Ata ilə dost olan qızların boşanma faizi çox aşağıdır

Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması


Fevralın 16-da Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin "Ailədaxili münaqişələrin yaranma səbəbləri və onların aradan qaldırılması yolları” mövzusunda keçirdiyi "dəyirmi masa”da ailə münasibətləri müzakirə olunub. Cəmiyyətin inkişafının ailənin sabitliyindən asılı olduğunu deyən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlının sözlərinə görə, cəmiyyət həmişə ailənin möhkəm qurulmasına çalışır.

Millət vəkili hesab edir ki, ailə inkişaf etdikdə ailə münasibətləri çoxplanlı olur. Ailə münasibətlərinə təsir edən bir çox amillərin olduğunu deyən A.Naxçıvanlı bu münasibətlərin korlanmasının cəmiyyətə birbaşa təsir etdiyini deyib.

"Dəyirmi masa”da iştirak edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova isə Azərbaycanda ailə modelinin bizim ən dəyərli sərvətimiz olduğu qənaətindədir. O hesab edir ki, Azərbaycanda güclü ailə siyasəti mövcuddur. Bütün bunlara baxmayaraq erkən nikahlar, boşanmalar və zorakılıq halları narahatedicidir.

Dövlət qurumlarının bu problemləri təkcə həll etmək iqtidarında olmadığını vurğulayan Komitə sədri deyib ki, bu məsələdə qeyri-hökumət təşkilatlarının və ictimaiyyətin rolu böyükdür: "Azərbaycanda təkmil qanunvericilik bazası var. Bu qanunların tətbiqi əsas məsələdir.

"Bəzən valideynlər komitəyə müraciət edirlər ki, uşaqları ilə bacara bilmədikləri üçün onları ayırsınlar. Görün hansı vəziyyətə çatmışıq. Biz bu məsələləri qaldırmalı, qanunvericilikdəki boşluqları aradan qaldırmalıyıq”- bu sözləri də H.Hüseynova söyləyib.

Komitə sədrinin dediyinə görə, bəzən atalar 15 yaşlı qızını oxumağa qoymur ki, ərə versin. Amma onlar düşünmürlər ki, bu yaşda uşaq ailə qurmaq qabiliyyətinə malik deyil: "Bu baxımdan biz ailələrdə psixoloqların olması məsələsini önə çıxarmışıq. Komitədə boşanmaların səbəblərini araşdırdıqda, görürük ki, burada problem sosial məsələlərlə bağlı deyil. Əksinə, kasıb ailələrdə biri-birinə dəstək daha çoxdur. Ailələrimizdə kişi və qadınların məsuliyyəti yavaş-yavaş sıradan çıxır. Düzdür, bizdə çox gözəl, nümunəvi ailələr də var. Amma bir çox ailələrdə məsuliyyət hissinin aşağı olduğunu da görürük”.

Bir müddət əvvəl sosial şəbəkələrdə qəribə hadisə ilə bağlı dərc olunan məlumat da ailə münasibətlərinin, uşaqların düzgün tərbiyəsinin ön plana çəkilməsinin növbəti dəfə qabardılmasına səbəb oldu. Psixoloqun 5 yaşlı uşağı valideyninin gözü qarşısında döyməsi haqqında paylaşılan status qısa zamanda demək olar ki, bütün mediada müzakirə olunmağa başladı.

Psixoloq Xatirə Səfərovanın yaydığı məlumatı elə olduğu kimi də təqdim edirik: 

"Bir valideyn 5 yaşlı oğlunun qız oyuncaqlarına meylini görüb, aparıb psixoloqa. Psixoloq isə valideynlərinin yanında uşağı vurub. Daha sonra məsləhət verib ki, uşağı hər gün döyün. Tapşırın ki, bir də qız oyuncaqları ilə oynasa, döyüləcək. Aparın cüdoya qoyun. Üzgüçülüyə qoymayın, qız kimi fiqurası olar. Peçenye, şirniyyat yeməyə qoymayın. Homoseksuallar şirniyyata meyilli olur. Əlinə rəngli qələm almağa imkan verməyin ki, rəsmə meyli olsun”.

Bu hadisə ilə bağlı "Şərq”ə danışan psixoloq Aytən Ələkbərova ailə münasibətlərinin idarə olunmasında, uşaqların tərbiyəsi ilə bağlı problemlər zamanı valideynləri psixoloq seçimində daha diqqətli olmağa çağırıb. A.Ələkbərova deyib ki, həssas yaş dövrünü yaşayan uşaqlara qarşı daha diqqətli olmaq vacibdir. Bəzən istər valideynlər, istər müəllimlər, istərsə də müraciət olunan mütəxəssislər həmin uşaqlarla düzgün rəftar edə bilmir: 

