Qız uşaqları “qızıla dönüb”

Demoqrafik partlayışın astanasındayıq




"Yeddi oğul istərəm, bircə dənə qız gəlin”. İlk dəfə böyük ekranda hər birimizin sevə-sevə izlədiyi "Yeddi oğul istərəm” filminin əsas qəhrəmanlarından biri Mirpaşanın dilindən səslənən bu misra hər nə qədər başqa məqsədlə işlənsə də, bir növ həmin dövrdə qız uşaqlarına qarşı ögey münasibətin nümunəsidir.

Aradan 45 ildən artıq vaxt keçsə də, məşhur filmdəki oğul istəyi bu gün də aktualdır. Aşkarda çoxu açıqlamasa da, əksər ailələrdə oğlan uşaqlarına üstünlük verilir. Qız uşaqları isə ana bətnindəcə məhv edilir. Artıq tibb müəssisələrindəki ultrasəs müayinələri vasitəsilə körpənin cinsini ayırd etmək adətə çevrilib.

Qeyd edək ki, son illər qız uşaqlarının sayının azalması, məktəblərdə birinci sinfə qəbul edilən şagirdlərin sayında da özünü göstərir. Bu məsələ Xaçmaz Təhsil Şöbəsinin müdiri Mədinə Nurməmmədovanın şimal bölgəsində qız uşaqlarının sayının azaldığına dair açıqlamasından sonra bir daha gündəmdədir. Onun sözlərinə görə, bu il rayonda 3209 nəfər 1-ci sinfə qəbul olunub. Onların da 1339-u qız, 1870-i isə oğlan uşağıdır. Bu rəqəm isə artıq göstərir ki, qızların sayı oğlanlara nisbətən azdır. Problem təkcə Xaçmazla da bitmir. Qusar və Qubada da qız "qızıla dönüb”.

Əslində, bu məsələ yeni olmasa da, etiraf edilməlidir ki, ciddi sosial problemə çevrilib. Orta və ali məktəblərə daxil olan qızların sayının azalması, işləyənlər arasında qadınların payının azlıq təşkil etməsi ölkədə demoqrafik problemin cücərməsindən xəbər verir.

Sosioloq Aytəkin Kamranqızı isə demoqrafiq balansın tək şimal bölgəsində deyil, digər ərazilərdə, xüsusən də cənub zonasında da yaşandığını bildirib.

Onun sözlərinə görə, bəzi ailələrdə qız uşağına ikinci dərəcəli yanaşma tərzi təəssüf doğurur: "Bəzi ailələrdə qız uşaqlarının sayının çox olması, evin kişisinin ancaq oğlan uşağı istəməsi və nəslin davamçısı kimi oğlan uşaqlarına üstünlük verilməsi problemin yaranmasına səbəb olur. Dölün cinsinə görə məhv edilməsi qanunla qadağan olunub. Amma görünən odur ki, qız

uşaqlarının sayının kəskin şəkildə azalması gələcəkdə demoqrafik balansın pozulmasına gətirib çıxaracaq. Əgər dövlət səviyyəsində bu prosesin qarşısı alınmazsa, yaxın illərdə cəmiyyətdə kişilərin sayı qadınlara nisbətən çox olacaq və oğlanlar evlənməyə qız tapmayacaq. Kişilərin bir qismi ailə qurmaq üçün əcnəbi ölkələrə müraciət etməli olacaq ki, bu da millətin genefondunun formalaşmasına təsirsiz ötüşməyəcək. Sözsüz ki, vəziyyətin belə hal almasının səbəblərindən biri də elmi inkişafdır. Problemi aradan qaldırmaq üçün ailələrə başa salınmalıdır ki, qız və ya oğlan uşağını seçmək düzgün deyil. Bu istiqamətdə cəmiyyətin maarifləndirilməsinə də ehtiyac var”.

Sosioloqun qənaətincə, ölkə əhalisi oğlana meyilli toplum olaraq qız uşaqlarının doğulmasının qarşısının alınmasında maraqlıdır: "Bu hala Şərq xalqlarının bir çoxunda rast gəlirik. Çünki Şərqdə əsrlər boyu oğlanlara nəslin davamçısı kimi baxılıb və bu hal indi də davam etməkdədir. UZİ müayinəsi vasitəsilə dölün cinsinin təyinindən sonra bunu edənlər artıb. Amma bunun yaradacağı sosial-psixoloji fəsadları da unutmaq olmaz. Hazırda cəmiyyətin psixoloji, mənəvi, sosial rekonstruksiyaya ehtiyacı var. Qloballaşan dünyada Azərbaycanın öz ailə dəyərlərini və ənənələrini yaşatması üçün daim təbliğat işləri aparılmalıdır. Ailə institutumuz bir örnək kimi gələcək nəslə ötürülməlidir. Problemin aradan qaldırılması üçün düşünürəm ki, geniş maarifləndirmə işinin aparılmasına da ehtiyac var”.

Demoqrafiya üzrə mütəxəssis Lətifə Həsənova isə doğulan və birinci sinfə başlayan uşaqlar arasında gender disbalansı yaranmasının ciddi demoqrafik problemə gətirib çıxaracağını qeyd edib: "Ümumiyyətlə, yeni doğulan oğlan uşaqlarının sayı həmişə qızlara nisbətdə çox olub. Amma arada böyük fərq olmayıb. Çünki dünyada olduğu kimi, Azərbaycanda da 5 yaşına çatan uşaqlar arasında immuniteti zəif olduğuna görə daha çox oğlan uşaqları dünyasını dəyişir. Qadınların zəif məxluq olduğunu desək də, onlar çox şeyə dözümlüdürlər”.

L.Həsənova doğuş zamanı oğlanlarla qızlar arasındakı fərqin əvvəlki illərə nisbətdə iki dəfədən də çox artmasını problem kimi dəyərləndirib: "Çünki bu uşaqlar yetkinlik yaşına çatanda qızlarla oğlanlar arasında saylar uyğun gəlməyəcək. Bu zaman demoqrafik partlayış ola bilər. Evlənmək yaşına çatan oğlanlar ailə qurmaq üçün azərbaycanlı tapmayanda əcnəbi qızlarla izdivac edəcəklər. Mən oğlanlarımızın başqa millətlərdən olan qızlarla evlənməsinin əleyhinə deyiləm. Düzdür, oğlanlarımızın, ya da qızlarımızın əcnəbilərlə ailə qurması heç bir dövrdə alqışlanmayıb və alqışlanmayacaq da. Amma problem ondadır ki, gələcəkdə bu, məcburi xarakter daşıyacaq. Oğlanlar istəməsələr belə, ailə qurmaq üçün xaricə üz tutub əcnəbi qızlarla evlənəcəklər. Əcnəbilərlə ailə quranların sayının çoxalması ölkəmiz üçün ciddi problemlər yaradacaq, etnik tərkibdə ciddi dəyişikliklər olacaq. Digər tərəfdən, əcnəbi qadınların böyütdüyü uşaqlar nə adət-ənənələrimizi, nə də dilimizi-dinimizi bilməyəcək”.

Şəymən