BDU-nun dosentinə "pul atan"a 10 İL HƏBS




Bakı Dövlət Universitetin dosentinə və digər şəxslərə qarşı dələduzluqda təqsirləndirilən 1968-ci il təvəllüdlü Əmrahov Mahir Həsən oğlunun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən məhkəmə prosesində hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən Mahir Əmrahov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, M.Əmrahovun dələduzluq etdiyi şəxslərdən biri Bakı Dövlət Universitetinin fəlsəfə üzrə dosenti Rəcəbəli Əliyev olub. Rəcəbəli Əliyev bacısının Maştağada olan 48 sot torpaq sahəsinin sənədləşdirilməsi üçün 14 min 500 manat verib.
Digər zərərçəkmiş dosent Nazim Ağayevdir. O, 7950 manat verərək Nərimanov rayonundakı mağazasının sənədləşdirilməsini istəyib.
Digər zərərçəkmiş Tahir Rzayev isə Ramanada olan torpaq sahəsinin sənədləşdirilməsi üçün Mahur Əmrahova 7845 manat verib.
Zərərçəkmiş Nizami Məmmədov isə Nizami rayonunda olan "moyka"nın sənədləşdirməsi üçün 2 min manat verib.
Təqsirləndirilən şəxs verdiyi vədlərə əməl etməyərək dələduzluq edib.