Moskvadakı Azərbaycan diasporası ittihamı rədd edir: "Layihə tam həyata keçirilib"




Rusiyanın Moskva vilayətində fəaliyyət göstərən Azərbaycanlıların regional milli-mədəni muxtariyyətinin sədri Qalib Ağayev hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

 O, pul mənimsəməkdə ittiham olunur. 2015-ci ildə Qalib Ağayev 600 min rubl büdcə vəsaitini qrant kimi cəlb edərək, "Rusiya türkiyəli və azərbaycanlı məktəblilərin gözü ilə” layihəsini həyata keçirəcəyini bildirib. 

Həmin layihə çərçivəsində o, Rusiya Təhsil Nazirliyinin "Rus dünyası” fondunun ayırdığı pul hesabına Azərbaycandan və Türkiyədən məktəblilərin Rusiyaya dəvət edilməsini və yeniyetmə qonaqlara Rusiya "Qızıl Halqası”na daxil olan şəhərləri göstərməli idi. Lakin mənbənin bildirdiyinə görə, bu vəsait ayrılsa da, layihə həyata keçirilməyib və Qalib Ağayev sözügedən pulları mənimsəyib. Məsələni dəqiqləşdirmək üçün sözügedən qurumla əlaqə saxladıq. 

Azərbaycanlıların Moskvadakı Regional Milli-Mədəni Muxtariyyətindən "Şərq”ə verilən məlumata görə, diaspora təşkilatı "Rusiya Dünyası” Fondunun ayırdığı qrant sayəsində 2015-ci ildə "Rusiya türkiyəli və azərbaycanlı məktəblilərin gözü ilə” layihəsini tam həyata keçirib

"Həmin tədbir baş tutub. Türkiyə və Azərbaycandan Rusiyaya gəlmiş 20 nəfərlik məktəbli qrup mükafatlandırılıb. Mükafatçılar söz verildiyi kimi Moskvanın "Qızıl Üzük” və digər dairələrində  olublar. Lakin bununla bağlı maliyyə hesabatı tam təqdim edilməyib. Nəticədə "Rusiya Dünyası” Fondunun təşəbbüsü ilə Qalib Şəmsəddin oğlu Ağayevə cinayət işi açılıb. Hazırda Q.Ağayev ev həbsindədir. İstintaq gedir, işin nəticəsi tezliklə aydınlaşacaq”.

İsmayıl