"Taksi xidmətini monopoliyalarına almaq istəyirlər" - EKSPERT 

Qiymət bahalaşması payız aylarında da davam etsə Bakı  iqtisadiyyatının itkiləri böyük olacaq


Bu gündən Azərbaycanda bəzi taksi şirkətləri yaxın məsafələrə gediş haqqını artırıb.  Uber, Bolt və Yango şirkətlərində qısa məsafələrə səfərlər üçün minimum məbləğ 2,50 manatdan başlayacaq. Qeyd edək ki, əvvəllər bu məbləğ 1-1,60 manat təşkil edirdi.

Eyni gündə 3 müxtəlif taksi xidməti şirkəti eyni qiymət təyin etməsi isə cəmiyyətdə birmənalı qarşılanmayıb. Qərarla bağlı sosial mediada xeyli sayda tənqidi fikirlər yer alıb. 

Nəqliyyat eksperti Eldəniz Cəfərov “Sherg.az"a açıqlamasında deyib ki, taksi qiymətlərinin bahalaşması cəmiyyətdə çox ciddi ajiotaja səbəb olub. Halbuki yaxın məsafələrə taksi ilə gedən insanlar bunu kefindən yox, məcburiyyətdən edir:  “Şəhərdə ictimai nəqliyyatın fəaliyyəti bərbad gündədir. Xüususən də günün pik saatlarında vətəndaşlar bir nöqtədən digər nöqtəyə getmək üçün xeyli vaxt sərf edirlər. Marşruta buraxılan avtobusların sayı azdır, həm də  aralarındakı interval çox böyükdür. Dayanacaqlarda “Bakı kart” ödəmə terminalları yığışdırılıb. Avtobusa minmək istəyən insanlar  əllərində kart yükləməyə terminal axtarır. Bu kimi çətinliklər səbəbindən ictimai nəqliyyatın avtobus seqmenti əlçatmaz bir vəziyyətə gətirilib.  İnsanlar da məcbur qalıb getdikləri ünvana vaxtında çatmaq üçün taksilərdən istifadə edir”. 

Taksi qiymətlərinin dəyişən tarif olduğunu vurğulayan ekspert deyib ki, bu sahədəki xidmətin qiymətləri müxtəlif amillərlə formalaşır: “Taksi kimi istifadə olunan avtomobillərin sayının azlığı- çoxluğu,  tələb, iqlim şəraiti və s. 

Azərbaycanda fəaliyyət göstərən məşhur  xarici taksi şirkətlərin hər üçünün eyni anda  qiyməti 2 dəfəyə qədər bahalaşdırması fonunda artıq antiinhisarçılıq mövzusu aktuallaşır. Görünür bu şirkətlər  aralarında gizli sövdələşmə eədərk  taksi xidmətini öz   monopoliyalarına almaq istəyirlər. Ümid edirəm ki, müvafioq qurumlar  süni qiymət  artımı ilə bağlı təcili tədbirlər görəcək. Qiymət bahalaşması payız aylarında da davam etsə Bakı  iqtisadiyyatının itkiləri böyük olacaq. Taksilər baha olduğu üçün insanlar iş yerinə gecikəcək, gecikmələr isə hər zaman  iqtisadiyyata mənfi  təsir edir. Hesab edirəm ki, payıza qədər bu sahədə ciddi tənzimləmələr olacaq və tariflər əvvəlki səviyyə enəcək”.