ABŞ İsrailə dəstəyi davam etdirəcək - Baydenin Təl-Əviv səfəri...

ABŞ Prezidenti Cozef Baydenin İsrailə səfəri başlayıb.Bu barədə xarici KİV məlumat yayıb. Onu hava limanında İsrail Prezidenti İsxak Hersoq və Baş nazir Benyamin Netanyahu qarşılayıblar. C.Baydenin İ.Hersoq və B.Netanyahu ilə görüşü gözlənilir.
Xatırladaq ki, bundan əvvəl ABŞ dövlət katibi Antoni Blinken və müdafiə naziri Lloyld Oustin də İsrailə səfər edib.

Baydenin İsrailə səfərini  “Sherg.az”a şərh edən politoloq Həşim Səhrablı bildirib ki, Baydenin Yaxın Şərqdə  baş verən müharibə dövründə Təl-Əvivə getməsi müzakirə mövzularının hansı istiqamətdə olacağını xəbər verir:
 
“Bütün dünya İsrailin ən yaxın müttəfiqi, ona dəstək verən birinci ölkənin ABŞ olduğunu bilir. Netanyahunun yenidən iqtidara qayıtmasından sonra ABŞ-lə İsrail arasında xarici siaysətdə bir sıra anlaşılmazlıqların baş verməsinin şahidi olduq. Amma bu anlaşılmazlıqlar iki ölkə arasındakı müttəfiqlikləri sıradan çıxara bilməz. İsrail Amerika müttəfiqliyi daimidir. Sözügedən ölkələrin  Yaxın Şərqlə bağlı olan  siyasətləri hər zaman  üst-üstə düşür.  Dövlət olaraq Amerika İsraili dəstəkləməyə davam edəcək. Çünki  İsrailin Yaxın Şərqdə uduzması ilk öncə Amerikanın bölgədəki ağırlığının azalması deməkdir”. 

Ekspert Qəzza zolağında xəstəxananın vurulması və xeyli əhalinin həlak olması məsələsinin də görüşün müzakirə mövzularından biri olacağını vurğulayıb:

“Dünənki hadisə dünyanın bir çox media qurumunda müharibə cinayəti  adlandırıldı. Baş verənlərin Baydenin səfəri ilə üst-üstə düşməsi bu məsələnin də müzakirə mövzusu olacağı deməkdir. ABŞ müttəfiqi İsrailə bu məsələlərdə diqqətli olmaq çağırışı edəcək.  Eyni zamanda müzakirələr zamanı atəşkəs məsələsidə gündəmdə olacaq. Ən əsası isə bütün dinlərin mərkəzi sayılan Yerusəlim şəhərinin təhlükəsizliyi, əməliyyatlardan ziyan gəlməməsi barədə danışılacaq. Qüds həm yəhudilərin həm müsəlmanların həm də  xristianların  toxunmaq istəməyəcəyi bir şəhərdir”.