"Sarkisyanla Olland işğalı əbədiləşdirmək istəyir"





"Ermənilərin status-kvonu saxlamaq planını pozmaq üçün mütləq gücümüzü göstərməliyik”.

Bunu Sherg.az-a Fransa prezidenti Fransua Olland və Ermənistan prezidenti Serj Sarkisyan arasında görüşün nəticələrindən danışarkən millət vəkili Elman Məmmədov deyib. 

O bildirib ki, prezidentlərin görüş zamanı Dağlıq Qarabağ probleminin həlli ilə bağlı müzakirələrindən ədalətli nəticə gözlənilmir:

"ATƏT-in Minsk qrupunda təmsil olunan Fransanın mövqeyi tarixən məlumdur. Son 20-25 ildə daha qabarıq şəkildə onun ermənipərəstliyi sərgilənir. Fransadan mövqeyi ədalətli olsaydı, bu illər ərzində həmin dövlət cinayətkar quruma, işğalçı Ermənistana qoşunlarını Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarmalı olduğunu qəti şəkildə bəyan edərdi. Ancaq bu deyilmədiyindən görüşün nəticələri də səmərəsiz olacaq.

S.Sarkisyan Fransaya "dilənməyə” gedib. Həmin ölkədəki erməni cəmiyyətlərindən, lobbidən seçkiqabağı pul yığmaqla bərabər, onlardan siyasi dəstək alıb, keçiriləcək seçkilərdə özünün qələbəsini təmin etməyə çalışır. Mətbuat Parisdə S. Sarkisyanın F. Ollandla Qarabağla bağlı müzakirə apardığını dərc edib. Onlar bu problemə toxunduqda yalnız torpaqlarımızın işğal altında saxlanmasını əbədiləşdirməyi, status-kvonu qoruyub saxlamağı danışır. Onların müzakirəsindən xeyirli nəticə gözləmək mümkün deyil”.

Qeyd edək ki, Parisdə Fransa prezidenti Fransua Olland və Ermənistan prezidenti Serj Sarkisyan arasında görüş keçirilib. Məlumata görə tərəflər ikitərəfli münasibətlər, beynəlxalq vəziyyət və Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə ediblər.

Aysel Aslan