Dərin çat: Moskva ilə İrəvan arasında münasibətlər normallaşır?

Rusiya və Ermənistan bir-birinin ərazisində KİV-in fəaliyyət məsələləri üzrə operativ kanallar yaradıb.
 Bu barədə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin "TASS" agentliyinə deyib
"Ölkələrimiz arasında kütləvi kommunikasiyalar sahəsində 30 noyabr 2020-ci il tarixli əməkdaşlıq sazişi mövcuddur. Dekabrın 14-də Rusiya Federasiyası Rəqəmsal İnkişaf, Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyi ilə Ermənistan Respublikasının Yüksək Texnologiyalar Sənayesi Nazirliyi arasında ikitərəfli məsləhətləşmələr məhz bu saziş çərçivəsində keçirilib. Danışıqlar zamanı Rusiyanın nümayəndə heyəti erməni həmkarlarını dinləyib və onların narahatlığını diqqətə alıb. Vacib olan odur ki, məsləhətləşmələr çərçivəsində tərəflər mümkün fikir ayrılıqlarını ölkələrimiz arasında dost münasibətləri ruhunda həll etmək üçün operativ kommunikasiya kanallarının yaradılmasınə razılaşdırıblar", - o deyib.
Xatırladaq ki, bir qədər əvvəl Ermənistanın yüksək texnologiyalar sənayesi naziri Robert Xaçatryan Rusiya kanallarının Ermənistanda yayımlanmasının dayandırılmasının müzakirə olunmadığını bildirib.
"Faktları təqdim etməyimizə ehtiyac yoxdur. Biz pozuntunun olduğunu bildirdik. Rusiya tərəfi bu faktı qəbul etdikdə biz bunu yetərli hesab etdik və təfərrüata varmamağa üstünlük verdik", - o deyib

Mövzu ilə bağlı “Sherg.az”a danışan tanınmış jurnalist, siyasi şərhçi Fuad Abbasov bildirib ki, atılan addımlara  baxmayaraq Ermənistanla Rusiya arasında münasibətlərin normallaşdığını demək üçün tezdir: 
“Çünki bir tərəfdən onlar nəyisə düzəltməyə çalışırlarsa, digər tərəfdən münasibətlərinə ciddi şəkildə ziyan dəyir. Məsələn Ermənistanda dünən alınan qərara görə “Russia Today” təşkilatına aid “Sputnik News” kanalının yayımlanması qadağan edilib. Beləliklə Ermənistan bir daha Rusiyadan təxribat məqsədli istifadə edilən radiostansiyaların yayımlanmasına qarşı olduğunu, etiraz etdiyini bildirdi”.

F. Abbasov Paşinyanın  dekabrın 25 və 26-da Sankt-Peterburqda keçiriləcək Aİİ İqtisadi Şurasının və MDB Dövlət Başçıları Şurasının iclasında iştirakının da Rusiya ilə əlaqələri gücləndirmək üçün deyil, Ermənistanın bugünki reallıqları ilə bağlı olduğunu  vurğulayıb:
 “Reallıq dedikdə Ermənistan iqtisadiyyatı tamamilə Rusiyadan aslılığı başa düşülür. İstər Yuxarı Lars gömrük postunda erməni yük avtomobillərinin keçidinin məhdudlaşdırılması, istər qaz qiymətlərinin yeni ildən etibarən fərqli satış qiymətinə yüksəldilməsi, istərsə də, Ermənistan və Rusiya arasında ticarətə mane olan, məhdudlaşdıran digər qərarlar Ermənistan iqtidarını Rusiyanın tələblərinə əməl etməyə vadar edir. Amma bu heç bir şəkildə Ermənistanın Qərb yönümlü siyasətinin qarşısını almır və əmrlərin oradan gəlməsinə mane olmur. Müvəqqəti olaraq Ermənistan hakimiyyəti ölkənin iqtisadiyyatını ayaqüstə saxlamaq üçün, Avropadan yetərli maddi dəstək alana qədər bu cür addımlar atır”.