Havaların isti keçməsi ekoloji tarazlığı pozur

Ekologiya və ətraf mühitin mühafizəsi (Layihə)

Bu, ilk növbədə insanların və heyvanların həyatı üçün ciddi təhlükə hesab olunur

Ekoloqlar bunu qlobal iqlim dəyişmələrinin nəticəsi kimi qiymətləndirir


  Qloballaşan və modernləşən dünyanın ekologiyası insan sağlamlığı üçün mühüm əhəmiyyət kəsb edir:
Azərbaycan istər beynəlxalq konvensiyalara, istərsə də daxili düzənə uyğun olaraq ətraf mühitin və ekologiyanın qorunması üçün mümkün olan hər bir addımı atır. Lakin bizdən asılı olmayan səbəblərdən ekologiya və  ətraf mühit zərər görə, çirklənə bilir. Xüsusən də, qlobal istiləşmənin neqativ təzahürləri illər keçdikcə planetin hər yerində özünü büruzə verməyə başlayıb. Bunun da səbəbi ətraf mühitin qorunması və ekoloji tarazlığın təminatı ilə bağlı vəziyyətin qənaətbəxş səviyyədə olmamasıdır.
  Məsələn, yay aylarında tez-tez müşahidə edilən meşə yanğınları təbii sərvətlərə və ətraf mühitə böyük zərər vurur. Bir sıra  dövlətlərdə olduğu kimi, Azərbaycanda da enerjidaşıyıcıları və enerji resurslarından  geniş istifadə, atmosferin sənaye və avtomobil qazları ilə çirklənməsi istiləşmə effektini artıran amillər arasındadır.
Havaların  isti və quraqlıq keçməsi də öz növbəsində  ətraf mühitə təsirsiz ötüşmür. 
  Qlobal iqlim dəyişikliyinin özünü büruzə verən fəsadlarından biri də son illər dünyada, o cümlədən də ölkəmizdə qışda yaz, yayda payız havasının  müşahidə edilməsidir. 
  Adətən noyabr ayına az qalmış havalar soyuyar, yağış, bəzən hətta qar yağardı. Bu il isə adət etdiyimizdən fərqli hava şəraiti hökm sürür. Payızda yaz havası hökm sürür. Ekoloqlar isə bunu qlobal iqlim dəyişmələrinin nəticəsi kimi qiymətləndirir. Qeyd edirlər ki, qlobal iqlim dəyişikliyi dünyanın bəzi bölgələrində qasırğaların, sel və daşqınların artmasına səbəb olub. Həmçinin davamlı quraq havanın da təbiətə bir çox mənfi təsiri var. Bu, ilk növbədə insanların və heyvanların həyatı üçün ciddi təhlükə hesab olunur.
  İqlim dəyişmələri yağıntıların qeyri-normal şəkildə paylanması, fəsillərin sürüşməsi və davamlılığının artması, su və meşə resurslarına, insan sağlamlığına təsirlərlə özünü göstərir. Bunun nəticəsində ekoloji tarazlıq pozulur, bu, insanla ətraf mühitin, meşə təsərrüfatı ilə kənd təsərrüfatının, su resursları ilə torpağın qarşılıqlı əlaqələrinə təsir edir. Bu antropogen təsirləri azaltmaq lazımdır. Azərbaycan da iqlim dəyişmələrinə adaptasiya tədbirlərini gücləndirməlidir. Ölkədə iqlimin su, kənd təsərrüfatı, səhralaşma proseslərinə təsirinin yumşaldılması tədbirləri həyata keçirilməlidir. Biz mövcud iqlim dəyişikliklərinə uyğunlaşmalıyıq.
  Dəyişikliyə tab gətirməyən bitki və heyvanların nəsli kəsilir. Ekoloji tarazlığın pozulması artıq bizdə də özünü büruzə verir. Bir neçə ildir ki, Bakıya qar yağmır. Belə isti havanın isə müxtəlif sahələrə zərəri var. İlk növbədə aqrar sahəni qeyd etmək lazımdır. Çünki yağış yağmadıqda, məhsuldarlıq da aşağı olur. Artıq bəzi regionlarda su qıtlığı problemi aktuallaşmağa başlayıb. Digər tərəfdən, isti hava insan sağlamlığına da zərərlidir. Anomal hava, maqnit dalğaları insanlarda halsızlıq, baş ağrıları yaradır. Temperatur dəyişmələri müxtəlif virus xəstəliklərinin sayını artırır.
Qeyd edək ki, anomal istilər noyabr ayının ilk həftələrində də davam edəcək.
  Ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva bildirib ki, bəzi Avropa ölkələrində oktyabr ayının sonu anomal isti keçib. Son günlər qeyri-adi isti Londonda, Macarıstanda qeydə alınıb ( +21°C). Adətən ilin bu dövründə hava kəskin soyuyur və yağış yağmağa başlayır: “Lakin bu il İspaniyanın cənub sahillərində çimərlik mövsümü hələ də davam edir. Payızın isti keçməsindən əhali məmnun olsa da, alimlər o qədər də optimist deyillər və bunların hamısının iqlim dəyişmələrinin xəbərdarlıq əlamətləri olduğunu xatırladırlar.


