İspaniyada Azərbaycanı təkləmək istəyirdilər

Bakının bu görüşdən imtinası ən doğru addım idi

Türkiyə mediası Ərdoğanın səhhətində yaranan problem səbəbindən İspaniya səfərindən imtina etdiyini yazıb.
  
Lakin məlum olub ki, səfərin ləğv olunması Türkiyə prezidentinin səhhətində yaranan problemlə bağlı deyilmiş.
  
Oktyabrın 6-da Azərbaycan Prezidenti İlham Əliyevin İspaniyanın Qranada şəhərində Ermənistan Baş naziri Nikol Paşinyan, Fransa Prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolt və AB Şurası Prezidenti Şarl Mişellə görüşü gözlənilirdi. Azərbaycan görüşdə Türkiyənin iştirakında təkid etsə də, Fransa və Almaniyanın buna qarşı çıxması səbəbindən qəbul olunmayıb. Bu səbəbdən də Prezident İlham Əliyev İspaniyaya səfərdən və görüşdən imtina edib.

Görünən odur ki, Türkiyə Prezidenti Ərdoğan da məhz bu səbəbdən İspaniya səfərindən imtina edib.
 
Türkiyə və Azərbaycan birgə hərəkət edir və Əliyev və Ərdoğan kənar gücləri regiona buraxmaq niyyətində deyillər.
  
Mövzu ilə bağlı “Sherg.az”a danışan AĞ Partiya sədri Tural Abbaslı bildirib ki, ümumiyyətlə, Azərbaycan və Türkiyənin beynəlxalq fəaliyyətlərini kordinasiya etmələri çox sevindirici haldır: 

“Xatırlayırsızsa, Prezident cənab İlham Əliyev BMT-də Türkiyə əleyhinə çıxış olan zamanı "Türkiyə yoxdursa, biz burdayıq" mesajını vermişdi. Türkiyə də hər zaman Azərbaycana beynəlxalq miqyasda dəstək olub. Türkiyə və Azərbaycan xarici siyasətlərini bir-birindən ayırmaq olmaz. Bu artıq bütün dünya ölkələrinə məlumdur. Qranada görüşündə iştirakçıların heç biri Azərbaycanın mövqeyini dəstəkləmirlər. Qarabağdan ermənilərin köçməsi prosesində Azərbaycana qarşı qərəzlərindən də bunu anlamaq olur. 30 il öncə Azərbaycan xalqına qarşı olan haqsızlıqlara susan da bu ölkələr idi. İndi həmin ölkələr öz istəyi ilə ərazini tərk edən ermənilərə bir günün içində milyonlarla vəsait ayırırlar. Onların Qranada görüşündə Türkiyəni istəməmək səbəbi Azərbaycanı təkləməkdir. Amma unutmamalıdırlar ki, Azərbaycan qalib və diktə edən ölkədir. Bu görüşlərdə iştirak etməyə də bilər”. 
  
T.Abbaslı AĞ Partiya olaraq Azərbaycanın Ermənistanla sülh müqaviləsi imzalamasının əleyhinə olduqlarını vurğulayıb: 

“Hazırkı vəziyyətdə bu müqavilə Ermənistana sərf edir. Çünki tarixi Azərbaycan torpaqlarını öz ərazisi kimi Azərbaycana qəbul etdirmək istəyir. Zəngəzur, Basarkeçər, Gorus tarixi Azərbaycan torpaqlarıdı. Bunun üçün səbəb nə olur olsun, Azərbaycanın Qranda görüşündə iştirak etməməsini müsbət qarşılayıram”.