Barıt çəlləyi: Serbiyada fitili kim yandırıb?  

Serbiyada “Maydan təcrübəsi” tətbiq edilir.
Qərb dövlətləri Serbiyadakı vəziyyəti sarsıtmağa çalışır.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Kollektiv Qərbin “Maydan çevrilişi” üsullarından istifadə edərək Serbiyada vəziyyəti sarsıtmaq cəhdləri göz qabağındadır”, - o bildirib.
Qeyd edək ki, “Serbiya zorakılığa qarşı” müxalifət blokunun tərəfdarları ötən gün Belqrad administrasiyasının binasına basqın edib, şəhərə ciddi ziyan vurublar.

Mövzu ilə bağlı "Sherg.az"a danışan Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli bildirib ki, hazırda Qərb ölkələri Serbiyada hakimiyyəti dəyişdirməyə çalışırlar:

" Səbəb isə Serbiyanın  Rusiya ilə müttəfiq olmasıdır. Eyni prosedurları bundan öncə  Belarusiyaya, Türkiyəyə, hətta bəzən Azərbaycanda da etməyə çalışdılar, amma bu uğursuz oldu. Baş verənlər silsilə prosesin tərkib hissəsidir. Budəfəki həlqə isə Serbiyadır. Serbiya Balkanlarda, çox starteji nöqtədə yerləşir. Həmçinin Birinci Dünya Müharibəsinin başladığı nöqtədir. Yəni hərbi-siyasi baxımdan kifayət qədər həssas ərazidir. Bu mənada orada hansısa barut çəlləyini xatırladan hadisələrin olma ehtimalı yüksəkdir. Ona görədə iki cəbhə arasında xüsusən Ukrayna savaşı konteksində qarşıdurma Serbiyada önəmli yerə malikdir. Hazırda Serbiyada Qərb cəbhəsi ilə Şərq cəbhəsi arasında həlledici savaş gedir. Nəticə isə Ukraynada gedən müharibənin talehinə və ondan sonrakı proseslərə də öz təsirini göstərəcək".