Qubaya gedən ödənişli yol: Tam təhlükəsizdir!

Tarif Şurasının növbəti iclası keçirilib. Şuradan verilən məlumata əsasən ənənəvi yola alternativ olaraq yaradılmış Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun yeni hissəsi üçün tariflər müəyyənləşdirilib.

Bildirilib ki, son illərdə ölkəmizdə avtomobil yolları əsaslı şəkildə yenidən qurularaq təkmilləşdirilib, həmçinin yeni avtomobil yolları, körpülər və yol ötürücüləri inşa edilərək əhalinin istifadəsinə verilib.

Regionların davamlı və tarazlı inkişafının təmin olunması üçün müasir yol-nəqliyyat infrastrukturunun yaradılması müstəsna əhəmiyyət kəsb edir. Bu baxımdan “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun H. Z. Tağıyev qəsəbəsindən başlayaraq tikilən yeni hissəsi ölkəmizin nəqliyyat infrastrukturunun güclənməsində önəmli rol oynayır. 129 kilometr uzunluqda olan bu yol Azərbaycanın tranzit daşımalarda iştirak imkanlarını genişləndirəcək, yüklərin çatdırılma müddətini azaldacaq, bölgədə turizmin inkişafına təkan verəcəkdir.

Bu yol ənənəvi yoldan qısadır və sürət həddi daha yüksəkdir. Məsafənin qısa və sürət həddinin yüksək olması isə istifadəçilərə vaxtla yanaşı, yanacağa qənaət etməyə imkan verəcəkdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 sentyabr 2023-cü il tarixli Qərarı ilə bu yol ödənişli yol kimi müəyyən olunub. Qanunvericiliyə əsasən, keyfiyyəti dövlət standartlarının tələblərinə cavab verən ödənişsiz avtomobil yolu mövcud olduqda ödənişli avtomobil yolları yaradıla bilər və bunun əhalinin həssas təbəqəsinə mənfi təsiri olmur. Çünki bu yoldan istifadə seçimdən asılıdır. Belə ki, eyni keyfiyyətdə ənənəvi yol da mövcuddur.

Həmin yoldan istifadə üzrə gediş tariflərinin müəyyənləşdirilməsi üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Tarif (qiymət) Şurasına müraciət edilib və 17 oktyabr 2023-cü il tarixində Şuranın növbəti iclası keçirilib.

M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun H.Z.Tağıyev qəsəbəsindən başlayaraq tikilən yeni avtomobil yolu üçün gediş tarifləri ƏDV ilə birgə minik avtomobilləri və kütləsi 3,5 tona qədər olan yük avtonəqliyyat vasitələri üzrə 1 km üçün 9,3 qəpik (bütün yol üçün 12 manat) müəyyən edilib. Kütləsi 3,5 tondan yuxarı olan yük avtonəqliyyat vasitələri və digər maşın-mexanizmlər üçün tarif isə 1 km üçün 11,6 qəpik (bütün yol üzrə təxminən 15 manat) təşkil edəcək. Avtobuslar üzrə isə bu yolun 1 km-i üçün tarif 7,8 qəpik səviyyəsində (bütün yol üçün 10 manat) müəyyənləşdirilib. Qoşqulu və yarımqoşqulu nəqliyyat vasitələri, o cümlədən 3-4 oxlu və ya TIR-ların ödənişli yoldan istifadəsi üçün qiymət 1 km-ə 19,4 qəpikdir (bütün yol üçün 25 manat).

Gediş üçün ödənişin məbləği avtomobil yolunun texniki dərəcəsi, aidiyyəti qurumlar tərəfindən aparılan monitorinqlər əsasında nəqliyyat vasitəsinin qət etdiyi məsafə, çəkisi və ay ərzində gedişlərin sayı nəzərə alınmaqla müəyyənləşdirilib. Hazırda yolda son tamamlama işləri aparılır.

Qərarlar 20 oktyabr 2023-cü il tarixindən qüvvəyə minəcək.
Mövzu ilə bağlı “Sherg.az”a Yol hərəkəti qaydaları üzrə ekspert Elməddin Muradlı bildirib ki, Azərbaycanda ödənişli yolun istifadəsi tam qanunauyğun həyata keçirilir:

 “Mövcud qanunverciliyimizdə belə yollardan istifadə nəzərdə tutulub. İlk dəfə olaraq bu Bakı-Quba-Rusiya sərhədi üzrə oldu. Qiymətlər artıq təsdiqlənib və uyğun hesab etmək olar. Baxmayaraq ki, yolun ümumi uzunluğu 129 km-dir,  yerli vətəndaşlar tərəfindən  mütəmadi istifadə olunan hissəsi 70-80 km olacaq. Çünki Qubaya gedən adam üçün lazımi hissə bu qədərdir. Geridə qalan hissə Rusiya sərhədinə getmək üçün lazım olan yoldur. Ortalama olaraq baxdıqda qiymət bugünkü şəraitə və vəziyyətə uyğundur.  Yolda təhlükəsizlik təmin olunub. Gediş zamanı qarşınıza piyada, mal-qara və s. kimi maneələr çıxmayacaq. Yollar artıq xüsusi olaraq qorunur. Yolda beynəlxalq təcrübələrdə istifadə olunan müxtəlif sürət rejimi deyil, sərbəst sürət rejimi tətbiq olunur. Bu sürət qanunda tətbiq olunan və maksimum sürət həddi hesab edilən 110 km/saat sürətidir. Vətəndaşlar buna əməl etsələr, rahat şəkildə istifadə edə bilərlər. Nəzərə almaq lazımdır ki, bu yol alternativ yoldur. Hazırda istifadə etdiyimiz yol da mövcuddur. Heç kəsi pullu olan alternativ yoldan istifadə etməyə məcbur edən yoxdur. Yeni yoldan istifadə könüllü şəkildə seçimə əsaslanır”.