Həm müharibə, həm də sülh prosesi sanki birlikdə hərəkət etməyə davam edir -Samet Zenginoğlu

Tramp seçkilərə görə müharibənin ABŞ-nin xeyrinə sürətlə başa çatması üçün böyük səy göstərir

Yaxın Şərqdə ABŞ, İsrail və İran arasında davam edən qarşıdurma hərbi əməliyyatlarla yanaşı, diplomatik müstəvidə də ciddi fikir ayrılıqlarını gündəmə gətirib. Tərəflər arasında danışıqların aparılmasına baxmayaraq, xüsusilə münaqişənin başa çatdırılması şərtləri, Hörmüz boğazı və İranın nüvə proqramı ilə bağlı məsələlər üzrə ortaq mövqe formalaşmayıb. İslamabad Anlaşma Memorandumu çərçivəsində nəzərdə tutulan 60 günlük danışıqlar müddətinin başa çatması ilə prosesin gələcəyi daha da qeyri-müəyyənləşib. ABŞ Prezidenti Donald Trampın danışıqları dayandırmaq göstərişi və Vaşinqtonun yeni hücumlar əvəzinə Tehrana qarşı maliyyə, iqtisadi təzyiqləri artırmağa üstünlük verməsi isə tərəflər arasındakı diplomatik prosesin hazırkı mərhələsini daha mürəkkəb vəziyyətə gətirib.

Beynəlxalq münasibətlər üzrə ekspert, Aksaray Universitetinin elmlər doktoru Samet Zenginoğlu Sherg.az-a ABŞ-İran münasibətlərinin hazırki vəziyyətindən danışıb:

"ABŞ-İsrail və İran müharibəsi 28 fevral 2026-cı il tarixindən etibarən qarşılıqlı hücumların həyata keçirildiyi prosesi özü ilə gətirdi. Lakin intensiv diplomatik trafikin ardından 17 iyun 2026-cı ildə İslamabadda keçirilən danışıqlar həm regionda, həm də beynəlxalq ictimaiyyətdə davamlı sülhün bərqərar olması üçün ciddi ümid işığı oldu. Lakin gözlənilən baş vermədi. Atəşkəsin nəzərdə tutulan 60 günlük zaman dilimində həm İsrailin Livana yönəlik hücumları, həm də İranın Körfəz ölkələrinə qarşı qisas hücumları vaxtaşırı davam etdi. Üstəlik, ABŞ Prezidenti Trampın açıqlamaları da konstruktiv diplomatik dildən daha çox təhdidedici ifadələr ehtiva edirdi. Buna görə də tərəflər kritik məsələlər üzrə yekun həllin əldə olunmasına heç də çox yaxınlaşmadılar. Çünki bütün bu proses ərzində ABŞ və İran tərəflərinin ortaq məxrəcə gələcəyi zəmin formalaşdırıla bilmədi. Şübhəsiz ki, Hörmüz boğazı böhranı da bu fikir ayrılığı doğuran məsələlərin ilkini təşkil edirdi".

Analitik qeyd edib ki, İran Hörmüz kartından əl çəkmək istəmədiyi halda, ABŞ bir tərəfdən minaların təmizlənməsinə işarə edir, digər tərəfdən isə blokada siyasətindən imtina etmirdi:

"Bundan əlavə, İranın dondurulmuş aktivlərlə bağlı tələbləri də açıq şəkildə qarşılanmadı. Nəhayət, İranın nüvə proqramının hansı istiqamətdə irəliləyəcəyi ilə bağlı konkret razılaşma əldə olunmadı. ABŞ Prezidenti Tramp İranın razılaşmaq məsələsində davamlı addım atmadığını iddia edərkən, İran isə ABŞ-yə qarşı etimadsızlığını tez-tez dilə gətirir. Əlbəttə, burada bu məqamı da nəzərdən qaçırmamaq lazımdır: İranda sülh tərəfdarı olan açıqlamalara şahidlik edilsə də, İnqilab Keşikçiləri Korpusundan gələn bəyanatlar hələ də sülhdən çox uzaqdır. Digər tərəfdən, ABŞ üçün müharibənin iqtisadi və psixoloji xərci gün keçdikcə artmaqda davam edir. Eyni zamanda, noyabr ayında yaxınlaşan aralıq seçkilər var". 

Politoloq bildirib ki, Tramp seçkilərə görə müharibənin ABŞ-nin xeyrinə sürətlə başa çatması üçün böyük səy göstərir:

"Çünki açıqlamalarına nəzər salsaq, o da müharibənin bu qədər uzun və mürəkkəb bir prosesi özü ilə gətirəcəyini heç də düşünmürdü. Bu səbəbdən artıq isti müharibənin davam etdirilməsindən daha çox, sanksiyalar üzərindən hərəkət etmək daha məqbul görünür. Bütün bu səbəblərə görə qeyri-müəyyənlik qısa müddətdə davam edəcək. Çünki həm müharibə, həm də sülh prosesi sanki birlikdə hərəkət etməyə davam edir".