MSK sədri “olmaz” deyir

Deputatlığa namizədlər özlərini sosial şəbəkələrdə təbliğ edirlər?




"Bəzi deputatlığa namizədlər sosial şəbəkələrdə təşviqatla bağlı pozuntulara yol verirlər”. Bunu Mərkəzi Seçki Komissiyasının iclasında MSK sədri Məzahir Pənahov deyib. O bildirib ki, sosial şəbəkələr yeni bir reallıqdır. Ancaq bilmək olmur ki, həmin təşviqat materialını namizəd özü qoyub, yoxsa başqa birisi öz təşəbbüsü ilə sosial şəbəkədə təşviqat materialı yerləşdirib:

"Namizədlər nəzərə almalıdır ki, təşviqat kampaniyası nəzərdə tutulmuş müddətdə başlayacaq. Xüsusən, tanınmış insanlar bu məsələdə ehtiyatlı olmalıdırlar. Biz artıq bu məsələləri ictimaiyyətin müzakirəsinə çıxarmalıyıq. Çünki qəzetdə, televiziyada təşviqata yol veriləndə, biz bununla bağlı tədbir görürük. Ancaq sosial şəbəkələrlə bağlı qanunvericilikdə bu məsələ tənzimlənmir”.

Məsələni şərh edən deputatlığa namizəd, "facebook”un aktiv iştirakçısı Zahid Oruc deyib ki, MSK sədrinin çağırışı, bütün namizədlərə, xüsusən də seçki prosesinin aktiv tərəfləri sayılan indiki parlamentarilərə bir siqnaldır: "Əlbəttə, biz xəbərdarlığı dəyərləndirməliyik. Ancaq məsələ bundadır ki, sosial şəbəkələr yeni fenomendir, vətəndaş jurnalistikasıdır. Buradakı hər paylaşımçı öz-özlüyündə bir agentlikdir. Buna görə də virtual şəbəkələrə nəzarət etmək olduqca çətindir. Yəni Kanadada yaşayan bir insan özünə profil açıb istədiyi namizədin təbliğatını apara bilər. Onu sadəcə "blok” etməklə fəaliyyətini məhdudlaşdırmaq mümkün deyil. İndiki halda biz təbliğatdan danışırıq, amma əks-təbliğat da aparılır axı. Bir müddət əvvəl "Deputat 2015” adlı səhifə yaradıldı və hər kəsin ünvanına tonlarla təhqirlər yazıldı. Əgər gələcəkdə qanunla müəyyən edilsə ki, seçkidə sosial şəbəkələr də təbliğat vasitəsi sayılır, onda heç kim bu cür işlərlə məşğul olmayacaq. Lakin yenə deyirəm, indiki halda sosial şəbəkədə təbliğat və ya əks-təbliğat aparan adamları hansısa məsuliyyətə cəlb etmək imkansızdır”.

Z.Oruc sadəcə siyasi yazılarını sosial şəbəkədə paylaşdığını deyib: "Cəmiyyətlə ünsiyyətimi media vasitəsi ilə qururam və ondan kənara çıxmıram. Bununla bərabər fəaliyyətimə dair işlər yaxın dostlar tərəfindən sosial şəbəkədə paylaşılır. Ancaq fikrimcə, bunu birbaşa təbliğat saymaq olmaz. Çünki biz fəal şəkildə hansısa platforma müddəalarını yaymırıq. Onsuz da hamımız söyləyirik ki, parlament nümayəndələri xalq qarşısında hesabat verməlidir. Amma bunu qanuni tələb kimi yox, mənəvi borc kimi etməlidir. Çünki deputatın hardasa icbari hesabat vermə təcrübəsi, ənənəsi yoxdur”.

İsmayıl