Rusiya Ermənistanı  növbəti Ukraynaya çevirəcək 

Ermənistan xarici siyasətini şaxələndirmək üçün inamlı addımlar atmalıdır. Prioritet vektor dəyişikliyi deyil, xarici siyasətin şaxələndirilməsidir. Bu baxımdan, ilk növbədə, Türkiyə ilə hər cür əlaqəyə girməliyik. Hətta ağrılı güzəştlər və ya nə bilim, cəmiyyətimiz üçün ağrılı ideyalar olsa da, Türkiyə bu prosesdə həyati əhəmiyyət kəsb edir.

Bunu erməni analitik Qagik Kamalyan deyib.

“Xarici siyasətimizi şaxələndirə bilməsək, Rusiya ilə heç vaxt sağlam münasibətimiz olmayacaq”, - o bildirib.

Qagik Kamalyanın sözlərini “Sherg.az”a dəyərləndirən politoloq Elçin Xalidbəyli bildirib ki, hazırda Rusiya Ermənistandan deyil, Ermənistan Rusiyadan üz çevirib:

“ABŞ başda olmaqla Qərbin təlimatları ilə rəsmi İrəvan Kremlə qarşı addımlar atır. Ermənistanla Rusiya arasında olan münasibətlər hər keçən gün daha da gərginləşir. Son zamanlar Rusiyadan gələn mesajlar onu göstərir ki,  bu iki hərbi müttəfiq arasında münasibətlər artıq düşmənçilik həddinə çatıb. Ermənistan mediasında Rusiyanın  Ermənistanı növbəti Ukraynaya çevirəcəyi ilə bağlı xəbərlər yayılır. Hətta Rusiyada bəzi deputatlar açıq şəkildə Ermənistanın Rusiyanın quberniyası olacağını bildirir. Bütün bunlar Ermənistanın Rusiyanın tərkibinə qatılma  prosesisinin başlanmasından xəbər verir”.  

Politoloq Ermənistanın siyasi dairələrini narahat edən əsas məsələlərdən birinin də Rusiya ilə pozulan münasibətlərinin alternativi olaraq daha etibarlı hərbi müttəfiq tapa bilmədiyi olduğunu vurğulayıb: 

“Yəni Paşinyan hakimiyyəti öz üzərinə  təkbaşına Rusiya ilə uzaqlaşma xətti götürür. ABŞ və Qərb Ermənistana verdiyi vədlərə əməl etmir. Belə şəraitdə Kamalyanın örnək göstərdiyi Türkiyə məsələsi böyük önəm kəsb edir. Çünki Türkiyə pəncərəsi  Qərbə daha yaxşı çıxmaq üçün  Ermənistan üçün böyük önəm daşıyır. Ermənistan Türkiyə ilə münasibətləri düzəldərsə, bu zaman nəfəs ala bilər. Amma rəsmi İrəvan yaxşı başa düşür ki, Türkiyə ilə münasibətləri yaxşılaşdırmağın tək yolu Azərbaycanın şərtləri daxilində sülh sazişini imzalamaqdır. Azərbaycan və Türkiyənin istəyinə uyğun olaraq Zəngəzur dəhlizini açmaq lazımdır. Paşinyan özü də il sonuna qədər Azərbaycanla sülh sazişi imzalamağa hazır olduğunu bildirib. Türkiyə rəsmi dairələri Azərbaycan məmnun olmayana kimi Ermənistanla münasibətləri normallaşdırmaq fikrində deyil”.