“Ermənilərin əleyhinə dünya toplumu formalaşdırmalıyıq”
Faiq Səfərov: “Bizim texnologiya ilə az zamanda torpaqlarımızı qaytarmaq mümkündür”
Dünyada ilk Azərbaycan Milli Diasporasının yaradıcısı, "Latviya-Azərbaycan” kültür assosiasiyasının rəhbəri Faiq Səfərov növbəti dəfə "Şərq”in qonağı olub. Azərbaycana hər səfərində redaksiyamıza baş çəkməyi özünə borc bilən Faiq Səfərov ötən müddət ərzində rəhbərlik etdiyi təşkilatın gördüyü mühüm işlərdən danışıb, diaspora-lobbiçilik fəaliyyəti ilə bağlı maraqlı açıqlamalar verib.
Məlumat üçün deyək ki, "Latviya-Azərbaycan” kültür assosiasiyası 1988-ci il martın 21-də yaradılıb. Əslində bu təşkilatın bünövrəsi 1948-ci ildə məşhur rəssam və jurnalist, Faiq Səfərovun əmisi Aydın Səfərov tərəfindən Riqada qoyulub...
- Faiq müəllim, Bakıya sonuncu səfərinizdən xeyli vaxt keçib. Bu müddət ərzində Latviyada hansı işləri görmüsüz?
- Əvvəla onu deyim ki, mən 50 ilə yaxındır Latviyada və Avropanın digər ölkələrində jurnalist kimi fəaliyyət göstərirəm. Ona görə də Vətənə hər gəldiyimdə mütləq qəzet redaksiyalarına baş çəkirəm. "Şərq”ə gəlmək mənim üçün çox xoş olur. Bu ölkə mənim Vətənimdir. Azərbaycan atam, Latviya isə anamdır. Hər gəlişimdə Azərbaycanın bir az daha inkişaf etdiyini görürəm. Amma istəyirik ki, Vətənimiz daha güclü, qüdrətli olsun. Ona görə də hər dəfə yeni təkliflərlə gəlirik. Ölkəmizə əlavə vəsait cəlb etməyə çalışırıq. Bildiyimə görə, hazırda Azərbaycanın dövlət büdcəsi 9.5 milyard dollardan çoxdur. Latviyanın dövlət büdcəsi isə 6.5 milyarddır, amma Avropa Birliyinin 9 milyardlıq yardımı ilə bu ölkənin büdcəsi 17-18 milyard dollara çatır. Biz istəyirik ki, Azərbaycana da əlavə pullar gəlsin. Məqsədimiz budur. Ümumiyyətlə, müsbət Avropa ənənələrini burada tətbiq etmək istəyirik. 18 yaşımdan Riqaya getmişəm və 50 ildən çoxdur orada yaşayıram.
Hər sahədə aktiv fəaliyyət göstərmişəm, müxtəlif idarələrdə işləmişəm, ictimai fəaliyyət qurmuşam. Nəhayət, 1988-ci ildə dostlarla "Latviya-Azərbaycan” kültür assosiasiyasını yaratmışıq və öz radiomuzu qurmuşuq. 1990-cı ildə Riqada öz hesabımıza böyük bir festival keçirtmişik. Gördüyümüz işlərlə Latviya və Avropanın böyük bir hissəsində erməni təbliğatının qarşısını almışıq. Onları darmadağın etmişik. Yurmala adlı kurort şəhərində ermənilərin təbliğatı güclü idi. Çünki həmin şəhərə dünyanın müxtəlif ölkələrindən insanlar gəlirdi. Ermənilər bütün SSRİ-nin oxuduğu "Yurmala” qəzetində azərbaycanlılar əleyhinə ağıllarına gələni yazırdılar. Biz onlarla daim mübarizə aparmışıq və insanlara həqiqəti göstərməyə nail olmuşuq. Fəaliyyətimizdən sonra ermənilər ifşa olub. Bugünə qədər də düşmənlə mübarizə aparırıq, onların təbliğatına qarşı çıxırıq.
- Xarici ölkələrdə fəaliyyət göstərən, lakin ciddi tənqidlərə məruz qalan diaspora təşkilatlarımızın işini necə qiymətləndirirsiz? Sizcə, erməni lobbisi hansı məqamlara görə bizi üstələyir?
