Həmid Herisçi: Cəhənnəmin qapısınadək getdim...- MÜSAHİBƏ


"Rəhmətə getmiş çox adamları gördüm. Elə bil, bir albom idi, qarşımda vərəqlənirdi... Düşünürəm, niyə mən ölümdən qayıtdım?.. Mənə belə gəlir ki ictimaiyyət istəmədi, mən ölüm"


Bu günlərdə qızılca xəstəliyinə tutulan şair, yazıçı, publisist Həmid Herisçi müalicə olunduğu xəstəxanadan evə buraxılıb. Bu barədə yazıçının həyat yoldaşı İlhamiyyə Rza mediaya məlumat verərək bildirib ki, Həmid Herisçinin ciddi reabilitasiyaya ehtiyacı var. Sevilən yazıçımızın səhhəti barədə məlumat almaq üçün əvvəlcə İlhamiyyə xanımla əlaqə yaratmağa çalışdıq.

 Görünür, məşğul olduğundan telefona cavab verə bilmədi. Qeyri-ixtiyai Həmid bəyin mobil nömrəsini yığdım. Həmid bəyin “bəli” cavabı, məni çox sevndirdi. Amma bunu da deməliyəm ki, bu “bəli”, illərlə eşitməyə adət etdiyimiz tonda deyldi. Zəif idi səsi...  Bununla belə bizimlə qısaca söhbət etdi. Çox təşəkkür edirik.  Sherg.az söhbəti təqdim edir:

- Özünüzü indi necə hiss edirsiniz, Həmid bəy?  

- Müalicə olunuram...  

-Allah köməyiniz olsun, inşəllah tam sağalarsınız. Bilirsiniz, nə qədər sevəniniz var, oxucularınız, hamı sizin üçün dua edir...

-Təşəkkür edirəm, qayğılandığınız üçün... Bilirsiz, biz sosial nəsilik. Azərbaycanda bir nəsil var ki özünü düşünmür, özündən, ailəsindən çox insanları, işini, peşəsini, sənəti düşünür. Bizim babalarımız hərb fədailəri idi, biz də sənət fədailəriyik. Belə insanların şəxsi həyatı olmur. Onlar Vətən üçün yaşayırlar... Düşünürəm, son illərdə mədəniyyətimizdə böyük itkilər oldu. Mən də cəhənnəmin qapısınadək getdim. Amma məni ordan qaytardılar. İnanın, oracan getmişdim... Bu yaşda uşaq xəstəliyi keçirmək, nədi!  Uşaq vaxtı xəstələnmişəm bir dəfə, elə bilirdim qızılcadı. Amma deyilmiş, indi qızılca oldum... 

-Həmid bəy, axı həkimlər də deyir, uşaq vaxtı qızılca keçirmişl insanlar yaşından asılı olmayaraq yenə keşirə bilirlər. Bu, görünən haldır. 

-Nə bilim... Bizim kimi insanların, böyük insanların, kimin ki Əzrayılla dialoqu var, deməli ölümlə dialoqu var. Bu bir şkaladır. Necə ki ildırım şkalası var, 12 ballıq. Ölüm şkalası da belədir. Hansısa dərəcəyə çatırsan. Rəhmətə getmiş çox adamları gördüm. Elə bil, bir albom idi, qarşımda vərəqlənirdi... Düşünürəm; niyə mən ölümdən qayıtdım?..  

-Deməli, vaxt tamam deyilmiş, əcəl var...    

- Mən ölümə tam hazır idim... İnanın, səmimi deyirəm... Cəhənnəmin qapısı idi ora. Niyə görə qaytardılar?..

-Bu sualı hələ çox özünüzə verəcəksiniz...  

-Mənə belə gəlir ki ictimaiyyət istəmədi, mən ölüm. 

-Hazırda necəsiniz, əvvəlki günlərə nisbətən səhhətinizdə irəliləyiş varmı?

-Güclə özümə gəlirəm. Bu elə xəstəlikdir ki gərək qayğını çəkən olsun.

-Sizin qayğınızı çəkən var, İlhamiyyə xanım sağ olsun... 


-Ən böyük yük İlhamiyyə xanıma düşür. Mən istəyirəm ona qayğı göstərilsin, ona da kömək lazmdır, psixoloji, mənəvi dəstək lazımdır. Çünki çox əziyyət çəkdi, stress keçirdi. 

-İnşəllah, tam sağalarsınız, yenə söhbət edərik. Sizi yormaq istəmirəm. 

-Siz də sağ olun, dostlar sağ olsunlar, hamı maraqlanır, əhvalımı soruşurlar. 

-Salamat qalın, Həmid bəy. Can sağlığı sizə.