Nazir müavini deyib ki, adətən payızın ortalarında atmosfer sirkulyasiyasında dəyişikliklər baş verir, soyuq arktik hava kütlələrinin ölkəyə axını sentyabr ayına nisbətən daha tez-tez müşahidə olunur: “Amma nəzərə alsaq ki, havanın istiliyi hətta Sibirdə gün ərzində müsbət 15 dərəcəyə çatıb, o zaman Azərbaycanda belə mülayim havaya təəccüblənməyə dəyməz. Paytaxtda 22 gün ərzində havanın temperaturu iqlim normasından yüksək olub. Oktyabrın 27-də temperatur maksimum 31,4 dərəcə, yəni normadan 7 dərəcə yüksək qeydə alınıb. Qeyd edək ki, bu ilin oktyabr ayı temperatur baxımından instrumental müşahidələr tarixində ən isti keçən, 2012-ci ilin oktyabr ayına yaxın olub. Həmin il paytaxtda havanın orta aylıq temperaturu 19,2 dərəcəyə çatıb. Lakin 2012-ci ildə rekord temperatur oktyabr ayının əvvəlində 32,7 dərəcə, son günlərində isə 21 dərəcə qeydə alınıb. 2023-cü ildə isə bunun əksi olaraq ayın sonunda artıq 2012-ci illə müqayisədə temperatur demək olar ki, 10 dərəcə yüksəkdir. Buna görə də 2023-cü ilin oktyabrını əminliklə ən isti ay adlandırmaq olar”.
  Onun sözlərinə görə, anomal sinoptik şərait nəticəsində, yağıntıların mövsümi paylanması qanunauyğunluğu da pozulur:
“Məsələn, bu ay ərzində Abşerona cəmi 8 mm yağıntı düşüb ki, bu da hətta iyun ayı normasından da azdır. Adətən oktyabr ayında təxminən 28 mm yağıntı qeyd edilir. Yağıntının miqdarı dağətəyi ərazilərdə oktyabr ayında adətən 120 mm-ə yaxın olduğu halda, bu il 44 mm-ə qədər qeydə alınıb ki, bu da yay fəsli normasının hətta yarısından da azdır. Artıq altıncı aydır ki, okeanlarda rekord yüksək temperatur qeydə alınıb. Beləliklə, noyabr-dekabr aylarında ciddi dəyişikliklər olmasa, o zaman dünya alimlərinin fikrincə, 2023-cü il ən isti il ola bilər. Noyabrın ilk günlərinə gəlincə, temperaturda ciddi dəyişikliklər proqnozlaşdırılmır. Oktyabr ayının tendensiyası noyabr ayının ilk günlərində də davam edəcək. Havanın temperaturunun 20-24 dərəcə isti olacağı gözlənilir ki, bu da noyabrın iqlim normasından yüksəkdir”. (eco.gov.az)

Gözləntilərin əksinə bu il qışın sərt keçəcəyini qeyd edən ekoloq Telman Zeynalov isə “Şərq”ə açıqlamasında deyib ki, oktyabr-noyabr aylarında havanın mülayim keçməsində anomallıq yoxdur:

 "Apardığımız elmi araşdırmalar nəticəsində deyə bilərəm ki, bu il ölkəmizdə qış çox sərt keçəcək. Qlobal istiləşmə Yer kürəsinin öz oxunu günəşə doğru hərəkət etdirməsidir. Bu səbəbdən də planetin şimal qütbündə temperaturun dərəcəsi həddindən artıq yüksəkdir. Cənub tərəfdə isə Sakit və Atlantik okeanlarının suyu qızdıqca buxarlanır, yağışı da Şimal qütbünə göndərir”.

  T.Zeynalovun fikrincə, gələn ildən etibarən havalar soyumağa başlayacaq: “Yer kürəsi həm öz oxu, həm də günəş ətrafında dövr edir və bu səbəbdən Yerdə fəsillər tsiklik olaraq təkrarlanır, isti və soyuq aylar bir-birini əvəz edirlər. Əvvəli və sonu görünməyən bu proses min illərdir davam edir. Buzlaşma və istiləşmə dövrlərinin zaman-zaman bir-birilərini əvəz etməsi Yer kürəsini bugünkü vəziyyətə gətirib. Yer kürəsinin bir dəfə dövr edib öz yerinə qayıtması 120 min il çəkir. 50 faizi yəni, 60 min ili istiləşmə olur, geri qalan 50 faizində isə havalar yavaş-yavaş soyumağa başlayır. Bu zaman ərzində öz istiqamətini dəyişdirərək günəşdən uzaq hərəkət edir”. Ekoloqun fikrincə, həm qlobal istiləşmənin, həm də qlobal soyuqlaşmanın normadan kənara çıxması insanlar və ərtaf mühit üçün arzuedilməzdir.