Bakı daha təsirli addımlar atacaq, buna Zəngəzur dəhlizinin açılmamasında Ermənistanı dəstəkləyən qüvvələrin də şübhəsi olmamalıdır
“44 günlük İkinci Qarabağ müharibəsinin sonunda atəşkəs sazişi imzalandı. Hər kəsin gözləntisi bəyanata imza atanların buna əməl edəcəyi idi. Lakin Azərbaycan buna ciddi əməl etdiyi halda, Ermənistan lazımi şərtləri yerinə yetirmədi".
Bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər bildirib.
O vurğulayıb ki, Ermənistanın verdiyi vədləri yerinə yetirməsi, xüsusən də Zəngəzur dəhlizinin açılması, danışıqların nəticəyönümlü şəkildə davam etməsi sabitliyin bərqərar olmasının yeganə yoldur.
Nazir bəyan edib ki, Ankara Azərbaycan və Ermənistan rəhbərliyi arasında yaxın günlərdə İspaniyada keçirilməsi planlaşdırılan görüşdən öncə baş verən prosesləri və danışıqları diqqətlə izləyir: “Bir daha ifadə etməyə dəyər: Biz hər zaman olduğu kimi, “bir millət, iki dövlət” anlayışı ilə əziz qardaş Azərbaycanın yanındayıq”.
Bəyanatı “Sherg.az”a dəyərləndirən hərbi ekspert Ədalət Verdiyev qeyd edib ki, Yaşar Gülər açıqlaması ilə Ermənistanı regionda sülh və təhlükəsizliyin təmin olunması üçün üzərinə düşən öhdəlikləri yerinə yetirməyə çağırıb:
"Bu öhdəliklərin böyük bir hissəsi vətən müharibəsində və ondan sonrakı dövrdə Azərbaycan ordusunun"dəmir yumruğu" hesabana həll olunsa da, hələ ki, Ermənistan öz silahlı birləşmələrini Qazağın 7 və Naxçıvanın 1 kəndindən çıxarmayıb. Digər tərəfdən Ermənistan Zəngəzur dəhlizinin açılması ilə bağlı bəyanatlardan başqa heç bir iş görməyib. Bu isə nə Bakını, nə də Ankaranı qane edir.
Ekspert əlavə edib ki, Türkiyəli vəzifəlilər tərəfindən bəyanatların məhz İspanyada keçiriləcək görüşdən əvvəl səsləndirilməsi Ermənistan üçün açıq bir sıqnaldır:
"Yəni Ermənistan əgər üzərinə düşən öhdəlikləri yerinə yetirməsə, həmçinin Azərbaycan və Türkiyənin əlaqəsinin təmini üçün dəhlizin açılamasına qəti qərar verməsə, Bakı daha təsirli, adekvat addımlar atacaq. Buna Zəngəzur dəhlizinin açılmamasında Ermənistanı dəstəkləyən qüvvələrin də şübhəsi olmamalıdır".