İndi daha çox hybrid müharibələrin şahidi oluruq - TƏHLİL

"Bu cür təhlükələrin qarşısını almaq üçün isə hər üç ölkənin birgə hərbi əməkdaşlığına ehtiyac var"

Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzində Azərbaycan, Türkiyə və Gürcüstanın hərbi qulluqçularının iştirakı ilə “Eternity-2023” kompüter dəstəkli komanda-qərargah təlimi keçirilir.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nəzəri və praktiki hissədən ibarət olan, üç ölkənin hərbi qulluqçularının və aidiyyəti dövlət qurumlarının nümayəndələrinin cəlb olunduğu təlimdə strateji əhəmiyyətli, eləcə də, regional iqtisadi layihələrin mühafizəsinin təşkili üzrə tapşırıqlar icra ediləcək.

Qeyd edilib ki, oktyabrın 6-dək davam edəcək təlimdə əsas məqsəd hər üç ölkənin silahlı qüvvələri arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və uzlaşmanın təmin edilməsidir.

Təlimləri "Sherg.az"a dəyərləndirən hərbi ekspert Ramil Məmmədli vurğulayıb ki, 10 il öncə Azərbaycan, Türkiyə və Gürcüstan birgə hərbi əməkdaşlığının bünövrəsi qoyuldu:

"Yəni müxtəlif formatda olan birgə təlimlərin keçirilməsinə başlanıldı. Bu gün də sözügedən əməkdaşlıq davam edir. Ümumiyyətlə Gürcüstanın Türkiyə və Azərbaycan arasındakı hərbi əməkdaşlıq prosesinə cəlb olunması və təlimlərdə iştirakı regional təhlükəsizliyin təmin edilməsi ilə bağlıdır. Yəni Cənubi Qafqazdakı təhlükəsizliyinin təminatı üçün bütün bölgə ölkələrinin iştirakına ehtiyac var. Digər tərəfdən Gürcüstan ordusunun müasirləşməsi,  Azərbaycan və Türkiyə orduları ilə birgə əməliyyatların keçirilməsinə hazırlığının olması vacib amillərdən biridir. Əməliyyat dedikdə isə konkret bir qüvvə nəzərdə tutulmur. İndiki şəraitdə dünya artıq dəyişib və daha çox hybrid müharibələrin şahidi oluruq. Bu cür təhlükələrin qarşısını almaq üçün isə hər üç ölkənin birgə hərbi əməkdaşlığına ehtiyac var".