- Söhbət ondan getmir ki, erməni diasporası bizdən güclüdür. Əksinə, biz hər baxımdan onlardan güclüyük. Beynəlxalq konfranslarda ermənilər məni görən kimi qaçıb gizlənməyə yer axtarırlar. Çünki bilirlər ki, bizimlə baş-başa gələ bilməzlər. Onların əllərində heç bir fakt, sənəd yoxdur, bütün danışdıqları saxtadır. Diaspora fəaliyyətimizə gəldikdə isə, əlbəttə, dövlətimiz güclüdür, diplomatik korpuslarımız yaxşı işləyir. Düzdür, hərdən təcrübəsiz, işi bilməyən səfirliklərimiz olur. Biz onlarla paralel işləyərək boşluqları doldururuq. Təəssüflər olsun ki, xarici ölkələrdə diaspora adı altında işləyənlərin çoxu həqiqi missiyalarından başqa bütün işləri görürlər. O vaxtlar Riqada "Latviya-Azərbaycan” kültür assosiasiyasından başqa təşkilat yox idi.
Tək qurumla bütün azərbaycanlıları bir yerə yığa bilirdik. Bu gün Latviyada 17 milli diaspora təşkilatımız var. Ancaq onların hamısı bizneslə məşğul olurlar, biri qoz satır, digəri fındıq. Başqası isə bazarlarda "obşak” saxlayır. Diaspora fəaliyyətini dərk edə bilməmişik. Diaspora bir ideologiyadır, siyasətdir. Rəsmi qurumlarla, təşkilatlarla bu işi görmək olmaz. Ancaq ictimai fəaliyyətlə, tariximizi, mədəniyyətimizi mükəmməl şəkildə bilməklə bu işi həyata keçirmək mümkündür. Elə şeylər var ki, rəsmi orqanların əli və ya dili ilə onları etmək mümkün olmur. Çünki dövlətlərin bir-biri ilə qarşılıqlı əlaqələri, münasibətləri var. Amma qeyri-rəsmi, yəni dövlətə bağlılığı olmayan təşkilatlar sərbəst fəaliyyət göstərdikləri üçün istədikləri məsələyə müdaxilə edə bilirlər. Bu mənada bizim əlimiz, qolumuz daha uzundur.
- Bu il Xocalı soyqırımının ildönümü ölkə daxilində və bir neçə xarici ölkədə tədbirlər səviyyəsində qeyd olundu. Çox güman ki, sizin təşkilat da faciə ilə bağlı mühüm işlər görüb. Soyqırımın tanıdılması istiqamətində aparılan təbliğatı necə dəyərləndirirsiz?
- Xocalı hadisəsini əvvəlcə özümüz ciddi analiz etməliyik, öyrənməliyik. Uzun illərdir alimlər, tarixçilər, siyasətçilər deyirlər ki, Xocalı qətliamını ermənilərlə birgə SSRİ-nin 366-cı alayı törədib. Axı sovet imperiyası 1991-ci ildə dağılıb, Xocalı hadisəsi isə 1992-ci ildə baş verib. Deməli, 366-cı alay SSRİ-yə yox, birbaşa Rusiya Federasiyasına aid idi. Həqiqətləri gizlətməklə uğurlu təbliğat aparmaq mümkün deyil. Özümüzü aldatmaqla məşğuluq. Yarımçıq həqiqət üzərindən keyfiyyətli iş qurmaq olmaz. 2007-ci ildə Bakıda bir oteldə Xocalı hadisəsinin 15 illiyi qeyd olunurdu. O zaman ümumi prosesə nəzər yetirmək imkanım oldu. Tədbir vaxtı zala Xocalı qətliamı haqqında dərc olunmuş cild-cild kitablar gətirdilər və bizə təqdim etdilər. Axı bu teatr kimə lazımdır, məgər indi kitaba baxan var? Kitaba o qədər xərc çəkənə kimi müasir dövrün yeniliyi olan internet resurslarına maliyyə yatırmaq daha məqsədəuyğundur.
- Hesab edirsiz ki, təbliğat işində köhnə vasitələrdən əl çəkməliyik?
