələ odur ki, beynəlxalq təşkilatlar da bizim mövqeyimizin düzgün olduğunu başa düşürlər. Ermənistan isə qanunsuz şəkildə torpaqlarımızda yaşadıqları azmış kimi   Əsgəran-Ağdam yolunu beton bloklarla bağlayaraq – “Ölüm yolu” plakatı qaldırırlar. Bütün bunların hamısı mənasız etirazdır”. 

A.Nağının sözlərinə görə, Ağdam-Xankəndi yolu ilə humanitar missiyanı reallaşdırmaq tamamilə mümkündür. Həm məsafə daha yaxındır, həm də daha təhlükəsizdir. Ermənilər vaxtaşırı olaraq Laçın yolunda hərbi-siyasi  təxribatlar  törədirdilər:

 “Ağdamda dəmiryolu xətti çəkilib və artıq istifadəyə hazırdır.  Çox asanlıqla göndərilən yardımlar  Ağdama qədər qatarla gəlib, oradan da maşınla Xankəndiyə çatdırıla bilər.  Sovet dövründə də bütün daşımalar bu  yolla baş tuturdu. İndi isə  söhbət həmin yolun bərpasından  gedir. Əgər rəsmi İrəvan bölgədə sülh və təhlükəsizliyin təmin olunmasını istəyirsə, təxribatlardan çəkinməli, əsassız yerə Azərbaycanı ittiham etməməli və beynəlxalq ictimaiyyəti çaşdırmamalıdır. Ən doğru yol isə Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi və Azərbaycanın şərtlərini qəbul etməsidir. Azərbaycanın tələbləri hərbi əsaslıdır”.