“İş burasındadır ki, elə hamilə qadınlarımız var, minimal müayinələrə də heç getmirlər. Yaşadıqları ərazi üzrə poliklinika və ya qadın məsləhətxanasında qeydiyyata da düşmürlər”
Gəlinlər çox məsuliyyətsiz olub
Həkim hamilə qadınların müayinələrdən yayınmasının tək səbəbini maliyyə problemində görmür
“İş burasındadır ki, elə hamilə qadınlarımız var, minimal müayinələrə də heç getmirlər. Yaşadıqları ərazi üzrə poliklinika və ya qadın məsləhətxanasında qeydiyyata da düşmürlər”
“İş burasındadır ki, elə hamilə qadınlarımız var, minimal müayinələrə də heç getmirlər. Yaşadıqları ərazi üzrə poliklinika və ya qadın məsləhətxanasında qeydiyyata da düşmürlər”
"Heç bir qadının sağlamlığı ideal formada deyil və hər birinin subay vaxtından qalan problemləri var”.
APA-nın xəbərinə görə, Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri, Respublika Perinatal Mərkəzinin baş həkimi, respublikanın baş mama-ginekoloqu Sevinc Məmmədova deyib ki, qadın məsləhətxanasında həkim-ginekoloq hamiləyə bir neçə dəfə gəlməyi məsləhət görürsə, bu göstərişə riayət etmək lazımdır.
Bəzən gizli keçən xəstəlik barədə şübhənin olduğunu deyən S.Məmmədova bildirib ki, buna dəqiq diaqnoz qoymaq üçün müəyyən vaxt (3 gün, 1 həftə və ya 10 gün) lazım gəlir:
"Çox vaxt hamilələr bunu unutduğundan təyin edilən təkrar müayinələrə gəlmirlər. Təkrar müayinələr hamilə qadının bədənində baş verən dəyişikliklər barədə ilkin diaqnostika üçün vacib addımdır. Hamilə qadının əvvəldən sağlamlığı normal olubsa, heç bir ekstra-genetal xəstəliyi olmayıbsa, onlar qadın məsləhətxanasına 7 dəfə müraciət etməlidirlər.
Təəssüf ki, qadınlar və qızların öz xəstəlikləri barədə anlayışları olmur. Həkimə hamilə qalandan sonra gec müraciət edirlər. Nəticədə bir sıra xəstəliklər hamiləlik vaxtı kəskinləşir. Bu zaman həkimə müraciət etdikdə isə ona yardım göstərmək üçün vaxt məhdudlaşır”.
Baş mama-ginekoloq əlavə edib ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da ana ölümlərinin əsas səbəbləri sırasında ağır formalı preklamsiya üstünlük təşkil edir. Çox vaxt qadınlarda hamiləliyin ağır fəsadlaşması olan preklamsiya müşahidə olunur. Bu zaman qadınlarda yüksək təzyiq, sidikdə zülal və bədəndə ödəmlərin (şişlər) olduğunu deyən S.Məmmədova vurğulayıb ki, əksər vaxtlarda bu proses hamiləliyin ikinci yarısından, yəni 22-24-cü həftəsindən başlayaraq, gizli şəkildə gedir:
"Əlamətlər daxildən başlayır, qadın ağırlaşır, yuxusu gəlir, əli-ayağı şişir. Qohumları və ailəsi onu vaxtında həkimə yönəltməkdənsə, ana və nənəsini misal göstərərək həkimə müraciətdən yayındırırlar. Amma bu problemlər qadının həm bətnində olan dölü inkişafdan saxlayır, həm də onun özünə ciddi ziyan vurur. Qadının qaraciyərində, böyrəyində, damarlarında, göz dibində, beynində dəyişikliklər meydana çıxır. Həmin qadınlar ağırlaşmış formada xəstəxanaya daxil olanda yalnız təxirəsalınmaz halda onlara yardım edə bilirik”.
Qeyd edək ki, ana və körpə ölümləri son zamanlar problemli mövzular sırasındadır. Dəfələrlə bu haqda respublika həkimləri, tibb sahəsində çalışan mütəxəssislər fikirlərini bildiriblər. Daha çox da qadınların hamiləlik dövründə həkimə az-az və ya heç müraciət etmədikləri, nəticədə doğuş zamanı fəsadların üzə çıxması və bunun da bəzən ana və körpə ölümləri ilə sonuclandığını önə çəkirlər. Amma kimsə demir ki, xəstəxana və klinikalara müraciət etməməyin bir səbəbi də oradakı qiymətlərdir. Analizlərə, müayinələrə elə tariflər müəyyən edilib ki, sosial durumu aşağı olanlar bunu ödəmək gücündə deyillər. Ona görə də müayinələrdən qaçırlar.
Tibb elmləri üzrə fəlsəfə doktoru Şəmsiyyə Namazova isə deyilənlərlə qismən razılaşdığını bildirdi. "Şərq”ə açıqlamasında doktor, hamilə qadınların müayinələrdən yayınmasının bir neçə səbəbi olduğunu dedi:
- Burada təkcə maliyyə çətinliyini önə çıxara bilmərik. Bəli, iqtisadi çətinlik, maliyyə problemləri də var. Amma dövlət müəssisələrində minimal şəkildə müayinələrdən keçmək mümkündür. Qanın ümumi analizi, hamiləlik dövründə vacib olan digər müayinələr, həkim məsləhəti və s. bunun üçün elə də böyük məbləğ tələb olunmur. Digər tərəfdən dövlət müəssisələrində artıq məcburi dispanserizasiyaya başlanılıb, istənilən vətəndaş müraciət edib müayinələrdən keçə bilər. İş burasındadır ki, elə hamilə qadınlarımız var, minimal müayinələrə də heç getmirlər. Yaşadıqları ərazi üzrə poliklinika və ya qadın məsləhətxanasında qeydiyyata da düşmürlər.
Hamiləliyə çox ötəri, məsuliyyətsiz yanaşırlar. Qadın bilməlidir ki, analıqdan öncə onun vəzifəsi dünyaya sağlam övlad gətirməkdir. Bunun üçün də müayinə olunmaq zəruridir. Bu, həm ananın, həm də doğulacaq körpənin sağlamlığı üçün vacibdir. Amma təəssüf ki, bir çox gənc xanımlarımızın tibbi savadı yoxdur. Tibbi savad o demək deyil ki, hər kəs tibbi elmlərə yiyələnməlidir. Burada söhbət adi tibbi-ginekoloji biliklərdən gedir, hansı ki, hər bir qadın bunları bilməlidir. Öyrənməyə cəhd etməlidir. İntellektual səviyyə də aşağıdır, maarifləndirmə zəifdir, zəruri biliklərə yiyələnmirlər, ancaq lazımsız, mənasız məsələlərlə beyinlərini doldururlar. Əlbəttə, ailənin də böyük rolu var. Ailələr gəlinləri, qızları gərək düzgün istiqamətə yönləndirsinlər. Mən iqtisadi çətinlikləri istisna etmirəm. Amma dediyim kimi, elə müayinələr var, pulsuzdur, dövlət müəssisələrində bu müayinələrdən keçmək mümkündür. Sadəcə, başısoyuq yanaşırlar, məsuliyyət daşımırlar.
Məlahət Rzayeva