Xüsusi zolaqların çəkilməsi də tıxacların, gecikmələrin qarşısını almadı

Əvəzində, digər nəqliyyat vasitələri zolaqların yolunu “kəsdi”  

Yağış paytaxtımızın başına “oyun açmaqdadı”. Bu gün səhər (dünən) yollarda yenə uzun tıxaclar əmələ gəldi, işə gedənlər işə, dərsə gedənlər dərsə gecikdi. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi – AYNA-nın “bu gün səhər pik saatlarında küçə və prospektlərdə olan sıxlıqlarla əlaqədar marşrut xətlərində gecikmələr yaranıb” cümləsiylə başlanan məlumatına baxanda adamın “gözü qaralır”. 

Tək-tək, adbaad qeyd etməyəcəyk. Çünki bir-iki istiqamət deyil ki! Bütün şəhəri çuğlayan tıcaxlar ucu itirilmiş kələfə oxşayır. Nəzərimizi cəlb edən 2 istiqamət üzrə avtobusların intervalında yaranmış gecikmələrlə bağlı səmimi etirafdır: “...Qara Qarayev prospekti– hər iki istiqamətdən Dakar dairəsi istiqamətinə (avtobus zolağının olmasına baxmayaraq digər nəqliyyat vasitələri zolağın tələbini pozurlar) 7A, 11, 15, 30, 35, 40, 44, 49, 51, 62, 64 və 81 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 17-27 dəqiqə gecikmə müşahidə olunur”, eləcə də “... Mikayıl Useyinov küçəsi - Azneft meydanı istiqamətində (avtobus zolağının olmasına baxmayaraq digər nəqliyyat vasitələri zolağın tələbini pozurlar) 5, 6, 53, 88, 125 və 205 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 22-34 dəqiqə gecikmə müşahidə olunur.” 
Halbuki bəzi avtomobil yollarında xüsusi olaraq avtobuslar – ictimai nəqliyyat üçün zolaqlar çəkiləndə, sevinmişdik, ümid etmişdik ki, gecikmələrin qarşısı alınacaq. Demək, boşuna  ümid etmişik. Xüsusi zolaqların çəkilməsi də tıxacların, gecikmələrin qarşısını almadı. Əvəzində, digər nəqliyyat vasitələri zolaqların yolunu “kəsdi”.  

Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev “Sherg.az”a açıqlamasında qeyd etdi ki, bu məsələ artıq Baş Dövlət Yol Polisi İdarəsinin səlahiyyətindədir: 

- Yol hərəkəti qaydalarına nəzarət edən qurum  Baş Dövlət Yol Polisi İdarəsidir. Hər hansı qadanın pozulmasına görə cərimə sanksiyalarının tətbiq edilməsi DYP-nin səlahiyətindədir. İnzibati Xətalar Məcəlləsinin 327.1 maddəsinə görə, hərəkət qadağasının pozulmasına görə 40 manat cərimə tətbiq edilməlidir. Əgər yolun hərəkət hissəsində avtobuslar üçün xüsusi zolaqlar çəkilibsə, digər nəqliyyat vasitələrinin zolağa daxil olması qayda pozuntusudur və bu halda cərimə tətbiq edilməlidir. 
 Bloger-urbanist Anar Əliyev isə “İnsanyönümlü şəhərlər” internet səhifəsində dünya təcrübəsinə istinad edərək avtobus zolaqları ilə bağlı lazımi məlumat paylaşıb. A.Əliyev qeyd edib ki, icitmai nəqliyyat üçün xüsusi zolaqların ayrılması asan məsələ deyil və bir çox şəhərlər bu problemlə qarşılaşır. Lakin problemdən çıxış yolunu da tapırlar. 


 
Bloger Moskva şəhərinin təcrübəsini qeyd edib: 

- Bakıda ilk avtobus zolaqlarından biri Yusif Səfərov küçəsində təşkil olunub. Bu küçədəki ayrılmış zolağının əsas çatışmazlığı yol boyunca bir çox kəsişmələrin olmasıdır. 1 km avtobus zolağına 6 döngə düşür. Bu döngələrdə giriş və çıxışı təmin etmək üçün digər avtomobillərə avtobus zolağına daxil olmağa icazə verilib və xüsusi nişanlanma tətbiq edilib. 



Zolaqları təşkil edən Bakı Nəqliyyat Agentliyi özü də məhz bu qaydaya uyğun hərəkət etməyi tövsiyə edir. Sürücülər bu giriş-çıxış zonalardan istifadə edərək avtobus zolağına tez-tez daxil olurlar. Bura ciddi nəzarətin olmamasını əlavə etsək, avtobus zolağının effektivliyi sıfıra düşür. 



 
Çıxış yollarından birini Moskvada tapıblar. Yeni salınan bütün avtobus zolaqlarında kəsişmələrdə giriş-çıxışı avtobus zolaqlarından deyil, birbaşa hərəkət zolağından, yəni ikinci cərgədən (ikinci hərəkət zolağından) təşkil ediblər. Nəticədə döngələrdə sürücülərə avtobus zolağına daxil olmaq lazım deyil artq. Bu, ayrılmış zolağı mümkün qədər boş saxlamağa imkan verir. Daha bir yenilik – asfaltda xüsusi “bufer zonası”nın nişanlanmasıdır. Bir tərəfdən bu sürücülərin diqqətini daha çox cəlb edir, eyni zamanda təcili hallarda digər hərəkət zolaqlarına çıxmadan maneələri ötməyə imkan verir. Hüquqi cəhətdən bu cür nişanlanma qanuna zidd deyil, bu sadəcə əlavə təhlükəsizlik adacığı kimi qiymətləndirə bilər. 


Onu da qeyd etmək lazımdır ki, Moskvada avtobus zolaqlarına nəzarət də ciddidir. Cərimənin məbləği isə Azərbaycandan daha yüksəkdir – 3000 rubl – 70 AZN (bizdə 40 AZN). İşlək və effektiv avtobus zolaqları yaxşı ictimai nəqliyyatın əsas göstəricilərindən biridir. Yaxşı ictimai nəqliyyat fasiləsiz və gecikməsiz hərəkət etməlidir. Əgər avtobuslar saatlarla tıxaclarda qalacaqsa onlar nə sərnişinləri, nə də  eyni tıxaclarda ilişib qalan sürücüləri cəlb edəcək. Nə qədər yeni, müasir və komfortlu olsa da. Düzdür, Bakıdakı mövcud avtobus zolaqlarında yuxarıda qeyd olunan təcrübəni dərhal tətbiq etmək mümkün deyil (küçə yenidən nişanlanmalıdır), lakin planda olan bütün yeni avtobus zolaqlarını Moskvadan örnək götürərək daha effektiv etmək mümkündür. Ümid edirəm, təklifimiz nəzərə alınar.