“Avropa İttifaqı (Aİ) Azərbaycan hökumətinin mina təhlükəsinin aradan qaldırılması işini dəstəkləyir və dəstəkləyəcək”.
Bunu Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko noyabrın 4-də Milli Məclisdə “Mina təhlükəsi ilə mübarizə - partlayıcı sursatların ekosistemə təsiri” mövzusunda keçirilən ictimai dinləmədə deyib.
Onun sözlərinə görə, Azərbaycan üçün ərazilərin minalardan təmizlənməsi prioritet məsələlərdəndir.
ANAMA-nın fəaliyyətini yüksək qiymətləndirən P.Mixalko bildirib ki, Aİ digər məsələlərdə olduğu kimi, mina təhlükəsi ilə mübarizədə də Azərbaycanla əməkdaşlığa önəm verir.
"Biz vətəndaş cəmiyyətləri ilə yaxından əməkdaşlıq edirik. Təbii ki, mina təhlükəsi məsələsi də bura daxildir. Aİ Azərbaycan hökumətinin mina təhlükəsinin aradan qaldırılması işini dəstəkləyir və dəstəkləyəcək. Bu sahədə maarifləndirmə işlərində kömək etməyə hazırıq”, - deyə Aİ nümayəndəsi vurğulayıb.
Məsələyə münasibət bildirən hərbi-siyasi ekspert Telman Qasımov "Sherg.az"a bildirib ki, təkcə hərbçilər yox, mülki əhali də mina terrorunun qurbanına çevrilib:
"Problemin qarşısını almaq üçün Avropa ittifaqı, mina təhlükəsizliyində mütəxəssisləşən bütün beynəlxalq qurumlar Azərbaycandakı hadisələrə yetərli maraq göstərmirlər. Yəni Azərbaycan dövləti öz gücü hesabına bu prosesi aparır. Hətta Qeyri-hökumət Təşkilatları (QHT) bununla bağlı komissiya da yaratdı və beynəlxalq qurumlara müraciətlər ünvanlandı. Amma Ermənistanı müdafiə edən qurumlar onlara mina xəritələrinin verilməsi ilə bağlı təzyiq göstərmir. Sanki onların qulaqları kar, gözləri kordur".
T.Qasımovun sözlərinə görə ikili standartlar davam etdikcə mina problemi ilə üzləşməyə davam edəcəyik:
"Mina xəritələrini almağın ən effektiv yollarından biri də separatçıların saxlanılan "liderlərini" dindirməkdir. Çünki həmin xəritələrin qondarma rejimin qərargahında olmaması mümkün deyil. Yəni öyrənmək lazımdır ki, mina xəritələri Ermənistanın Baş Qərərgahınamı göndərilib, yoxsa 44 günlük müharibə zamanı separatçıların qərargahı vurulanda məhv olub? Ermənistan tərəfi mina xəritələrindən öz siyasi oyunlarında istifadə etməyə çalışır. Amma biz o xəritələrin harada olduğunu bilmirik. Bunu isə qondarma rejimin "rəhbərləri" açıqlamalıdır".