Nikolun Rusiya macərası: Paşinyan nə etməyə çalışır?

Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya Federasiyasına iki günlük işgüzar səfərə gedib.
Bu barədə Ermənistan Baş nazir Aparatı məlumat yayıb.
Bildirilib ki, Baş nazir dekabrın 25-də Sankt-Peterburqda Ali Avrasiya İqtisadi Şurasının iclasında, dekabrın 26-da isə MDB-nin qeyri-rəsmi sammitində iştirak edəcək.

Paşinyanın səfərinin Rusiya Ermənistan münasibətlərinə təsiri barədə "Sherg.az"a danışan Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov bildirib ki, bir neçə müddətdir ki, Ermənistan Rusiya vektorundan uzaqlaşıb:

“Rusiyaya qarşı Ermənistan cəmiyyətində də münasibətlər kəskinləşib. Rusiya isə Ermənistandakı bu anti-Rusiya ritorikasına cavab olaraq rəsmi İrəvana iqtisadi təzyiqləri artırıb. Belə halda əli-qolu bağlanan Paşinyan yeni bir xətt tutaraq, bu tip addımlarla Rusiya ilə aralarındakı çatları, pozulan münasibətləri aradan qaldırmağa çalışır. Hər halda Nikol Paşinyan ilin sonunda regionun önəmli şəxslərinin iştirak etdiyi tədbirdə onun iştirak etməməyinin Rusiya-Ermənistan münasibətlərində geridönülməz  yol ola biləcəyini yaxşı başa düşür. Nəticə etibarı ilə Sankt-Peterburqa getmək məcburiyyətində qaldı. Buna baxmayaraq Paşinyanın tədbirdə iştirakının Rusiya-Ermənistan münasibətlərində ciddi bir normallaşmaya səbəb olacağını düşünmürəm. Çünki Ermənistan iqtidarında təmsil olunan yüksək rütbəli rəsmilərin Rusiya əlehinə ritorikasında yumşalma yoxdur. Səfər sadəcə formal xarakter daşıyır. Rusiya hakimiyyətidə bu tədbirdə iştirakla yenidən Ermənistana güvənməyəcəkdir”.