Quldurları verib, mina xəritələrini ala bilərik?  - Düzgünlüyü yoxlanılmalıdır...

Son günlər erməni mediasında yayılan xəbərlərə görə tutulan separatçılar Azərbyacan tərəfi ilə mina xəritələri qarşılığında dəyişdirilə bilər. 44 günlük müharibədən  bu yana mina xəritələri mövzusu hər zaman diqqət mərkəzində olub. 

Müharibədə məğlub olduqlarını anlayan seperatçılar ərazinin çox hissəsini minalayıblar. Doğrudur, tarixi qələbəmizdən bu yana Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən bölgədə xeyli təmizləmə işləri görülüb. Lakin buna baxmayaraq ərazidə  hələ də kifayət qədər zərərsizləşdirilməmiş mina qaldığı məlumdur.  Bu konteksdə Azərbaycan tərəfin separatçılarla mina xəritələrini dəyişmək məsələsinə münasibəti ictimaiyyətdə böyük maraq doğurur.

Mövzu ilə bağlı “Sherg.az”a danışan hərbi-siyasi ekspert Telman Qasımov bildirib ki, mina xəritələrinin verilmə məsələsi 44 günlük müharibədən sonra hər zaman gündəmdə olub:

“44 günlük müharibədən qısa müddət sonra Azərbaycan tərəfi ilə separatçılar arasında bu məsələdə razılaşma əldə edilmişdi. O zaman verilən xəritələrin 70-80 faizi heç uyğun gəlmədi. Qondarma rejimin nümayəndələri bu məsələdə də yalana əl atdılar. Əgər yenidən sözügedən mövzuda razılaşma olacaqsa, Azərbaycan tərəfi daha diqqətli davranmalıdır. Həbs olunmuş əlisilahlı quldurları təhvil verməzdən öncə xəritələrin düzgünlüyü yoxlanılmalıdır”. 
Siyasi ekspert 44 günlük müharibə zamanı xəritələrin saxlandığı qərargahların Azərbaycan ordusu tərəfindən darmadağın olunduğunu vurğulayıb:  

“Əsas məqam xəritələrin həmin qərargahlarda məhv olması, yoxsa quldurlar tərəfindən geri çəkilərkən özləri ilə götürməsidir. Hazırda proseslərin içərsində iştirak edən əsas quldur başçıları Azərbaycanın əlindədirlər. Onlar hər şeyi yaxşı bilirlər. Mina xəritələrinin harada olduğu barədə mütləq məlumatlıdırlar. Mina xəritələrinin əsgər səviyyəsində olan bəzi quldurlarla dəyişdirilməsi yaxşı fikirdir. Zərərsizləşdirilməmiş hər bir mina Azərbaycan vətəndaşı üçün təhlükə mənbəyidir”.