"Uşaqlarda yaş psixologiyasına nəzər salsaq görərik ki, 2-3 yaşından ilkin şəxsiyyətin formalaşması dövrü başlayır. Bu zamandan etibarən uşaqlarımız əvvəl müəllimlərlə ünsiyyətə başlayır. Həmin vaxtlarda uşaq müəllim tərəfindən hansısa basqı altında qalarsa, onun ilk problemi artıq bağçaya getmək qorxusundan yaranır. Bu, sonradan fobiaya keçə bilir. Artıq bu zaman valideyn səbəb axtarır ki, uşağı bağçaya getmək istəmir, ağlayır. "Eybi yoxdur anayam, oturum özüm uşağımı tərbiyə edim, öyrədim” -deyə düşünür. Amma analar hesablamalıdır ki, bu gün bağçaya getməyən uşağın istəyini yerinə yetirmək, onun birinci sinifdə yenidən müəllim qorxusunun baş qaldırmasına səbəb olur. Birinci sinif şagirdi isə artıq 6-7 yaş arasında olan uşaqlardır ki, həmin yaşda da ikinci şəxsiyyət dövrünün böhranı başlayır. Şəxsiyyətin formalaşmasının 3-cü böhranı isə yeniyetməlik dövrüdür. Bu böhranlar yaşanan yaş dövrlərində uşaqların bəziləri aqressiv olur, hər deyiləni qəbul etmir, ya da tamamilə özlərinə qapanırlar”.

Xanım psixoloq söyləyib ki, uşaqlarda valideynlərin görmədiyi tərəfi müəllim görür: 

"Yaponlardan misal çəkmək istəyirəm. Həmin yaş dövründə olan uşaqlarımız qaynar bir şeyə əlini vuranda biz deyirik, "cızzadı, olmaz əlini vurmaq”. Amma yaponlar deyir, "vur əlini, yansın”. Çünki onlar bilir ki, uşaqlar ancaq bu zaman bir də həmin qaynar əşyaya tərəf getməyəcək. Nəyi isə övladımıza icazə veririksə, bu o demək deyil ki, biz onun tərbiyəsini pozuruq. Əksinə, uşağı elə həmin yolla da tərbiyə edirik, nəinki qışqırmaqla, vurmaqla, söyməklə. Elə sözlər var ki, onları ümumiyyətlə, uşaqlarımıza qarşı işlətməməliyik. "Sən bunu bacarmırsan”, "sənlik deyil” kimi ifadələr kiçikyaşlı, məktəbli uşaqlara deyilməməlidir.

Mən Bakıda bir məktəbə dəvət almışdım. Orada rastlaşdığım uşaqlardan birinin problemi məktəbə getmək istəməməyi idi. Məlum oldu ki, başqa məktəbdə oxuyurmuş, evə yaxın olsun deyə, onu həmin məktəbə keçirdiblər. Uşaq isə 3 gün ağlayıb ki, məktəbə getməyəcəm. Valideyn düzgün seçimlə psixoloqa müraciət edib. Uşaqla bir az söhbət edəndə dedi ki, müəlliməmin sifətində insanı başa düşəcək sima yoxdur. Təsəvvür edin, 3-cü sinifdə oxuyan bir uşaq müəllimin hərəkətindən bu qədər təsirlənib. Deyir ki, mən əgər bir qaydada səhv etmişəmsə, müəllim "qızım, sən bunu səhv yazmısan” - deyib, başa sala bilər. Amma o, dəftəri mənim əlimdən alır, çiynimdən itələyib, uşaqlar içində təhqir edirsə, mən o məktəbə getmirəm. Güclə aparsanız, məktəbdən çıxıb, özümü maşının altına atacam. Baxın, 3-cü sinifdə oxuyan uşağın artıq özünü intihara hazır hiss etməsi, müəllimin onun şəxsiyyətinə toxunmasının nəticəsidir. Ona görə, dəfələrlə müəllimlərlə bu barədə söhbətlər aparırıq ki, şəxsiyyətə toxunmayın.

Uşaqlarla bu cür rəftarı təəssüf ki, tək müəllimlər etmir. Valideynlər də bəzən belə "tərbiyə metodlarına” əl atır. Orta məktəblərdə keçirilən kurikulum sistemi yeni olduğundan, əksər valideynlər övladlarının dərslərinə kömək edərkən, bu sistemdən anlayışı olmadığından müəllimədən dəstək istəyirlər. Uşaqlarına isə bu zaman yanlış şəkildə "onsuz da bacaran deyilsən” - deyə münasibət göstərirlər. Uşaq isə düşünür ki, zatən bu tapşırıqları etsəm də anam, atam mənə ümid etmir, deyəcəklər bacarmırsan. Nəticədə yaranan özgüvən problemi övladımızın gələcəyin uğurlu abituriyenti olmasına maneə törədir”.

