“Daha çox silah tədarükü Ukrayna üçün sülhə aparan yoldur”.
Bunu NATO-nun Baş katibi Yens Stoltenberq Kiyevdə keçirilən birinci Müdafiə Sənayesi Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, Ukraynanın daha çox silaha ehtiyacı var: “Çünki Kiyev döyüş meydanında nə qədər güclü olsa, danışıqlar masasındakı mövqeyi də bir o qədər möhkəm olacaq”.
Y.Stoltenberqin sözlərinə görə, Ukraynanın yüksək keyfiyyətli silahlara ehtiyacı var. Ukrayna müdafiə sənayesi sahəsində ildırım sürəti ilə yenilik edir.
Müharibənin əvvəlindən NATO-nun mövqeyinin bəlli olduğunu deyən siyasi şərhçi Kənan Novruzov "Sherg.az"a bildirib ki, Alyansın rəhbərliyinin fikirincə Ukraynaya silah tədarükünü artırmaq müharibəni bitirməyin yeganə yoludur:
"Əslində bu həm də NATO ölkələrinin Ukraynadakı müharibə ilə bağlı mövqelərini ifadə edir. Məsələ ondan ibarətdir ki, Ukraynaya silah tədarükü müharibənin uzanmasına hesablanıb. Yəni Stoltenberqin məntiqi "biz müharibəni uzatmağa razıyıq, təki Rusiya bu müddət ərzində əldən düşərək məğlub olsun"dan ibarətdir. Hərçənd ki, NATO-nun məqsədi təkcə Moskvanın zəifləməyi deyil, onlar müharibənin uzanmasını da istəyirlər. Çünki savaş uzandıqca Alyans Şərqi Avropadakı mövqelərini gücləndirə bilər. Hətta bir çox ekspertlər düşünürlər ki, Ukrayna gələcəkdə Rusiya ilə Avropa arasında parçalana bilər. Yəni onların proqnozlarına görə, rəsmi Kiyev torpaqlarının müəyyən hissəsindən Rusiyanın xeyrinə imtina edəcək və daha sonra NATO üzvü olacaq. Bu ehtimal inandırıcı olmasa da, qeyri-mümkün də deyil".
Analitikin sözlərinə görə, silah tədarükünün artırılması Ukraynaya müqavimət göstərmək üçün lazımdır:
"Gələcəkdə uzaqmənzilli raketlərin, tankların və "F-16" ların verilməsi müharibənin miqyasının genişlənməsinə səbəb ola bilər. Hətta bunun qığılcımları da görsənir. Müharibə artıq Rusiya ərazisinə keçib. Bu kontekstdə bir müddətdən sonra Rusiya və NATO arasında birbaşa toqquşmalar da başlaya bilər. Çünki Kremldə də başa düşürlər ki, prosesi təhrik edən Alyansdır. Bu mənada silah tədarükü məsələsi sülhə yox, dağıdıcılığa töhfə verir".
Qeyd edək ki, Kiyevdə keçirilən Müdafiə Sənayesi Forumunda dünyanın 30-dan çox ölkəsindən 252 şirkət iştirak edib.