"Müəllim şagirdi qorxudur, valideyn də borc tapıb,hədiyyə alır" - Diqqət




"Müəllim təşəbbüs göstərsə belə, valideyn buna qoşulmasa, məktəbdə pul yığılması baş alıb getməz”.

Bunu Sherg.az-a Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyevanın "Məktəblərdə pul yığımlarının təşkilatçısı valideynlərdir" iddiasını dəyərləndirərkən  Azad Müəllimlər Birliyinin sədri, təhsil eksperti  Məlahət Mürşüdlü deyib. 

O bildirib ki, həqiqətən də bayramlarda, hər hansı tədbirlərin təşkili ilə bağlı təşəbbüskar çox hallarda valideynlər özləridir:

"Olur ki, valideynin biri ortaya düşür və müəllimə hansısa məqsədlə, üzünü xoş göstərmək, ya da övladına müəllimin daha yaxşı davranmasını təmin etmək üçün bunları həyata keçirir. Bunu təmiz, mənəvi dəyərlərimizə uyğun hal kimi dəyərləndirmirəm. Bir məsələnin ki, arxasında məcburiyyət, pul toplama durur, bu saf təmiz niyyətlə həyata keçirilən proses ola bilməz. Burada dediyim kimi valideynlər hansısa məqsədlə prosesə qoşulur, ya təşəbbüs göstərirsə, bu düzgün hal deyil. Bəzi müəllimlərimiz var, valideyni çağırır ki, nə isə təşkil edin. Amma valideyn buna dəstək olmamalıdır, çəkinməlidir. Bizim valideyn komitələri bu işə qol qoyur, sonradan isə məktəbdə rüşvət var deyib, hay-həşir salırlar”.

Bütün bunlara rəğmən, valideynin və ya şagirdlərin çox sevdiyi müəllimə nə isə hədiyyə etməsinin əleyhinə olmadığını deyən M. Mürşüdlünün sözlərinə görə, şagird və ya valideyn hansısa müəllimi çox sevirsə, ona hörmətini ifadə etmək istəyirsə, nəysə hədiyyə edə bilər:

"Bu, bir gül buketi, kitab kimi əşyalar ola bilər. Ancaq bu hədiyyə dəyəri yüksək olan hədiyyələr, qızıl, gümüş, müəyyən məbləğdə pul səviyyəsində olmamalıdır. Təbrikləri, bayramlarımızı qeyd etməyi eybəcər formada deyil, özümüzə xas şəkildə təşkil etməliyik. Elə olmalıdır ki, hədiyyəni alan müəllim də razı qalsın, valideynin özü də. Ancaq bu güc tətbiq etməklə, şagirdi qorxutmağa çalışmaqla, başqa vasitələrlə edilməməlidir. Müəllimin şagirdə münasibətinin dəyişməsindən çəkinən valideynlər, məcburən ordan-burdan bəlkə də borc alır, hədiyyəni verir, sonra isə narazılıq edir”.

Qeyd edək ki, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva məktəblərdə pul yığılması ilə bağlı şikayət daxil olsa, dərhal reaksiya veriləcəyini deyib. M. Vəliyeva bildirib ki, bu işlərin təşkilatçısı elə valideynlər özləridir.

Aysel Aslan