Millət vəkillərinin son akkordu...

Qənirə Paşayeva, Musa Quliyev sosial siyasətdən, Qüdrət Həsənquliyev Qarabağdan, Əli Məsimli əmək haqlarından danışıb



Dünən Milli Məclisin payız sessiyası başlayıb. Sessiyanın ilk iclasında millət vəkilləri təkliflər səsləndiriblər. Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyib ki, Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi, səhiyyə, qanunvericilik sahəsində görülən işlər göz qabağındadır: "Uşaqların icbari dispanzeriyası ilə bağlı Milli Məclis qanun qəbul edib. Təklif etdiyim məsələ uşaqların anadangəlmə lal-kar dünyaya gəlməsi ilə bağlıdır və qanunvericilikdə dəyişiklik etsək, yaxşı olar.

Bu cür problemi olan uşaqlara 3 yaşa qədər müdaxilə edilməsə, onlar ömürlərinin sonuna qədər lal-kar olurlar. İldə 130-150 nəfər belə uşaq dünyaya gəlir. Bu uşaqları əməliyyat etməklə problem tamamilə aradan qalxır və normal yaşıdları kimi həyatına davam edirlər. Bu əməliyyat özəl və dövlət tibb müəssisələrində aparılır. Əməliyyatlar 15-20 min manata başa gəlir və dövlət müəssisələrində daha ucuzdur. Bunun üçün 2 milyon və ya 2 milyon yarım vəsait lazımdır ki, problem aradan qalxsın”.

"Hər 3 tələbədən ikisi ödənişli təhsil alır... Təhsil krediti məsələsi həll olunmalıdır”

Millət vəkili qeyd edib ki, Heydər Əliyev Fondu və dövlətin hesabına bu problem müəyyən qədər aradan qaldırılır: "Mən parlamentdən xahiş edirəm ki, səhiyyə qanunvericiliyimizə dəyişiklik edilməsinə icazə verilsin”. M.Quliyev həmçinin müəllimlərin və həkimlərin ipoteka krediti məsələsinə toxunub: "İpoteka ilə bağlı cənab Prezidentin göstərişi var. Amma müəllim və həkimlərin maaşı az olduğu üçün bu ipotekadan yararlana bilmirlər. İstərdim ki, onlar xüsusi kateqoriyaya aid edilsin və onlar da ipotekadan yararlana bilsinlər”.

Deputat Əli Məsimli Azərbaycanda orta aylıq əmək haqlarından söz açıb. Əməkhaqlarının aşağı olmasından gileylənən millət vəkili, təhsil kreditləri barədə də danışıb: "Azərbaycanda orta aylıq əmək haqqı 500 manatın altındadır. Təhsil haqları isə minimum 1000 manat, maksimum isə 5000 manatdır.
Hər 3 tələbədən ikisi ödənişli təhsil alır. Belə hesab edirəm ki, təhsil kreditləri haqqında qanun layihəsinin müzakirəsi bu sessiyada aparılsa, yaxşı olar. Bunu vacib hesab edirəm”.


"Nazirlər Kabineti də var, hər şeyi bizimlə bağlamayın”


Millət vəkili Zahid Oruc hər iki valideynini itirən uşaqların təhsil haqqı məsələsini diqqətə çatdırıb: "Dövlət 23 yaşına qədər hər iki valideynini itirən uşaqların təhsil haqqını öz üzərinə götürdü. Bu, yaxşı haldır. Amma gerçəklikdə belə şərait yaranır. O, 23 yaşına qədər bakalavrı bitirir və magistraturaya daxil olur. Bir il orada oxuyur və ikinci ili təhsil haqqı ilə üz-üzə qalır.
Qanunda əlavə edilsin ki, o şəxslərə təhsilə başladıqları kimi onun bitməsinə qədər kömək etsinlər”.

Deputat ali təhsil müəssisələrinə keçid balının yuxarı qaldırılmasına da münasibət bildirib: "Təhsilli gənclər gələcəkdə dövlətin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq. Məncə, tələbə qəbulu ilə bağlı qanun qəbul edilməlidir. Ali məktəblərə qəbul prosesi şəffaf gedir. Keçid balı qanunla qəbul edilməlidir”.
Milli Məclis sədri Oqtay Əsədov isə bildirib ki, hər şey parlamentin qəbul etdiyi qanunla həll edilmir: "Nazirlər Kabineti də var, hər şeyi bizimlə bağlamayın”.

"Boşanan ailələrin bir çoxunda övladsızlıq böyük rol oynayır”

Millət vəkili Qənirə Paşayeva "Reproduktiv sağlamlıq haqqında” Qanun layihəsinin Milli Məclisdə müzakirəsi təklifini irəli sürüb. Xanım deputat bildirib ki, belə bir qanuna ciddi ehtiyac var: "Çoxlu sayda ailələr bizə müraciət edir. Statistikalara baxırıq, boşanan ailələrin bir çoxunda övladsızlıq böyük rol oynayır. Bu cür ailələrə tibbi texnologiyaların nailiyyətlərindən istifadə edərək övlad sahibi olmaları istiqamətində dövlət tərəfindən dəstək göstərilməlidir. Bu baxımdan, "Reproduktiv sağlamlıq haqqında” Qanunun parlament müzakirələrinə yenidən çıxarılması çox vacibdir. Orada ziddiyətə səbəb olan bəzi maddələr layihədən çıxarılıb və ilkin müzakirələrə gecikmədən başlamalıyıq. Süni mayalanma məsələsi də daxil olmaqla, bir sıra vacib məsələlərin daxil olduğu "Reproduktiv sağlamlıq haqqında” Qanun layihəsini tez qısa zamanda müzakirəyə çıxarıb qəbul etməliyik. Çünki bu, minlərlə insanın həyatı ilə bağlı olan məsələdir”.

