"İran daha çox Ermənistanın mövqelərini müdafiə edir"




"Azərbaycan müdafiə nazirinin İran səfərində müsbət məqamlar oldu”.

Bu barədə Sherg.az-a hərbi ekspert Üzeyir Cəfərov danışıb. Müsbət məqamlar sırasında İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxaninin "İran Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir” bəyanatını qeyd edən Ü.Cəfərov bunun çox önəmli məsələ olduğunu söyləyib:

"Onsuzda onlar diplomatların dili ilə bu sözləri deyirdilər. Amma Ali Milli Təhlükəsizlik Şurasının sədrinin bunu dilə gətirməsi yaxşı haldır. Buna rəğmən İran tərəfi birbaşa ad çəkməsə də, digər ölkələrin regionda rolunu qeyd etdi. Onun sözlərindən belə çıxır ki, İran ikitərəfli əlaqələrdə başqalarının, xüsusilə Amerikanın iştirakı olmasını istəmir”.

Ekspert bildirib ki, digər məqam isə İranın Azərbaycanla əməkdaşlıqda maraqlı olmasıdır:

"Amma təəssüf ki, Dağlıq Qarabağ məsələsi ilə bağlı İranın mövqeyi yenə də daha çox Ermənistanı qane edən səviyyədədir. Bu, nə qədər kobud səslənsə də, hesab edirəm ki, İran daha çox Ermənistanın mövqelərini müdafiə edir. Bu da, bir sıra faktlarla özünü göstərir. İran bu münaqişənin həllində çox böyük rol oynaya bilərdi. Amma təəssüf ki, Ermənistanın maraqlarını daha çox təmsil edir, ona dəstək olur. Bu faktdır, hazırda bunu inkar edə bilmərik.

Amma ümumilikdə isə bu səfər Azərbaycan üçün yadda qalan olacaq. Azərbaycan İranla müxtəlif sahələrdə əməkdaşlıq edəcək. Xəzər dənizində, quruda və suda iri əməkdaşlıqlardan söhbət gedir. Ona görə, nazirin bu səfərini uğurlu saya bilərik”.

Qeyd edək ki, İranda rəsmi səfərdə olan Azərbaycan müdafiə naziri Zakir Həsənovla görüşdə İran müdafiə və Silahlı Qüvvələrə dəstək naziri Hüseyn Dehqan iki ölkə arasındakı münasibətlərdən danışıb. H. Dehqan "Xarici amillərin Azərbaycan və İran arasında hərbi əməkdaşlıq prosesini pozmasına icazə verməməliyik” –deyə əlavə edib.

Aysel Aslan