Rəsmi İrəvan Rusiya ilə bütün “körpüləri yandırır”: Ona görə bu addımı atırlar...

Ermənistan hökuməti Rusiya telekanalları ilə bağlı bütün mümkün ssenariləri müzakirə edir.
Bunu Ermənistanın yüksək texnologiyalar sənayesi naziri Robert Xaçatryan deyib.

Nazirin sözlərinə görə, Ermənistanın Nazirlər Kabineti ölkədə yayımlanan Rusiya telekanallarının fəaliyyəti ilə bağlı bütün mümkün variantları nəzərdən keçirir.

Xatırladaq ki, bir müddət öncə Ermənistanın Radio və Televiziyası Komissiyası Rusiya telekanallarının yayımına dair sazişin müddəalarının pozulmasını aşkarladığını bildirmişdi.

Mövzu ilə bağlı “Sherg.az”a danışan tanınmış telejurnalist, professor Qulu Məhərrəmli bildirib ki, əslində Ermənistanda bu mövzunun müzakirəsi gözləniləndir: 

“Paşinyanın son zamanlar yeritdiyi Qərb yönümlü siyasət Ermənistanla Rusiya arasında münasibətlərin gərginləşməsinə səbəb olub. Paşinyan kimi siyasətçilər yaxşı başa düşürlər ki, onların ölkələrinin inkişafında bir çox əngəllər var. O, Rusiya hərbi bazasının onun ölkəsində olması, Azərbaycan və Türkiyə ilə gərgin münasibətlər, ölkədəki iqtisadi vəziyyət və digər problemləri həll etməyə çalışır. Ermənistanın Qarabağdakı məğlubiyyətindən sonra rəsmi İrəvan Rusiyaya müttəfiq kimi deyil, Ermənistan əleyhinə olan qüvvə kimi baxır. Əlbəttə ki, Paşinyan hakimiyyətinin Fransa və digər NATO meyilli dövlətləri regiona gətirmək cəhdləri Rusiya tərəfindən qəbul olunmazdır”.

Q.Məhərrəmli Ermənistanda Rusiya telekanallarının fəaliyyətini məhdudlaşdırmaq istəyinin Moskva ilə tamamilə əlaqəsini kəsmək üçün atılan addım olduğunu vurğulayıb: 

“Rusiya mediasında Paşinyana qarşı ittihamlar artmaqdadır. Onların Ermənistanda yayımlanması təbii ki, hakimiyyət üçün qəbuledilməzdir. Rusiyanın ölkədəki təsirini azaltmaq və Ermənistanın informasiya mühitinə Rusiya media orqanlarının yaydığı məlumtları buraxmamaq üçün bu addımı atırlar”.