"Məktəb direktorunun pul yığmasının bir adı var - Korrupsiya"




"Sumqayıt şəhər 21 saylı orta məktəbin direktorunun əməli qanunsuzluqdur”.

Bunu Sherg.az-a adıçəkilən məktəbin direktoru İbrahimov Vladim Məhəmməd oğlunun təhsil ocağının xərclərinin könüllü olaraq valideynlərin öz öhdəsinə götürdüyünü təsdiqləyən akt hazırlayıb valideynlərə imzalatmasına münasibət bildirərkən təhsil eksperti Nabatəli Qulamoğlu deyib. 

O bildirib ki, şagirdlərin testləri, bilik qiymətləndirmə vərəqləri, jurnalları və s. üçün Təhsil Nazirliyindən "dəftər xərcləri” deyilən maliyyə ayrılır. Bu vəsait isə bütün məktəbləri təmin edir:

"Nazirliyin ayırdığı pul məktəblərin həmin xərclərinə kifayət edir. Əgər direktor akt adı ilə, müxtəlif bəhanələrlə, qanunsuzluqla şagirdlərdən, müəllimlərdən pul toplayırsa, bunun bir adı vardır – korrupsiya. Korrupsiya isə qanunla qadağan olunduğundan mütləq şəkildə həmin direktor məsuliyyətə cəlb olunmalıdır. Onun arxası hansı dərəcədə yüksəkdir, bilmirik. Bu gün məktəb direktorlarının icra başçıları tərəfindən təyin olunması mənfi nəticələr verir. Məhz onların arxasında icra başçıları durduğuna görə, bu cür oyunlara əl atırlar. Əgər onlar birbaşa Təhsil Nazirliyinə rəsmi tabe edilsələr, nazirlikdən ehtiyatlanarlar. Hesab edirəm ki, bu direktor cəzalanmalıdır, tək vəzifədən çıxarılmaqla deyil, cinayət məsuliyyətinə cəlb olunmalıdır. Qoy, başqalarına da dərs olsun”.

Qeyd edək ki, Sumqayıt şəhər 21 saylı orta məktəbin direktoru valideynlərdən rüşvət toplamaqda ittiham olunur. Məlumata görə İbrahimov Vladim Məhəmməd oğlu məktəbdə keçirilən kiçik summativ qiymətləndirmə, böyük summativ qiymətləndirmə, formativ qiymətləndirmə və. s. üçün testlərin çıxarılmasına lazım olan bütün xərcləri könüllü olaraq valideynlərin öz öhdəsinə götürdüyünü təsdiqləyən akt hazırlayıb və valideyn komitəsinin bütün üzvlərinə imzalatdırır.

Aysel Aslan