Reinteqrasiya Azərbaycanın daxili işidir  - Rus sülhməramlılarının iştirakı...

Rusiyanın Qarabağdakı sülhməramlı kontingenti Cənubi Qafqazda dinc həyatın bərqərar olmasına öz töhfəsini verməyə hazırdır.

 Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “BMT Nizamnaməsinin prinsiplərinə tam riayət edilməsi və qarşılıqlı əlaqə beynəlxalq sülh və sabitliyin açarıdır” adlı məqaləsində yazıb.
Onun sözlərinə görə, ABŞ və AB-nin Azərbaycanla Ermənistan arasında münasibətlərə müdaxiləsi qeyri-sabitliyə səbəb olur.

“İndi geosiyasi ambisiyalarının qayğısına qalan Brüssel öz “vasitəçilik xidmətlərini” Azərbaycan və Ermənistana sırımaqla, Vaşinqtonla birgə Cənubi Qafqazda sabitliyin pozulmasına səbəb olur. İndi İrəvan və Bakı liderləri iki ölkənin suverenliyinin qarşılıqlı tanınması məsələsini həll etdikdən sonra dinc həyatın bərqərar olması və etimadı möhkəmləndirməyin vaxtı çatıb. Rusiya sülhməramlı kontingenti buna hər cür töhfə verməyə hazırdır”, - Lavrov bildirib.

Lavrovun sözlərini  “Sherg.az”a şərh edən politoloq Aytən Qurbanova bildirib ki,  Azərbaycan tərəfindən həyata keçirilmiş 24 saatlıq antiterror tədbirləri nəticəsində bütün əraziləri üzərində suverenliyini və legitim haqlarını bərpa etməsindən sonra sülhməramlıların Qarabağ ərazisində mövcudluğuna ehtiyac olmaması məsələsinin xüsusi müzakirələrə səbəb olduğu bir vaxtda belə bir bəyanatın verilməsi təəccüb yaratmır:
“Çünki rus sülhməramlılarının missiyasına aid olan məsələlər demək olar ki, birbaşa olaraq Azərbaycan dövləti və silahlı qüvvələri tərəfindən yerinə yetirilib. Ona görə də, bu gün rus sülhməramlılarının mövcudluğu üçün əsaslar bir-bir özü yox olur. Məhz bu nöqteyi-nəzərdən yanaşdıqda Lavrovun bu bəyanatı sırf onların Qarabağdakı varlığının verə biləcəyi töhfələri vurğulamaq xarakteri daşıyır. Nəticə etibarilə verilən bəyanatların mahiyyətinin nə ifadə etməsindən asılı olmayaraq, reinteqrasiya məsələsi Azərbaycanın daxili işi olduğunu unutmamalı və bundan sonrakı mərhələdə rus sülhməramlılarının prosesdə hansı formada iştirak edə biləcəyinin mümkünlüyünün də məhz Azərbaycan tərəfinin mövqeyindən asılı olduğunu qeyd etməliyik”.