Ən optimal variant sosial evlərin tikilməsidir

“Müəllimlərə, həkimlərə sosial ipotekalar vermək üçün dövlətin kifayət qədər imkanları var”



Milli Məclisin dünən keçirilən iclasında millət vəkili Qənirə Paşayeva müəllimlərin sosial ipotekaların verilməmə məsələsini qaldırıb. Orta məktəb müəllimlərinin böyük bir hissəsinin güzəştli ipotekadan yararlana bilmədiyini vurğulayan xanım millət vəkili bu məsələyə xüsusi diqqət ayrılmasını xahiş edib.

O bildirib ki, orta məktəb müəllimləri ipoteka üçün müraciət edəndə onların əmək haqlarının ipotekanın ödənişi üçün lazım olan standartlardan aşağı olması əsas gətirilir və onların bir çoxu dövlətin bu sistemindən faydalana bilmir: "Ona görə də orta məktəb müəllimlərinin sosial ipotekadan lazımi səviyyədə öz mənzil probleminin həlli istiqamətində yararlana bilməsi üçün mexanizmlərə ehtiyac var və hökumətimizi gələn ilin büdcəsində bu məsələni həll etməyə çağırırıq. Bu, müəllimlərimiz üçün böyük dəstək olardı. Dövlət başçımız cənab İlham Əliyevin sosial ipotekadan daha çox insanlarımızın yararlanması istiqamətində siyasəti, tövsiyə və tapşırıqları insanlarımız arasında çox yüksək qiymətləndirilir və inanırıq ki, yaxın zamanlarda orta məktəb müəllimlərinin də hərbçilərimiz, elm dalınca gedən insanlarımız və bəzi qruplar kimi sosial ipotekadan güzəştli şərtlərlə yararlana bilməsi üçün addımlar atılacaq”.

Q.Paşayeva onu da vurğulayıb ki, orta məktəb müəllimlərinin əksəriyyətinin əmək haqları sosial ipotekadan geniş yararlanmağa imkan vermədiyi üçün onlarla bağlı ilkin ödəniş, kreditlərin müddəti, həcmi və faizləri ilə bağlı xüsusi yanaşma mexanizmlərinə ehtiyac var və inanırıq ki, gələn il sosial ipoteka üçün dövlət büdcəsindən ayrılan vəsait artdığından bu məsələ də həllini tapa biləcək.

Milli Məclisin Sosial siyasət komitəsinin üzvü, millət vəkili Musa Quliyev də öz çıxışında müəllimlərin və həkimlərin ipoteka məsələsinə də toxunub:

"İpoteka ilə bağlı cənab Prezidentin göstərişi var. Amma müəllim və həkimlərin maaşı az olduğu üçün bu ipotekadan yararlana bilmirlər. İstərdim ki, onlar xüsusi kateqoriyaya aid edilsin və onlar da ipotekadan yararlana bilsinlər. Bu məsələ çox vacibdir. Onların sosial ipoteka imkanlarını genişləndirmək lazımdır. Hesab edirəm ki, bu vacib, yerində edilən təklifdir və hökumət də bunun üzərində düşünməlidir. Müəllimlərin və həkimlərin sosial ipotekadan yararlanması üçün xüsusi şərtlər müəyyənləşdirilməlidir.

Bununla onların da uzunmüddətli kreditdən yararlanması və mənzil şəraitinin yaxşılaşdırılması mümkündür. Məncə, bu, sözügedən peşə sahiblərinə yüksək hörmətin nəticəsi olacaq”.

İqtisadçı-ekspert Natiq Cəfərli isə hesab edir ki, müəllimlərə, o cümlədən də həkimlərə sosial ipotekalar vermək üçün dövlətin kifayət qədər imkanları var. Ekspert də deyib ki, indiki halda yeganə problem müəllimlərin və həkimlərin rəsmi əməkhaqlarının çox aşağı olması ilə bağlıdır: "Onların maaşı hətta sosial ipoteka götürməyə yetməyəcək dərəcədə aşağı səviyyədədir. Əmək haqlarının bu cür aşağı olduğu şəraitdə güzəştli ipotekaların aylıq ödənişini ödəmək onlar üçün mümkünsüzdür. Ən aşağı faizlə verilən ipotekanın aylıq ödənişi elə müəllimlərin maaşına bərabərdir. Müəllimlərin sosial ipotekadan yararlanması üçün ilk növbədə onların maaşı artırılmalıdır”.

Prinsip etibarı ilə müəllimlərin güzəştli ipotekalardan yararlanmasının mümkün olduğunu vurğulayan ekspertin sözlərinə görə, bunun üçün digər mexanizmlərin həyata keçirilməsinə ehtiyac var: "Müəllim və həkimlərin ailə üzvlərinin yaxşı maaş aldığına dair arayışa istinadən onların da bu prosesdə iştirakını təmin etmək olar. Yəni müəllimlərin öz maaşı ilə övladlarının və həyat yoldaşlarının maaşını ümumi hesablayıb onlara bu imkanı yaratmaq olar”. N.Cəfərli hesab edir ki, optimal variantlardan biri də sosial evlərin tikilməsidir: "Bu məsələ dəfələrlə müzakirəyə çıxarılsa da, ortada doğru-dürüst qərar yoxdur. Sosial evlərin tikintisi reallaşsa, həm müəllimlər, həm də həkimlərin sosial ipoteka məsələsi də öz həllini tapa bilər. Amma onu da deyim ki, indiki şərtlər daxilində hökumətin belə bir addım atması real görünmür. Əslində heç müəllim və həkimlərin maaşının sosial ipoteka götürəcək səviyyədə qalxması da mümkün deyil. Ən azından gələn ilin büdcəsində ciddi azalmalar olacaq və bunlar nəzərdə tutulmayıb. Elə ən yaxşısı müəllimlərlə birlikdə ailə üzvlərinin gəlirlərinin də bu prosesdə iştirakını tənzimləyəcək qanunun hazırlanmasıdır”.

Ekspertin sözlərinə görə, birbaşa dövlətin iştirakı olmadan da sosial evlər layihəsinin həyata keçirilməsinə nail olmaq olar, sadəcə istək lazımdır: "Dövlət kommunikasiyanı öz boynuna götürüb, torpağı pulsuz verərək tender elan etsə, xarici şirkətlər bu evləri tikə bilərlər. Qardaş Türkiyədə artıq 15 ildir bu işlə məşğul olan şirkətlər var. Zənnimcə, onlar çox məmnuniyyətlə bu layihədə iştirak edərlər. Dövlətin ev tikməsinə heç ehtiyac yoxdur. Dediyim kimi, pulsuz torpaq sahəsi ayrılsa və kommunikasiyanı dövlət öhdəsinə götürsə, yerli və xarici investorlar bu işi çox keyfiyyətli şəkildə həyata keçirə bilərlər”.

Şəymən