Fəzail İbrahimli: “Hüquqi, mənəvi və siyasi cəhətdən buna haqqımız çatır”Dilavər Əzimli: “Varislik məsələsinin qaldırılması ermənilərin qatil sifətini ifşa edəcək”
Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, deputat Yaqub Mahmudov Azərbaycanın İrəvan və ətraf ərazilərə varislik hüququnun tanınması məsələsinin parlamentin gündəliyinə salınmasını təklif edib. Tarixçi millət vəkili bildirib ki, bu məsələni parlament səviyyəsinə çıxartmaq üçün əsaslar var:
"Sənədlər əlimizdədir, onları xaricdən Tarix İnstitutuna gətirmişik. Hamısını parlamentə təqdim etməyə hazırıq. Dövlət başçısı da o torpaqların Azərbaycana məxsus olması barədə prinsipial mövqeyini daim ifadə edib. Bu günlərdə hərbçilərimiz qarşısında bir daha dedi ki, İrəvanın ermənilərə verilməsi qərarı səhv olub”.
Deputatın sözlərinə görə, ümumi ərazisi 9 min kv. km olan İrəvan və ətrafındakı ərazilər ermənilərə şərtlə verilib:
"Şaumyanın başçılıq etdiyi daşnak qrupları azərbaycanlılara qarşı soyqırımı dayandırmalı, Azərbaycan ərazisində bütün soyqırımlarına son qoymalı idilər. Ermənilər bir daha Azərbaycana ərazi iddiası irəli sürməyəcəkləri barədə öhdəlik götürüblər. Həmçinin, oradakı azərbaycanlılarla ermənilər eyni hüquqlara malik olur. Ancaq razılaşma əldə olunandan bir gün sonra 29 mayda Zəngəzura qarşı ərazi iddiaları, soyqırımları başladı”.
Y.Mahmudov hesab edir ki, ermənilər bu razılaşmanı birtərəfli qaydada pozduğu üçün Azərbaycan məsələni yenidən parlamentdə müzakirəyə çıxarmalıdır:
"Ermənilər üzərinə götürdüyü şərtləri pozduğu üçün o torpaqlara varislik hüququmuzun olduğunu bəyan etməliyik”. Deputatın İrəvana varisliklə bağlı qaldırdığı məsələ siyasi-ictimai dairələrdə maraqla qarşılanıb.
Y.Mahmudovun təklifi ilə bağlı "Şərq”ə danışan millət vəkili, tarixçi-alim Fəzail İbrahimli həmkarının təklifini dəstəklədiyini deyib. Deputat bildirib ki, İrəvan qədim Azərbaycan şəhəridir və onun ermənilərə verilməsi tarixi məcburiyyətdən irəli gəlib:
"Həmin ərazilər şərtlə verilmişdi ki, ermənilər bir daha Azərbaycana ərazi iddiası etməsinlər. Bilirsiz ki, o vaxt Qafqaz ölkələrinə ultimatum verildi ki, "gedin sərhədlərinizi və paytaxtınızı müəyyən edin”. Ona görə də təcili qərar vermək məcburiyyəti yarandı. Mən İrəvanın verilməsi məsələsini insan orqanizmi ilə müqayisə etmək istərdim. Təsəvvür edin ki, ayağında ciddi yara olan insana həkim deyir ki, "yaşamağın üçün ayağın topuqdan kəsilməlidir, əks halda öləcəksən”. Əlbəttə, heç bir şəxs hansısa bədən üzvünün kəsilməsinə səbəbsiz yerə razılıq verməz. Amma məsələ yaşamaq və can olduqda adam çox şeyə razılaşmaq məcburiyyətində qalır. O vaxt Azərbaycan Cümhuriyyəti belə bir vəziyyətdə idi. Ona görə istəməyərək də olsa, sənədə qol çəkib”. Tarixçi-deputat bildirib ki, ermənilər bu məsələdə çox nankorluq ediblər: "İki il bundan qabaq dövlət başçımız Avropa Şurasında çıxışı zamanı İrəvanla bağlı belə bir fikir söylədi. Dedi ki, "Avropalı dedputatlar bilməsə də, Ermənistandan olan deputatlar çox yaxşı bilirlər ki, bugün onların yaşadığı torpaqlar Azərbaycanın qədim əraziləri olub”. Tədbirdə 47 ölkənin nümayəndə heyəti iştirak edirdi və demək olar ki, hamı bu məsələdən şoka düşdü. Həmin prosesdən sonra Tarix İnstitutu ideoloji mərkəz kimi "İrəvan tarixi” adlı kitab nəşr elədi və bu əsər dövlət mükafatına layiq görüldü. Yaqub Mahmudovun qaldırdığı məsələ aparılan ümumi işin, ideoloji mübarizənin qanunauyğun davamıdır. Varislik hüququ deyiləndə söhbət o zamanki Milli Şuranın 29 may 1918-ci ildə qəbul etdiyi qərardan gedir. Müstəqil Azərbaycan dövləti o zamanki Cümhuriyyətin varisi sayıldığı üçün Milli Məclis də parlamentin hüquqi varisidir. Ona görə də parlamentin tam hüquqi var ki, həmin məsələni müzakirəyə çıxarsın və Milli Şuranın məcburiyyət qarşısında aldığı qərarı ləğv etsin. Bizim buna hüquqi baxımdan da, mənəvi və siyasi cəhətdən də haqqımız çatır. Mən Yaqub müəllimin təklifini dəstəkləyirəm. 2002-ci ildə Milli Məclisdə mən də bu məsələni qaldırmışdım. Ürəyimdən keçən məsələdir. Əlbəttə, biz parlamentdə mövcud qərarı ləğv etməklə, durub İrəvana yürüş edəsi deyilik. Burada söhbət ondan gedir ki, gələcək nəsillər mövzunu gündəmə gətirəndə Milli Məclisin qərarı çox ciddi mənbə olacaq. Parlamentin qərarı dünya ictimaiyyətinə bir bəyanat kimi yayıla bilər”.
Tarix İnstitunun əməkdaşı, tarixçi-alim Dilavər Əzimli də "Şərq”ə açıqlamasında deputatın təklifini dəstəkləyib: "Bu təklif vaxtında verilmiş təklifdir. Əslində, İrəvan və ətrafı ermənilərə müəyyən şərtlər daxilində verilib. Bu addımı bizimkilər məcburiyyət qarşında atıblar. Çünki Azərbaycan Cümhuriyyətini rəsmən tanımırdılar. Ancaq ermənilər şərtlərin heç birini yerinə yetirmədilər. Əksinə, azərbaycanlıları həmin ərazilərdən deportasiya etdilər, qətliamlar törətdilər. Bu mənada məsləni gündəmə gətirmək lazım idi. Hörmətli Yaqub müəllim çox düzgün addım atıb. İrəvan şəhəri İrəvan xanlarının mülkü olub. Onun ətrafı da onların torpaqlar idi. Həmin ərazilər Azərbaycanın irsi torpaqları olmaqla, Azərbaycanın ən qədim əraziləri sayılır. Varislik məsələsini qaldırmaqla, həm də ermənilərin qatil sifəti ifşa olunacaq. Bu mənada addımı bütün Azərbaycan ictimaiyyəti və siyasi qüvvələr dəstəkləməlidir”.
İsmayıl