COP29 sessiyasından GÖZLƏNTİLƏR

Tədbirin Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq arenadakı qələbəsi kimi də qiymətləndirilə bilər

  “COP29-un Azərbaycanda keçirilməsi əlamətdar hadisədir və çox böyük əhəmiyyət kəsb edir”. Bunu BMT Baş katibinin sözçüsü Stefan Dujarrik deyib.
Onun sözlərinə görə, hadisənin BMT üçün də çox böyük əhəmiyyəti var: “Biz ötən həftələrdə Azərbaycanın Ermənistanla razılaşma əldə etməsini, əsirlərin mübadiləsinin şahidi olduq ki, bu da müəyyən mənada münasibətlərin normallaşması və gərginliyin azalmasına gətirib çıxardı və eyni zamanda Azərbaycanın səriştəli və aydın bir ölkə kimi COP29-a ev sahibliyi etmək üçün rəsmi namizəd olmasına imkan verdi”. Onun sözlərinə görə, Ermənistanın COP29-un ev sahibliyinə namizədlikdə Azərbaycanı dəstəkləməsi gərginliyin azalmasının əlamətidir: “İqlim dəyişikliyi hamımızın üzləşdiyi əsas qlobal problemdir. Qafqaz və Mərkəzi Asiya ölkələri də iqlim dəyişikliyindən əziyyət çəkib və əziyyət çəkməkdə davam edir. Ona görə də biz Azərbaycanın COP29-a sədrliyini çox səbirsizliklə gözləyirik. İqlim dəyişikliyi ilə mübarizə Baş katibin həqiqətən ürəkdən davam etdirdiyi mübarizədir və düşünürəm ki, heç bir dünya lideri bu məsələdə onun qədər daha açıq və tutarlı olmayıb. Baş katib bu mübarizəni davam etdirəcək və o, növbəti dəfə Azərbaycan Prezidenti ilə əməkdaşlığı səbirsizliklə gözləyir”.
  Ekoloq, Xəzər Universitetinin Coğrafiya və ətraf mühit departamentinin müdiri Rövşən Abbasov “Sherg.az"a açıqlamasında deyib ki, Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a 2024-cü ildə ev sahibliyi etməsi qlobal əhəmiyyətindən bəhs edib.
  COP tədbirlərinin 1995-ci ildən keçirildiyini xatırladan ekoloq deyib ki, ilk tədbir də Berlin şəhərində qeyd edilib. 1997-ci ildə Yaponiyanın Kioto şəhərində baş tutan tədbirdə iştirak edən ölkələr öz üzərlərinə istixana qazlarının miqdarını azaltmaqla bağlı konkret öhdəliklər götürüblər: “Bu sənəd “Kioto protokolu” olaraq tarixə düşüb. 2015-ci ildə Parisdə keçirilən COP sessiyasında isə Paris razılaşmalarını imzalayan ölkələr 2030-cu ildə öz ərazilərində istixana qazlarının miqdarını azaltmağı əsas məqsəd kimi qoyublar. 200-ə yaxın ölkə Paris İqlim Sazişini imzaladı. Paris İqlim sazişinin əsas hədəfləri 2100-cü ilə qədər planetdə orta temperaturun sənayeləşmədən əvvəlki səviyyədən 2°C-dən çox artmasının qarşısını almaq və qlobal istiləşməni 1,5°C-də saxlamaqdan ibarətdir. Azərbaycan da öz ərazilərində istixana qazlarının miqdarını 35 faizə qədər azaltmağı könüllü öhdəlik kimi götürməyi qəbul edib. Elə həmin vaxtdan bəri ölkəmiz bu istiqamətdə çox mühüm irəliləyişlərə nail olub. İstixana qazlarının atmosferə daxil olmasına səbəb olan sənaye obyektlərinin təftişi keçirilib.Yer kürəsində iqlimin dəyişikliyinin belə sürətlə baş verməsinin başlıca səbəbi son onilliklər ərzində atmosferə buraxılan istixana qazlarının həcminin sürətlə artmasıdır. Azərbaycan son illərdə iqlim dəyişikliyi probleminin həllinə və davamlı inkişafın təşviqinə də xüsusi diqqət ayırır. Ölkəmiz alternativ enerjiyə keçid səylərinə görə regionda birincidir və bu istiqamətdə çalışmalar gün keçdikcə artır. Artıq Azərbaycan "yaşıl enerji"yə keçidlə bağlı əhəmiyyətli addımlar atır. Ümumiyyətlə, "Yaşıl enerji" növlərinin yaradılması və "yaşıl enerji"nin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir".
  R.Abbasovun sözlərinə görə, külək elektrik stansiyaları tikilir, ümumi enerji istehsalında alternativ enerjinin payı sürətlə artır. Ölkəmizə gətirilən nəqliyyat vasitələrinin arasında hibrid və elektromobillərin sayı sürətlə artır: “Ölkəyə gətirilən elektrik avtomobillərinin stimullaşdırılması məqsədilə onlar gömrük rüsumundan azad edilib. Hibrid avtomobillərinin gətirilməsi zamanı tələb olunan rüsum isə azaldılıb. Ölkəmiz son bir neçə ildə iqlim dəyişikliyi ilə bağlı təşəbbüslərini inkişaf etdirməyə davam etsə də, bu aktual problemin effektiv həlli üçün qlobal miqyasda davamlı səylərə və əməkdaşlığa ehtiyac var. Ona görə də siyasi və ekoloji baxımdan son dərəcə mühüm tədbir hesab olunan COP29-un Azərbaycanda keçirilməsi kifayət qədər əhəmiyyətli bir hadisədir. Belə mötəbər tədbirin keçirilməsi Azərbaycanın beynəlxalq imicinin daha da yüksəlməsinə, iqlimlə bağlı məsələlərdə müxtəlif xalqlarla yüksək səviyyəli diplomatik dialoqlar aparılmasına əsas yaradır. 80 minə yaxın insanın bu tədbirdə iştirakı gözlənilir. 197 ölkədən nümayəndə qoşulacaq. COP tədbirlərində iştirak edən dövlətlər ya konkret qərarlar qəbul edir, ya da qəbul edilmiş qərarların müzakirəsi ilə məşğul olurlar. Güman edirəm ki, COP29 sessiyasında mühüm qərarlar qəbul ediləcək. Bu tədbirin Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq arenadakı qələbəsi kimi də qiymətləndirilə bilər. Bu tədbirin Azərbaycanda keçirilməsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə İqtisadiyyat Nazirliyinin çox böyük əməyi var. Azərbaycan nəinki öz ərazisində istixana qazlarının azaldılması üçün hərtərəfli və məqsədyönlü ş aparır, eyni zamanda istixana qazlarının qlobal səviyyədə azaldılmasında da mühüm bir oyunçuya çevrilməkdədir. Ölkəmiz özünün ekoloji siyasətində istixana qazlarının azaldılmasına, iqlim dəyişiklikləri ilə mübarizəyə çox böyük önəm verir. Azərbaycan Avropa və Asiya arasında körpü rolunu oynayaraq iqlim məsələlərində regional əməkdaşlığı inkişaf etdirmək üçün COP29-dan istifadə edəcək. Bu, qonşu ölkələr arasında əməkdaşlığı təşviq edərək iqlimə davamlılıq və təsirlərin yumşaldılması istiqamətində kollektiv səyləri də canlandıracaq”.