Millət vəkili vurğulayıb ki, "Reproduktiv sağlamlıq haqqında” Qanun layihəsi Sosial siyasət komitəsində hazırdı və onun komitə səviyyəsində müzakirələri zamanı 10 ilə yaxın övladı olmayan ailələr üçün süni mayalanma əməliyyatının bir dəfə dövlət tərəfindən maliyyələşdirilməsi, yəni pulsuz edilməsi öz əksini tapıb: "Bu istiqamətdə problemi olan yüzlərlə ailə bu addımı yüksək qiymətləndirir və parlamentdən bu məsələnin qısa zamanda qəbul edilməsi xahişi ilə müraciət edirlər”.

"Siqaretin məhdudlaşdırılması üçün addımlar atılmalıdır”

Q.Paşayeva parlamentdə ictimai yerlərdə siqaretdən istifadəni qadağan edən qanun layihəsinin müzakirələrə çıxarılmasının vacibliyi məsələsini də qaldırıb. Dünyanın əksər ölkələrində bununla bağlı qanunun olduğunu deyən millət vəkili Q.Paşayeva "İctimai yerlərdə siqaretin çəkilməsinin qadağan edilməsi haqqında” qanun layihəsinin sosial siyasət komitəsində hazır olduğunu bildirərək yaxın zamanlarda layihəni müzakirəyə çıxarmağı təklif edib. Bu qanunun qəbulunun vacibliyi ilə bağlı özünün, özəlliklə mütəxəssislərin fikirlərini səsləndirən xanım millət vəkili bildirib ki, insanlarımızın, özəlliklə gənclərimizin siqaretin zərərli təsirlərindən qorunması istiqamətində daha çox addımlar atılmalıdır: "Hesab edirəm ki, bununla bağlı ciddi işlər görülməlidir. İnsanların xəstəlikdən qorunmasında siqaretin məhdudlaşdırılması istiqamətində addımların atılması mühümdür”.

"Parlamentdə Qarabağ məsələsi ilə bağlı xüsusi iclas keçirilməlidir”

"Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Milli Məclisdə xüsusi iclas keçirilməlidir və bu məsələ mütəmadi olaraq gündəliyə daxil edilməlidir”. Bu sözləri isə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev səsləndirib. O bildirib ki, son günlərdə cəbhə xəttində düşmən tərəfin ciddi itki verməsi Ermənistanda ciddi "panika” yaradıb: "Düşmən ölkənin rəsmiləri bu narahatlığı dilə gətirməkdədirlər. Odur ki, yaranmış vəziyyət parlamentin iclaslarının birində Müdafiə Nazirliyinin, Xarici İşlər Nazirliyi və digər aidiyyəti qurumların rəhbərlərinin iştirakı ilə mütləq müzakirə olunmalıdır. Bu problemi və Qarabağ ətrafında yaranmış vəziyyəti müzakirə etmək üçün ölkənin tanınmış simalarının və bu sahəyə aidiyyəti orqanların rəhbərlərinin iştirakı ilə xüsusi iclasının keçirilməsinə çalışmalıyıq. Bu iclasda biz bütün dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara konkret mesaj verməliyik ki, işğal altında olan torpaqlarımızın işğal faktı ilə razı ola bilmərik və buna imkan verilməyəcək. Torpaqlarımızın işğaldan azad olunması üçün konkret qərarlar qəbul edilməlidir. Artıq son günlərdə cəbhə xəttində yaşanan hadisələrdən sonra ermənilər kütləvi surətdə ölkəni tərk etməyə başlayıblar. Biz torpaqlarımızı işğaldan azad etmək üçün hərbi əməliyyatlara başlamamışdan öncə düşmən tərəfindən ciddi itkilərə məruz qoymalıyıq”. Q.Həsənquliyev həmçinin qaçqın və məcburi köçkünlərin işsizlik məsələsinə də toxunub: "Dünyanın aparıcı qüvvəsi olan Avropa bu gün qaçqın problemi nəticəsində acınacaqlı vəziyyət yaşayır. Biz onların hansı vəziyyətə düşdüyünün şahidiyik. Hətta Avropa ölkələrində qaçqınların bu ölkələrə getməsinə etiraz edirlər. Amma buna baxmayaraq Azərbaycan özü neçə ildir ki, qaçqın problemi ilə üz-üzədir və onların probleminin həlli ilə məşğuldur. Baxmayaraq ki, bu sahədə ciddi işlər görülüb, ancaq problemlər də qalmaqdadır. Onların işsizlik problemi və digər problemləri həllini tapmayıb və onlar hələ də acınacaqlı vəziyyətdə yaşayırlar”.

Anar Bayramoğlu