Fransa "təlxək"lik edir: Bu regionda o siyasət keçməz!

"Fransanın Ermənistanı hər vəchlə silahlandırmağa çalışması, onu yenidən təcavüzə və hərbi avantüraya cəlb etməsi qəbuledilməzdir. Rəsmi Parisin bölgəmizə tarixən müdaxilə etmə cəhdləri kimi, bu səylərin də uğursuzluğa düçar olacağı Fransaya aydın olmalıdır".

Bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonnanın Ermənistanda mətbuat konfransı zamanı səsləndirdiyi iddialara dair şərhində yer alıb.
Bildirilib ki, Azərbaycanın həyata keçirdiyi antiterror tədbirlərinin dinc erməni sakinlərə qarşı heç bir təhdid təşkil etmədiyi həm beynəlxalq təşkilatlar, həm də Ermənistanın baş naziri tərəfindən bəyan edilməsinə baxmayaraq, fransalı nazirin Azərbaycanın öz suveren ərazilərində atdığı legitim addımı cinayət adlandırması saxtakarlıq olmaqla yanaşı, Fransanın bölgədəki səriştəsiz siyasətini iflasa apardığını nümayiş etdirir.

Fransaya sülhün sərf etmədiyini deyən millət vəkili, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov "Sherg.az"a bildirib ki, region dövlətləri problemi öz aralarında həll etmək iqtidarındadırlar:

"Fransa destruktiv mövqeyi, yalan və müharibə şəraiti yaratmaqla özünün regiondakı nüfuzunu saxlamağa çalışır. Hətta BMT missiyası həqiqəti desə belə, rəsmi Paris buna qarşı çıxır. Yəni bu ölkə regionda qeyri-sabitliyin olmasında maraqlıdır. Çünki bundan istifadə edərək Cənubi Qafqazda öz mövcudluğunu təsdiqləyəcək. İkincisi, Fransa həm Parlament seçkilərində, həm də Avropa Parlamentində nüfuzunu artırmaq üçün Azərbaycana tənqid üzərindən guya insan haqlarını, demokratiyanı qoruyur. Lakin qanunu pozan özüdür".
Parlamentari əlavə edib ki, Fransa kolonial siyasət aparır:

"Biz Afrikada bunun necə iflasa uğradığının şahidi olduq. İndi isə Cənubi Qafqaza göz dikiblər. Lakin başa düşmürlər ki, bu regionda həmin siyasət keçməz. Çünki Azərbaycan müstəqil, sivil və dünyada öz yerini tutmuş qalib dövlətdir. Bunu dərk etməyən Fransa isə özü-özünü "təlxək" kimi nümayiş etdirir. Ümumiyyətlə Fransa Xarici İşlər nazirinin çıxışı böyük dövlətə yaraşmır. Bununla onlar özlərini gülünc vəziyyətə salırlar. Digər tərəfdən isə rəsmi Paris Qranadada görüşün baş tutmaması üçün də əlindən gələni etdi. Çünki belə vəziyyətdə onlar Avropa Parlamentinə təsir göstərərək Azərbaycanın əleyhinə sənədlər qəbul etdirəcək. Bu isə alınmayacaq. Çünki qəbul olunacaq hər bir sənəd Fransanın özünü ifşa edəcək".