Ukraynayla-Rusiya savaşı: Kreml gah nala, gah mıxa vurur

Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə danışıqlara hazırdır.
Bunu Kremlin sözçüsü Dmitri Peskov "New York Times" qəzetinə açıqlamasında bildirib.
O qeyd edib ki, Rusiya lideri xüsusi hərbi əməliyyatın məqsədlərinə nail olmaqdan ötrü Ukrayna ilə danışıqlara hazırdır.
“Rusiya əvvəlki kimi buna hazırdır, lakin yalnız öz məqsədlərinə çatmaq üçün...” deyə Peskov vurğulayıb.

Peskovun sözlərini “Sherg.az” üçün şərh edən politoloq Sultan Zahidov bildirib ki, Rusiyanın bir açıqlması ilə digəri üst-üstə düşmür:

“Bir tərəfdən Putin deyir ki, hərbi əməliyyatlar sona qədər davam edəcək, digər tərəfdən isə sülh danışıqlarına hazır olduğunu vurğulayır. Peskov da son açıqlamasında Rusiyanın öz məqsədlərinə çatmaq üçün danışıqlar apara biləcəyini söyləyib. Hərbi əməliyyatlar başlamazdan öncə Rusiyanın qarşısına qoyduğu məqsədlərdən başlıcası Ukraynanı demitarizasiyaya məruz qoymaq idi. Moskva belə şərtlər irəli sürəcəksə, sözsüz danışıqlar baş tutmayacaq. Digər tərəfdən rəsmi Kiyevində tələbləri Rusiya üçün kifayət qədər ağırdır. Bu hadisələr tərəflər arasında sülh sazişinin imzalanmasının qeyri-mümkünlüyünü göstərir. Amma hadisələrin gedişatını izlədikdə yaxın zaman kəsiyində atəşkəsin imzalanması real görsənir. Nəzərə alsaq ki, hər iki ölkə müharibə səbəbiylə olduqca tükənib. Rusiya Ukraynanın maddi, hərbi, enerji və s. baxımından yetərsizləşməsini və danışıqlar masasına oturmasına çalışır. Lakin digər tərəfdən Rusiyanın  özünün iqtisadiyyatı təzyiqlərlə üz-üzədir, rəsmi Kreml beynəlxalq aləmdən təcrid olunub. Bütün başverənlərin fonunda Rusiya da atəşkəs üçün razılaşma tərəfdarıdır”.
  
Politoloq ABŞ da demokratların hakimiyyətdə olmasının atəşkəs üçün problem yaratdığını söyləyib:
 “Çünki demokratların xarici siyasətinin əsas prioritet məsələlərindən biri Ukrayna Rusiya müharibəsidir. Bu baxımdan onlar tərəfindən bu günə qədər 113 milyard dollar vəsait ayrılıb. Atəşkəsin imzalanması pulların hədər getməsi demək olacaq. Amma  növbəti il ABŞ də Prezident seçkiləri baş tutacaq. Donald Trump qalib gələcəyi təqdirdə Ukraynaya ayrılan vəsaitdə azalmaların olmasına ehtimal böyükdür. Belə olan halda Ukraynanın danışıqlar masasına oturmasının şahidi ola bilərik. Ən az ABŞ da baş tutacaq seçkilərə qədər müharibənin davam edəcəyini düşünürəm. Müəyyən periodlarda intensivlik azala bilər, amma ən az 1 il davam edəcəkdir”.