Eldar Aslanov: “Yaxın vaxtlarda bu məsələ müzakirə olunacaq”
Məzahir Sultanov: “2-3 günə universitetimizdə yenidən əmək haqqı artımı ilə bağlı işlər aparılacaq”
Azərbaycan Dillər Universitetində (ADU) çalışan işçilərin və professor-müəllim heyətinin maddi rifahının yüksəldilməsi istiqamətində mühüm addım atılıb. Universitetin rektoru, professor Əfqan Abdullayev təhsil müəssisəsində eyni vəzifə və eyni elmi adlara malik olan əməkdaşların əmək haqlarında olan süni diferensiallaşdırmanın aradan qaldırılması məqsədi ilə əmr imzalayıb.
Əmrə əsasən universitet əməkdaşlarının əmək haqlarına yenidən baxılıb. 1 yanvar 2017-ci il tarixindən ştat cədvəlinə edilmiş dəyişikliyə əsasən rəhbər vəzifəni tutan işçilər istisna olmaqla inzibati idarəetmə və xidmətedici heyətdə çalışan işçilərin əmək haqqı təxminən 10 faiz artırılıb. Dəyişiklik nəticəsində ADU-da müəllimin əmək haqqında artım 50 manat, elmlər namizədi olan müəllimin əmək haqqında 200 manat, elmlər namizədi olan baş müəllimin əmək haqqında 150 manat, dosent-elmlər doktorunun əmək haqqında 200 manat, professor-elmlər doktorunun əmək haqqında isə 250 manat təşkil edir.
ADU-da əmək haqqının artırılması digər ali təhsil müəssisələrində eyni prosesin baş verib-verməyəcəyi ilə bağlı suallar meydana çıxarıb. Azərbaycan Turizm və Menecment Universitetinin rektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Eldar Aslanov "Şərq”ə açıqlamasında Turizm Universitetində də maaşların artımı məsələsinin gündəmdə olduğunu bildirib:
"Universitetimiz müntəzəm olaraq müəllimlərin sosial müdafiəsini xüsusi diqqətdə saxlayır. 12 illik fəaliyyəti dövründə müəllim heyətimizin maaşı ən cəlbedici əmək haqqı olan ali məktəblərdən biri kimi fərqlənib. Bilirsiz ki, hazırda rektor səlahiyyətlərini icra edirəm və universitet normal fəaliyyətini davam etdirir. Düşünürəm ki, yaxın vaxtlarda bu məsələ bizim tərəfimizdən də müzakirə olunacaq. Bilirsiz ki, manat müəyyən qədər öz alıcılıq qabiliyyətini bir neçə il ərzində itirib. Bu, aktual bir məsələdir. Səhv etmirəmsə, universitetimizdə sonuncu dəfə əmək haqqı təxminən bir il bundan əvvəl 10 faiz artmışdı. Kollektivin geniş müzakirəsindən sonra maliyyə imkanlarımız nəzərə alınacaq, Mədəniyyət və Turizm Nazirliyi rəhbərliyinin qərarı ilə tədbirlər yerinə yetiriləcək”.
Bakı Dövlət Universitetinin (BDU) rektorunun maliyyə məsələləri üzrə müşaviri, iqtisad elmləri üzrə fəlsəfə doktoru Məzahir Sultanov da yaxın zamanda çalışdığı təhsil ocağında maaşların artacağına dair fikirlər səsləndirib. Onun sözlərinə görə, BDU Azərbaycan təhsilinin flaqmanı olaraq əmək haqqının qaldırılması, ştat cədvəlindəki dəyişikliklər və differensiyasiyalı əmək haqqının ödənilməsini tətbiq edib:
"Elə vaxt olub ki, ildə iki dəfə əmək haqlarının artımı ilə ciddi məşğul olmuşuq. Hazırda hər bir kafedrada differensiyasiya ilə əmək haqqı artımı prosesi başlayıb və komissiyada işlər gedir. Maaşların artımı olacaq. Sadəcə Təhsil Nazirliyi tərəfindən smetamızın təsdiq edilməsini gözləyirik. Nazirlər Kabinetinin qərarı ilə hər tələbəyə çəkilən xərclər var. Bu vəsait də açıqlanacaq. Bütün bu məsələlərə dair sənədlər toplum şəkildə 2-3 günə əlimizdə olduqdan sonra universitetimizdə yenidən əmək haqqı artımı ilə bağlı işlər aparılacaq. Bununla bağlı rəhbərliyin də müəyyən fikirləri var. Lakin artımın nə qədər olacağına dair fikir səsləndirmək hələlik mümkün deyil. Çünki bununla bağlı komissiya yaradılacaq. Yəqin ki, maaşların artımında üstünlük professor və müəllim heyətinə veriləcək”.
Yeganə Bayramova