"Onların istədiyi şərtlərdə ermənilərin Qarabağa qayıtması mümkün deyil"  -  TƏHLİL

"Ermənilər sadəcə "qaçqın statusu" qazanmaqla Ermənistanı rahat şəkildə tərk edərək digər ölkələrdə yerləşmək istəyirlər"

Qarabağdan Ermənistana qaçan separatçılar yenidən fəaliyyətə başlamağa, Azərbaycana qarşı separatizmi davam etdirməyə hazırlaşır.

 Qondarma rejimi ləğv edən separatçıların sonuncu “başçısı” Samvel Şahramanyan İrəvanda bu qərarından imtina edəndən sonra “gələcəkdə nə etmək” haqda müzakirələrə başlayıb.

Ermənistan mediasının məlumatına görə, separatçılar dünən “Marriott” otelində qapalı toplantı keçirib. Toplantıda Şahramanyanla yanaşı, artıq mövcud olmayan qondarma “parlamentin keçmiş rəhbəri” olmuş Aşot Qulyan, qondarma “deputatlar” və digər separatçılar iştirak edib.

Qapalı toplantı bir neçə saat davam edib. Detallar açıqlanmır, amma əsas müzakirənin Xankəndidə qondarma rejimin ləğvi ilə bağlı verilən qərardan imtina edilməsi və bundan sonra atılacaq addımlarla bağlı olduğu deyilir.

Aşot Qulyan artıq prosesin başlandığını və yenidən fəaliyyətə keçmək haqda düşündüklərini deyib.

Separatçıların qondarma “nazir müavinlərindən” olmuş Artur Ayrapetyan isə qeyd edib ki, qapalı toplantıda baş verənlərə görə məsuliyyət məsələsini müzakirə ediblər, lakin əsas mövzu qarşıda atılacaq addımlarla bağlı olub. Eyni zamanda, Qarabağa qayıtmaq məsələsini müzakirə ediblər. Hərçənd, separatçılar erməni əhalisinin mövcud şərtlərlə - Azərbaycan vətəndaşlığını qəbul etdikləri halda qayıtmasına qarşıdırlar. Məlumata görə, toplantıda bu məsələ xüsusilə müzakirə edilib. Onlar hansısa “status”, yaxud “beynəlxalq zəmanət” altında qayıtmaq imkanları haqda düşünür.

Qərara alınıb ki, özləri tərəfindən ləğv edilmiş qondarma “artsax”ı qoruyub saxlasınlar və Ermənistanda fəaliyyətlərini davam etdirsinlər. Qarşıdakı dövrdə yeni toplantıların keçiriləcəyi, erməni separatizminin dirçəldilməsi istiqamətində aktiv fəaliyyəti bərpa edəcəkləri gözlənilir.


Baş tutan müzakirələri "Sherg.az"a şərh edən politoloq Natiq Miri söyləyib ki, hadisənin arxasında iki əsas məsələ dayanır:

"Birincisi, xaricdən gələn sifarişdir ki, məsələni gündəmdə saxlasınlar . Bu da xarici şəbəkələrə müdaxilə imkanı verir. Yəni hasisədən istifadə edərək Azərbaycan qarşı təzyiq mexanizmləri yaradılır. İkincisi, bu məsələni gündəmdə  saxlamaq üçün konkret maliyyə vəsaitlərinə ehtiyac var. Maliyyələşmə isə musiqini sifariş edən güclər tərəfindən veriləcək. Ona görə də Şahramanyanın timsalında bütün separarçılar yenidən bu "ideyanı" ayaqda tutmaqla erməni qanı üzərindən özlərini maliyyələşdirmək və böyük pullar mənimsəmək istəyirlər. Məsələnin əsas mahiyyəti budur".

Analitik əlavə edib ki, proseslərin Azərbaycana heç bir təsir imkanı olmayacaq:

"Bunu nə Ermənistanda fəaliyyət göstərməyə çalışan quldur separatçı rejim, nə də onları dəstəkləyən beynəlxalq mexanizmlər edə bilməz. Çünki "status" məsələsinin olmayan bir şeyə verilməsi mümkün deyil. Digər tərəfdən sual yaranır ki, beynəlxalq zəmanətlər nəyin üzərində qurulub veriləcək? Həmçinin BMT-nin Qarabağa gələn Müşahidə Missiyasının iki hesabatı var ki, burada da Qarabağ icmasının heç bir zorakılıq tədbiq olunmadan öz xoşları ilə ərazini tərk etdikləri bildirilib. Yəni Azərbaycan qarşı beynəlxalq müstəvidə hansısa qərarların qəbul edilməsi üçün heç bir hüquqi zəmin yoxdur. Ona görə də belə fikirlər boşdur".

N.Mirinin sözlərinə görə onların istədiyi şərtlərdə ermənilərin Qarabağa qayıtması mümkün deyil:

"Həmçinin göstərilən rəqəmlər də şişirdilmiş statistikadır. Bu rəqəmlər zamanında Ermənistan hökümətinin qərarı ilə Rusiya və digər bölgələrdən süni olaraq gətirilən ermənilərin hesabına bu səviyyəyə çatdırılıb. Ümumiyyətlə Qarabağ icması 20 min civarındadır. Onların isə 50 faizindən çoxunun Ermənistanı tərk etdiyi bildirilir. Digər tərəfdən gedənlərin əksəriyyəti gənclərdir. Qalanlar isə 50-60 yaşında insanlardır. Onlar isə Qarabağda birgə yaşadıqları azərbaycanlıları çox gözəl tanıyırlar. Ayrıca onların əksəriyyəti Azərbaycan ailələrinə qarşı cinayətdə iştirak ediblər. Sual yaranır ki, bu insanlar yenidən bizimlə birgə yaşaya biləcəkmi? Çünki azərbaycanlılar bu hadisələri unutmayıb. Ümumiyyətlə ermənilər etdiklərinin fərqindədirlər ona görə də geri qayıtmaq istəmirlər. Sadəcə "qaçqın statusu" qazanmaqla Ermənistanı rahat tərk edərək digər ölkələrdə yerləşmək üçün hüquqi zəmin əldə edirlər. Ona görə ki, dünyada qaçqınlar üçün belə imkanlar tanınır. Eyni zamanda Ermənistan "qaçqın statusu"nu suni şəkildə verməklə uzun müddət qlobal maliyyə mərkəzlərindən uzunmüddətli yardım tələb etmək istəyir".