Tahir Kərimlinin partiyası fəaliyyətini dayandırır?  - AÇIQLAMA

"Son dövlər bir məsələ məni çox düşündürür. Biz Qarabağda Ali Baş Komandanın cəsarəti, iradəsi ilə təşkil olunmuş silahlı qüvvələrimizin gücü və xalqımızın birliyi, dayağı ilə böyük qələbə qazandıq. 

Belə olanda mənim partiyamın, özümün müxalifətçiliyinə nə ehtiyac var? Türk dünyasının başını ucaldan şəxsin qarşısında mənim müxalifətçiliyimin haqqı varmı? Bu məsələlər məni çox düşündürür".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Tahir Kərimli deyib. Deputat bildirib ki, müxalifətin aqressiyası nifrət üzərində qurulub:

"Əgər Qarabağ məsələmizi təmin etmişiksə, demokratiya, insan hüquqları, rifahın daha yaxşılaşdırılması uğrunda Prezident İlham Əliyevin yanında olmalıyıq, nəyinki qarşısında. Nə üçün qarşıdurma, nifrət, aqressiya üzərində köklənməliyik? Müxalifət, bu nə haqq-hesabdır sizdə? 210 il ərzində qazandığımız qələbələrin yanında ancaq qara nöqtələri axtarmaq lazımdır? Nə qədər gec deyil, sizi bir yerdə olmağa çağırıram. İqtidarın da içində aqressiv çıxış edən var. Bu yaxınlarda bir məmur deyirdi ki, guya biz 30-50 yaş arası pensiya yaşı tələb edirik".
 
Tahir Kərimlinin sözlərindən sonra sosial şəbəkələrdə Vəhdət Partiyasının fəaliyyətini dayandıracağı ilə bağlı xəbərlər yayılıb.

Mövzu ilə bağlı "Sherg.az"a  danışan Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev   bildirib ki, Tahir Kərimlinin milli məclisdə və ya mətbuatda çıxışını təhrif edilməsi yeni məsələ deyil:

“Onun bu mövzuda dediklərinin əsas ana xətti yeri gəldi - gəlmədi müxalifətçilik naminə müxalifətçilk edənlərədir. Prezident  İlham Əliyevin  xarici siyasətdə böyük uğuruna və  Azərbaycanın ərazi bütövlüyünün bərpasında  qələbəsinə  kölgə salmaq niyyəti güdənlərə bir cavabdır. Bu bəyanat sağlam müxalifətçiliyə çağırışdır. Vəhdət partiyasının siyasi kursu isə dəfələrlə bəyan etdiyimiz kimi mərkəzçi mövqedən çıxış etməkdir. Biz sağlam düşüncəyə əsaslanan bütün fikirlərə açığıq və siyasi mövqeyindən asılı olmayaraq hər zaman dəstəkləməyə hazırıq. Partiyanın fəaliyyətinin dayandırılacağı barədə iddialar isə doğru deyil və əsassızdır. Əksinə Vəhdət partiyası daha da aktiv olaraq təşkilatlanır və yaxın gələcəkdə böyük qurultay keçirməyi planlaşdırır. Qurultayda mövcud siyasi situasiyaya uyğun olaraq dəyişikliklər nəzərdə tutmuşuq. Ehtimal olunan dəyişiklikilər  rayon və şəhər təşkilatlarında müzakirə olunur, təkliflər nəzərə alınır”.