Uşaqlarda əks cinsin hərəkətlərinə, istifadə etdiklərinə və həyat tərzinə meyilliliyin müalicə qaydalarından danışan A.Ələkbərova azyaşlıların bunları anlamadığını diqqətə çatdırıb. Xanım psixoloqun sözlərinə görə, ilkin olaraq valideynlər bu uşaqlarla ciddi məşğul olmalıdır:

"Uşaq homoseksuallığa meyillidirsə, bunu valideyn özü ilk olaraq hiss edəcək. Bundan sonra psixoloqa müraciətlər başlayır. Biz həmin uşağın çəkdiyi şəkildən, şəkli vərəqin hansı tərəfində çəkməyindən meyilli olub-olmadığını hiss edə bilirik. Amma uşaq homoseksuallığın nə olduğunu özü anlamır, bilmir. Həqiqətən elə uşaqlar var ki, onlarda hormon çatışmazlığı var. Belə uşaqları həm endokrinoloq, həm də psixoloq müalicə etməlidir. Çünki uşaq özündə gedən

prosesi anlamır ki, buna qarşı da nə isə edə bilsin. Bu, yeniyetməlik dövründə də baş qaldıra biləcək problemdir. Bəzi uşaqlar elə valideynlərin, anaların hərəkətlərindən bunu götürür. Ana bəzənir, kosmetikadan, ətirdən, lakdan istifadə edir, oğlan uşağı da bunları gördükdə istər-istəməz təsirlənir. Biri var ki, ana bunu övladına aşılaya ki, xanımlar özünə baxımlı olmalıdır, bu istifadə etdiklərim kişilərə aid deyil. Bir düşünün, iki televizor qoyulub, biri rənglidir, biri ağ-qara. Hansına meyl edərsiniz? Sözsüz ki, rəngli televizor diqqətimizi çəkər. Uşaqlarda da vəziyyət belədir, onlar da meyl edə bilərlər. Amma onlara başa salsaq, anlayarlar ki, bunlar qadınlara aid olan davranışlardır.

İkinci tərəfdən qadın əşyalarını istifadə etmə mərhələsinə gəldikdə isə mütləq valideynlərin nəzarəti olmalıdır ki, bunun qarşısı alınsın. Amma artıq bir xəstəlik formasındadırsa, ciddi addımlar atmaq lazımdır. Homoseksuallığa meyilli olan tanınmışlar var, həyatlarından razı görünürlər, amma zarafatlarında belə deyirlər ki, bu bizim aləmimizdir. Onlarla dərindən söhbət etdikdə baxırıq ki, necə göz yaşı tökürlər. Deyirlər ki, istəmədən bədənin tələbi ilə homoseksuallığa meyl ediblər. Bu artıq bir xəstəlikdir. Bəzən olur ki, uşağın yalnız psixoloqa ehtiyacı olur, lakin valideyn nevropatoloqa və ya başqa həkimə aparır. Həmin həkim isə verdiyi dərmandan sonra uşaqda aludəçilik yaranır, dərmanın təsiri keçdikdə yenidən onda bəzi proseslər başlayır. Həmin vəziyyət yetkinlik yaşında təzədən zərbə vurur və psixi problemlər yaranmağa başlayır. Artıq həkimə deyil, psixoloqa ehtiyac olur. Psixoloq həmin uşaqlarla söhbət etdikdə anlayır ki, əslində uşağın psixoloji vəziyyəti nədir”.

A.Ələkbərovanın sözlərinə görə, elə uşaq var ki, cinsi yetişkənlik dövründə bədənində gedən prosesi, neyləmək lazım olduğunu bilmir. Ona görə psixoloji gərginliyi də yaranır:

"Əvvəllər valideynlər uşaqları ilə aralarında müəyyən pərdəni saxlayırdılar. İndi də bir sıra valideynlər bu şəkildə davranır. Nəticədə uşaqlar cinsi yetişkənlik dövründə qorxuya düşür, həmin prosesi anlamır, onlarda xoşagəlməz təəssürat yaradır. Əslində isə ana ilə qız, ata ilə oğul arasında, daha fərqli tərəfdən, ata ilə qız arasında yaranan bağlar sağlam qurulsaydı, tam səmimi deyirəm ki, qızlarımız bədbəxt olmazdı. Pərdələr aradan qaldırılıb, onlar problemlərini hər iki valideyni ilə bölüşə bilsəydi, boşanmaların sayı bu qədər çox olmazdı. Amma qızlar atadan, qardaşdan qorxaraq, o stresslə anaya ürəyini açırsa, ana isə anlatmaq əvəzinə "gör oğlan hansı maşında gəlir”, "hansı marka telefon işlədir” kimi bəsit düşüncə sərgiləyirsə, həmin qızların aldanması da çoxalır. Elə bilirsiniz, 35-40 yaşında qadınlar aldanmır? Aldanırlar, elə həmin düşüncə ilə aldanırlar. Əgər bir qadın 40 yaşında aldanırsa, elə o qadının qızı da aldanmağa layiq olur. Amma ata ilə dost olan qızların ailələrinə baxdıqda, həmin qızların boşanmalarının azlıq təşkil etdiyini müşahidə edərik. Qızlarımızı elə tərbiyə edirik ki, onlar düşünür, ailə qurmağı atasına deyərsə, başı kəsiləcək. Bu da məhz intiharların artmasına gətirib çıxarır. Biz ata ilə qızın dostluğunu kənara çəkdikcə, bu səhvləri də təkrarlamaqda davam edəcəyik”.

Aysel Aslan

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür