“Sərhədlərin bağlı qalması iqtisadiyyata da ziyandır, turizm sektoruna da, əhalinin büdcəsinə də”
Ötən ilin sonlarında – yeni il öncəsi Nazirlər Kabineti quru sərhədlərin bağlı ömrünü 2024-cü il aprelin 1-dək uzatmaqla əhaliyə qəşəng hədiyyə etdi. Bu, Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə Nazirlər Kabinetinin növbəti qərarıdır. Qərarda göstərilir ki, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2024-cü il 2 aprel saat 06:00-dək uzadılsın. Bu qərar əslində, quru sərhədlərin bağlı qalmasından savayı başqa heç nəyə aid deyil. Çünki ölkə ərazisində kafantin rejiminə tabe yalnız quru sərhədlər qalıb. Koronavirus infeksiyasının yayıldığı vaxt kimsə buna etiraz etmirdi. Lakin dünyada pandemiya çoxdan bitibsə və hər hansı digər ölkələr də COVID-19-dan savayı, qızılcaya, məxmərəyə, su çiçəyinə, qripə... görə karantin rejimi elan etmirsə, insanlar rahatca bir ölkədən digərinə səyahət edirsə, niyə bizdə quru sərhədlər bağlı qalır, sualı artıq hər kəsi düşündürür və qıcıq yaradır. O səbəbdən ki insanlar “qulaqlarını dibində”ki Tükiyəyə, Gürcüstana, Rusiyaya quru yolla, qatar və ya avtobusla gedib-gələ bilmirlər. Bu ölkələrin hər 3-ü ilə bağlarımız dərindir. Biri bizə doğmaca qardaş, digəri qardaş-bacılarımızın yaşadığı, dədə-baba torpaqlarımız, üçüncüsü də, soydaşlarımızın axın etdiyi, ticari əlaqələrimizin güclü olduğu dövlətdir. Amma insanlar 3 ildir ki, rahat və sərfəli gediş-gəliş imkanından məhrum edilib. Qazanc da əldə edə bilmirlər. Doğmalarına da həsrət qalıblar. Təyyarə reysləri var, lakin hökumətə məlumdur ki, orta-statistik azərbaycanlının təyyarə ilə səfər etmək imkanı məhduddur. Sadə azərbaycanlı təyyarə səfərlərinə maraq göstərmir, çünki bunun üçün vəsaiti yoxdur. Bu baxımdan “AZAL” və ya hansısa başqa aviaşirkətin təyyarə reyslərindən qazancı və büdcəyə gəliri, sadə insanların quru yolla hərəkəti zamanı ümumilikdə ölkə iqtisadiyyatına və ailə büdcəsinə əlavə edə biləcəkləri gəlirin müqabilində çox kiçikdir. Qeyd edək ki, indiyədək Milli Məclisdə də bu məsələ dəfələrlə qaldırılıb, deputatlar quru sərhədlərin açılmasının vacibliyini vurğulayıblar. Bu arada bir məlumat da var ki, Prezident seçkilərindən sonra quru sərhədlərin açılması məsələsinə baxılacaq. Məlumat nə dərəcədə həqiqətəuyğundur?
İqtisadçı Fuad İbrahimov “Sherg.az"a açıqlamasında bildirdi ki, quru sərhədlərin bağlı saxlanmasının pandemiya ilə əlaqəli olması şərti xarakter daşıyır:
Ekspert qeyd etdi ki, Prezident seçkilərindən sonra dəyişiklik olacağını gözləyir:
- Düşünürəm ki, bəli, seçkilərdən sonra quru sərhədlərin açılması mümkün olar. Bu, yerli əhalinin güzəranına müsbət təsir edər. Nəzərə alaq ki, məhz quru sərhədlər bağlıdır deyə, sərhədyanı rayonlarımızdan Bakıya kifayət qədər axın var. Sərhədlərin bağlı qalması iqtisadiyyata da ziyandır, turizm sektoruna da, əhalinin büdcəsinə də. Bu, bizim sərhədyanı ölkələrlə mədəni-sosial əlaqələrimizi də zəiflədir.