“London taksiləri”ndə qiymət artırıldı

Dəyişiklik üzərində sarı xətt olanlara aiddir



Bakıda fəaliyyət göstərən "London taksiləri”ndə gedişhaqqı bahalaşdırılıb. Deyilənə görə, paytaxta yeni gətirilən 500 yeni taksi əvvəlkilərdən komfortuna görə fərqlənir. Əgər əvvəllər "London taksisi”nə mindikdə 1 manat sayğaca vurulurdusa, indi bu məbləğ 3 manatdır.

Məlumata görə, qiymət artımı "London taksiləri”nə çəkilən əlavə xərci ödəmək üçün nəzərdə tutulub. Məsələ ilə bağlı açıqlama verən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin ictimai əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı deyib ki, qiymət artımı bütün "London taksi”lərinə şamil olunmur. Bu taksilər nazirliyin tərkibində fəaliyyət göstərir. Bütün cəhətlərinə görə digər

taksilərdən fərqlənir: "Dəyişiklik yalnız üzərində sarı xətt olanlara aiddir. Qiymət artımına səbəb isə üzərində sarı xətt olan taksilərin daha komfortlu olmasıdır. Bu barədə həmin taksilərin şüşəsində elan yazılıb. Sərnişin 3 manat ödəməklə bu taksidə 3 kilometr məsafə gedə bilər. 3 kilometrdən sonra 10 kilometrə qədər hər kilometr üçün 70 qəpik, 10 kilometrdən sonra hər kilometr üçün 40 qəpik ödəməlidir. Əlbəttə, 3 manat sərnişinlərə çox görünə bilər. Amma nəzərə almaq lazımdır ki, digər taksi xidmətlərində sayğac 1 manat yazsa belə, sərnişin 3 km üçün 3 manat 10 qəpik ödəyir”. Qurum rəsmisi bildirib ki, əgər layihə özünü doğruldarsa, paytaxt ərazisində taksilərin sayı artırılacaq.

Sarı xətli yeni taksi sürücüsü Elman Dadaşov isə bəyan edib ki, hazırda onların qazancı və müştərilərin sayı əvvəlki taksilərə nisbətən azdır: "Çox vaxt müştərilər taksiyə əyləşən zaman yeni qiymətlə tanış olduqdan sonra taksinin xidmətindən imtina edirlər. Biz belə hesab edirik ki, yeni qiymət artımından sürücülər əvvəlki kimi qazanc götürə bilməyəcək. Hazırda taksilərin bir qisminin 1 manat, bir qisminin isə 3 manatdan başlayan qiymətlərdə olması ona görədir ki, yeni qiymətlərin sərfəli olub-olmamasını yoxlayırlar. Əgər yeni qiymətlər sərfəli olarsa, onda yeni taksilərin sayında artım baş verə bilər. Hazırkı məqamda isə deyə bilərik ki, müştərilərimizin sayında ciddi azalma müşahidə olunur”.

İsmayıl