- Əlbəttə. Təbliğatın yeni texnologiyalarından istifadə etməliyik. Xocalı faciəsi haqqında ən mühüm kadrları Milli Qəhrəman Çingiz Mustafayev çəkib. Ondan sonra çəkilən uydurma bədii filmlər nəyə lazımdır?! Biz dünyaya Çingizin kadrları ilə çıxmalıyıq. Deyirlər ki, ABŞ-da Xocalı soyqırımını tanıyan ştatların sayı artır. Lap yaxşı, ona sözüm yoxdu. Ancaq vurğulamaq lazımdır ki, 1991-ci ildən, yəni Cənubi Qafqaz ölkələri müstəqil olduqdan sonra Amerika işğalçı Ermənistana milyardlarla, təcavüzə uğrayan Azərbaycana isə yüz minlərlə dollar məbləğində maddi yardım göstərib. Belə vəziyyətdə xaricdəki diasporamızın fəaliyyətini uğurlu saymaq olarmı? Rusiyada 400-500 "alverçi” diaspora təşkilatlarımız fəaliyyət göstərir. Siyasi fəaliyyəti biznesə çeviriblər. Bazarlarda, kafelərdə diaspora işi qurmaq olmaz. Lobbiçiliyi siyasət üzərində qurmalıyıq. "Latviya-Azərbaycan” Əməkdaşlıq deputat qrupunun sədri Hosans Abu meri əslən ərəbdir və onun nə iş gördüyü heç kimə məlum deyil. Sadəcə protokola uyğun olaraq ora-bura gedir, vəssalam. Protokollarla lobbi siyasəti yürütmək mümkünsüzdür. Lobbiçilik əməli fəaliyyətdir, ictimai proseslərdə aktiv olmaqdır. Hərbi qoşunlar güc ordusu olduğu kimi, lobbiçilər də fikir ordusudur.
- Latviya ilə siyasi əlaqələrimiz necədir?
- Normaldır. Bildiyimə görə, yaxın günlərdə Latviya Prezidenti Azərbaycana səfər edəcək. İndiyədək bir neçə dəfə Latviya Prezidentinin komandasında Azərbaycana gəlmişəm. Ona görə bu dəfə onlara müraciət etdim və səfərə qatılmaq istədiyimi bildirdim. Lakin Prezident Aparatından mənə cavab gəldi ki, "hörmətli Faiq bəy, təəssüflər olsun ki, sizin müraciətə müsbət cavab verə bilməyəcəyik, çünki bu, işgüzar səfərdir və burada jurnalistlər olmayacaq”.
- Azərbaycanın ən mühüm problemi Dağlıq Qarabağ münaqişəsidir. Prosesləri kənardan izləyən şəxs kimi məsələnin həllini necə görürsüz?
- Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı təşkilat olaraq yeni texnologiya hazırlamışıq. Münaqişə 26 ildir həll oluna bilməyib. Bu işlə məşğul olduğunu iddia edən ATƏT-in Minsk Qrupunun mənasız fəaliyyəti hamıya bəllidir. Həmsədrlər problemin nədən yarandığını bilmirlər, maraqlanmırlar. Onların məsələni həll etmək kimi bir niyyəti yoxdur. Bizim yaratdığımız texnologiya ilə az zamanda heç bir Azərbaycan əsgərinin burnu qanamadan torpaqlarımızı qaytarmaq mümkündür. Əslində bununla bağlı lazımi yerlərə müraciət etmişik, ancaq təəssüflər olsun ki, hələ maraqlanan olmayıb.
- Hazırladığınız texnologiya nədir, münaqişəni necə həll etməyi düşünürsüz?
- Bir neçə detalı açıqlaya bilərəm. Bir müddət əvvəl Avropa Parlamentində tanınmış deputatlardan bir neçəsi mənə yaxınlaşıb dedilər ki, "biz sizi yaxşı başa düşürük, erməni tayfası artıq bizi də bezdirib. Gəlin, birləşək və erməniləri həm Avropadan, həm də Qafqazdan birdəfəlik qovaq”. Biz müharibədən yox, məhz belə üsullardan istifadə etməliyik. Ermənilərin əleyhinə dünya toplumu formalaşdırmalıyıq. Digər tərəfdən çalışıb Azərbaycana Nobel sülh mükafatını gətirməliyik. Yəni daha təsirli vasitələrə əl atmalıyıq.
İsmayıl