Azərbaycanı öz inkişaf modeli xilas etdi

Ölkəmizin iqtisadi uğurları nüfuzlu beynəlxalq qurumlar tərəfindən etiraf olunur



Azərbaycan dünyada gedən qlobal böhran şəraitində bir çox ölkələr üçün tamamilə əlçatmaz görünən iqtisadi inkişaf sürətinə nail olub. Bunu beynəlxalq maliyyə qurumları da etiraf edirlər. Ötən dövrün iqtisadi qiymətləndirməsi deməyə əsas verir ki, hökumətin maliyyə sabitliyinin təmini istiqamətində həyata keçirilən tədbirlər praktik baxımdan özünü doğruldub.

Azərbaycan qlobal böhranın təsirinə ən az məruz qalan dövlətlərdən olub. Bir tərəfdən uğurla gerçəkləşdirilən anti-böhran tədbirləri, digər tərəfdən möhkəm maliyyə potensialı hesabına ölkə iqtisadiyyatının dayanıqlığı qorunub saxlanılıb. İqtisadi aktivliyin hökumət tərəfindən dəstəklənməsi iqtisadiyyatın inkişaf dinamikasına müsbət təsir göstərib. Xaricdən gələn müəyyən inflyasiya meyillərinə baxmayaraq, makroiqtisadi sabitlik qorunub. Eyni zamanda, dinamik inkişaf meyilləri iqtisadiyyatın qeyri-neft sektoruna böyük həcmdə investisiyaların yatırılmasına imkan verib. Ölkəmizə 6 ayda 12,7 milyard manat sərmayə qoyulub. Bu onu göstərir ki, Azərbaycan investisiyalar üçün çox cəlbedici ölkədir və xarici sərmayə burada lazımi səviyyədə qorunur. İqtisadi dayanıqlığın mühüm əsaslarından olan makroiqtisadi və maliyyə sabitliyinin dərinləşdirilməsi, habelə qlobal böhranın təsirlərinin zəiflədilməsi də hökumətin fəaliyyətinin prioritet istiqamətlərindən birinə çevrilib. Bu məqsədlə inflyasiyanın aşağı səviyyədə saxlanması, bank-maliyyə sektorunda sabitliyin dərinləşdirilməsi sistemli tədbirlər şəklində həyata keçirilib. Bir çox qonşu dövlətlərdə böhran ilk növbədə maliyyə-bank sektoruna dəysə də, respublikamızda arzuolunmaz hallara rast gəlinməyib. Dünya Bankının Azərbaycanla bağlı yeni hesabatı da ölkəmizin iqtisadi uğurlarını ortaya qoyub. Hesabatda qeyd olunub ki, son onillik ərzində Azərbaycan yoxsulluğun azaldılması və ümumi rifahın yüksəldilməsi istiqamətində inanılmaz irəliləyişə nail olub. Yoxsulluq səviyyəsi 2000-ci illərin əvvəllərindəki əhalinin təqribən 50 faizindən 2013-cü ildə 5 faizinə qədər azalıb. Bu proses orta sinfin həmin dövr ərzində əhalinin 4 faizindən 29 faizinə qədər böyüməsi ilə müşayiət olunub. Beləliklə, orta təbəqənin xüsusi çəkisi bir neçə dəfə artıb və ifrat yoxsulluq demək olar ki, aradan qaldırılıb. Bu nailiyyətlər, ildə orta hesabla 13 faiz təşkil etmiş iqtisadi artımla xarakterizə olunan müstəsna iqtisadi göstəricilər və dövlət xərclərinin təmin edilməsi üçün neft gəlirlərindən istifadə edilməsi sayəsində əldə olunub. Vurğulanır ki, aşağı neft qiymətləri, neft istehsalının azalması fonunda Azərbaycan özəl sektorun güclü rol oynayacağı yeni inkişaf modeli axtarışındadır.

Ölkəmizin əldə etdiyi iqtisadi uğurlar daha bir nüfuzlu beynəlxalq qurum tərəfindən də təsdiqlənib. Dünya İqtisadi Forumunun ("World Economic Forum”) qlobal rəqabətlilik indeksinə görə, 140 ölkə arasında Azərbaycan 40-cı yerdə qərarlaşıb. Bununla da, Azərbaycan MDB ölkələri arasında öz birinciliyini qoruyub saxlayır. Reytinqə görə, Ermənistan 82-ci sırada qərarlaşıb. Rəqabət reytinqinin formalaşmasında və onun davamlı olaraq yaxşılaşmasında ölkədəki makroiqtisadi sabitlik çox mühüm rol oynayır. Artıq bir neçə ildir ki, Azərbaycan həmin reytinqin tərkibində makroiqtisadi sabitlik üzrə birinci onluqdadır.

Onu da nəzərə almaq lazımdır ki, bu nailiyyətlər dünyada dərin iqtisadi və maliyyə böhranının davam etdiyi, xüsusən Avrasiya məkanında bu böhranın daha da ciddi formalar aldığı bir dövrdə əldə edilib.

Azərbaycanın iqtisadi uğurlarından danışan millət vəkili Sahibə Qafarov da bildirib ki, çox zəngin karbohidrogen ehtiyatlarına malik olan və dünya bazarlarına neft ixrac edən ölkəmiz düşünülmüş iqtisadi planlar sayəsində qlobal böhrana qalib gəlib: "Dünya maliyyə böhranının gözlənilən təsirlərini dəf edən Azərbaycan hökuməti öz mükəmməl iqtisadi proqramları, iqtisadi modeli ilə dünyada iqtisadi itkilərdən ən az çıxan ölkə olub. Azərbaycan hökumətinin təsirli tədbirləri ölkəmizin dünya maliyyə böhranının meyillərindən kənarda qalmasına səbəb olub. Ümumiyyətlə, xarici təsirlərə qarşı güclü immunitetin yaradılması sabit iqtisadi və maliyyə bazarının formalaşmasına imkan verib. Hazırda da Azərbaycanda iqtisadi artım tempi dünya üzrə göstəricilərdən yüksəkdir. Dünyada bu gün iqtisadi geriləmə baş verir. Avropa ölkələrində artım tempi 0.5 faiz təşkil etdiyi halda Azərbaycanda bu rəqəm 2-3 faizdir. Azərbaycanın yüksək iqtisadi göstəricilər əldə etməsində güclü iqtisadi siyasət, makroiqtisadi siyasətin təkmilləşdirilməsi, biznes mühitinin yaxşılaşdırılması üçün aparılan islahatlar mühüm rol oynayır”.

Deputat deyib ki, Azərbaycan öz nadir inkişaf modelini ortaya qoymaqla dünyada baş verən iqtisadi böhranlara baxmayaraq inkişafını davam etdirir: "Dünyada neftin qiymətinin ucuzlaşması Azərbaycanda hiss olunmur. Çünki bizim çox güclü iqtisadi dayaqlarımız və

maliyyə potensialımız var. Neftin ucuzlaşması ölkəmizin real büdcə öhdəliklərini yerinə yetirməsinə də mane olmayacaq. Digər tərəfdən, Azərbaycanda qeyri-neft sektoru inkişaf edir. Bu sektorun ümumi daxili məhsulda payı hər il artır. Nəticədə Azərbaycanın neftdən asılılığı getdikcə azalır. Qeyri-neft sektorunun inkişafında regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı və sənaye proqramlarının icrası mühüm rol oynayacaq”.

İsmayıl